“Aranda Kino Günləri” layihəsinin birinci mərhələsi başa çatıb

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) artıq iki ildən çoxdur ki, keçirilən “Bölgələrdə Kino Günləri” layihəsi Aran bölgəsində davam etdirilib.

 

İttifaqdan AzərTAC-a bildirilib ki, “Aranda Kino Günləri” başlığı altında keçirilən birinci mərhələdə Yevlax, Ucar, Zərdab, Ağdaş və Göyçay rayonlarında rejissor Mirsadıq Ağazadənin “Eviniz abad”, Aydın Aslanın “Aktyor”, Qulu Əsgərovun “Mən burdayam, İlahi!”, Emin Əfəndiyevin “Tənha insanın monoloqu” tammetrajlı bədii filmləri, Qulu Əsgərovun “Hasar”, Ruslan Ağazadənin “Balaca”, Orxan Ağazadənin “Oturacaqlar”, Teymur Qəmbərovun “Quxuroba” qısametrajlı bədii filmləri və Aynur Kazımovanın “Unudulmuş arzular”, Pərviz Həsənovun “Uşaqlıq fotosu” sənədli filmləri tamaşaçılara təqdim olunub. Nümayişlər Yevlax Şəhər Yaradıcılıq Evi, Ağdaş, Ucar, Zərdab, Göyçay rayonlarının Heydər Əliyev mərkəzlərində baş tutub. “Eviniz abad” filminin Göyçaydakı nümayişində rejissor Mirsadıq Ağazadə də iştirak edib və tamaşaçıların suallarını cavablandırıb.

 

“Aranda Kino Günləri” layihəsi təkcə rayon mərkəzlərini deyil, kəndləri də əhatə edib. Belə ki, Yevlaxın Aran qəsəbəsinin Mədəniyyət Evində, Ağdaşın Orta Ləki Kənd Mədəniyyət Evində kənd sakinlərinə yeni Azərbaycan filmləri ilə tanış olmaq imkanı yaradılıb. Azyaşlı tamaşaçıların da nümayişlərə böyük marağını nəzərə alan AKİ, bu dəfə proqrama Şamil Nəcəfzadənin “İthaf”, Elçin Hami Axundovun “Güzgü”, Vahid Talıbovun “Lağım” və “Arzular…arzular” animasiya filmlərini də daxil edib.

 

Əvvəlki illərdə olduğu kimi, bu dəfə də bölgə sakinləri layihəyə böyük maraq göstərib, nümayişlərdən sonra baş tutan müzakirələrdə filmlərə münasibətlərini, fikirlərini həvəslə bölüşüblər.

 

Xatırladaq ki, “Aranda Kino Günləri”nin ikinci mərhələsi Mingəçevir şəhərində planlaşdırılır.

 

 “Ədəbiyyat və incəsənət”

(06.05.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.