“Ədəbiyyat və incəsənət” portal Cavid Aslanovun qeydlərini təqdim edir.
Federiko Fellini ölümündən iki gün əvvəl bu sözləri demişdi: “Kaş bir də aşiq olsaydım!”
Mən, açığı, heyrətə gəldim! Ölümün astanasında olan bir insan yenidən sevmək, yerdən ucalmaq, tabe olmaq istəyinə tabe olmaq, ruhunda orkestrin musiqisini eşitmək istəyirdi… O, qadından danışmırdı, demək istəyirdi ki, sevgi — həyatın sehrli anlarından biridir.
Aşiq olanda, sadəcə insan olmaqdan çıxırsan, bir ətirə çevrilirsən. Yerimirsən, sanki havada süzürsən. Bax, bu vurğunluq halı həyatın ən vacib halıdır. Və fərqi yoxdur, nəyə vurğunsan — qadına, işə, dünyaya, həyata…
Sevgi — nə sevinci, nə də kədəri, nə mükafatı, nə də sınağı ifadə edir, bu onların hamısının birləşməsidir — nağıllar aləminə səyahət, kəşf olunacaq sirrə aparan bir cığırdır. Sevgi həmişə keçib gedir, hər şeyin sonu olur. Amma bir hal digərinə çevrilir və bu yeni hal vurğunluqdan da güclü hiss ola bilər.
Bu gün evliliklər uzunömürlü deyil və keçmiş aşiq insanlar böyük bir kəşfdən məhrum qalırlar — birgə ölümə doğru əl-ələ getməyin necə gözəl olduğunu başa düşməkdən. Çoxlarına elə gəlir ki, yeni münasibətlər daha güclü hisslər gətirəcək. Bu belə deyil.
İtalyan dilində bir söz var, onu başqa dillərə tərcümə etmək mümkün deyil — “volere bene”. Sözbəsöz tərcüməsi “yaxşı istəmək”dir. “Amare” — sevgi deməkdir, amma “volere bene” — bir insana qarşı elə bir münasibətdir ki, sənin üçün ondan yaxın insan yoxdur. “Amare” fiziki həzz üzərində qurulub. Yer üzündəki ən güclü hiss — “amare”nin “volere bene”yə çevrilməsidir. Dünyada bundan daha güclü hiss yoxdur. Bu hiss yalnız birlikdə keçən illərlə yaranır və bu illər etibarı itirməməlidir. Belə uzun münasibətin itkisi sevginin və ya fiziki həzzin itkisindən daha faciəlidir.
“Volere bene”nin itkisi — əsl dərin tənhalıq, tam bir boşluqdur..
Böyük bir “volere bene” Federiko Fellini və Culietta Mazina arasında da vardı. Dünyadakı bütün qadınlar Fellinini sevirdi, amma onun son jesti Culiettaya olan sevgisinin həqiqi himni oldu — demək olar ki, iflic olmuş halda klinikadan qaçdı, çünki Culiettanın Romadakı xəstəxanada ölüm ayağında olduğunu eşitmişdi. Beş yüz kilometr yol qət etdi və onun yanına uzandı.
Fellini öldükdən sonra Culietta da yaşamadı.
“Ədəbiyyat və incəsənət”
(01.05.2025)