“Məhşər Divanı: YALANIN 17 ANI” romanın rusca nəşrinin təqdimatı olacaq Featured

Rate this item
(0 votes)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Aprel ayının 24-də Fəlsəfə doktoru Adəm İsmayıl Bakuvinin Rusiyada işıq üzü görmüş “Məhşər Divanı: YALANIN 17 ANI” kitabının təqdimat mərasimi keçiriləcək. 

“Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçəcək tədbir gözəl bir ədəbiyyat məkanında - Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində (Böyük Qala küçəsi, 28​1) qonaqlarını qəbul edəcək. 

 

Mərasimin bir özəlliyi də əsərin səhnə təcəssümünün nümayiş etdirilməsi oalcaq. 

Quruluşcu rejissor Bəhram Osmanovdur.

Xatırladaq ki, 445 səhifəlik sənədli romanda eyni millətin - erməni millətinin nümayəndəsi olan 17 nəfərə utopik divan qurulur. Klassik məhkəmə formatına uyğun bir qaydada keçirilən Böyük Divanda Zori Balayandan tutmuş, Monte Melkonyana qədər, Qaregin Njdeyə qədər əlləri, qələmləri qana batmış ermənilər müqəssir kürsüsündə əyləşirlər, onlar müxtəlif cinayətlərdə ittiham olunur. Baş Meydanda insanların qarşısında onlara nədə ittiham olunduqları elan edilir. Zəruri hallarda müxtəlif millətlərdən olan ekspertlər, zərərçəkənlər dinlənilir. 

Müəllif obyektivliyi qoruyaraq ittiham edilənlərə də Baş Hakim obrazının dili ilə söz verir. Hər bir fəslin sonunda hər ittiham olunan erməniyə hökm oxunur.

Kitabda həmçinin çoxsaylı ensiklopedik məlumat yer aldığından əsərdən tələbələrdən siyasətçilərə qədər hər kəs yararlana bilər.

Qeyd edək ki, kitabın rəyçiləri filologiya elmləri doktoru, professor Nizami Cəfərov, Xalq yazıçısı Çingiz Abdullayev, tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Yaqub Mahmudov və jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Qafar Çaxmaqlıdır. 

Sənədli romanın beynəlxalq rəyçiləri isə İSESCO-nun sabiq baş direktoru, professor Əbdüləziz bin Osman əl-Tüveycri (Səudiyyə Ərəbistanı), tarixçi, professor Kamal Çiçək (Türkiyə) və Vadim Viktoroviç Mixaylovdur (Rusiya).

Əsərin tezliklə daha 2 dildə - türk və erməni dillərində də çapı nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2024)