Öz konseptlərini gizlədənlər, nədən qorxursunuz? - ŞƏMİL SADİQ YAZIR Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı yazıçı, pedaqoq, ictimai xadim Şəmil Sadiqin növbəti aktual çağırışını diqqətinizə çatdırır. 

 

Bəzən şirkətlər və ya şəxslər əllərində olan elə bir materialı və ya ideyanı gizlədir ki, sanki Amerika kəşf ediblər. Yox, rəqiblərimiz görməsin, yox, bu bizim sirrimizdir deyə. Açığı, heç bir halda bunu qəbul etməmişəm. Həmişə də ideya və düşüncələrimi açıq ifadə etmişəm. Elan Mask demiş, bunu gizlətməyə çalışanlar zəiflərdir. 

Bir zamanlar ilk ədəbiyyat vəsaitimi çap etmək istəyəndə çox adam dedi ki, yox,  bunu çap etmə, bəs hamıda olsa, o zaman yanına hazırlığa  kim gələcək, başqa müəllimlər də görəcək, istifadə edəcək və sairə. Bir çox müəllim tanıyıram ki, oz konseptini elə gizli saxlayır ki, elə bil bir planet kəşf edib, kimsə görsə, gedib əlindən alacaq. Yaxın bir dostum var, 10 ildir ki, ona deyirəm, bu potensialını öldürmə, bir şirkət aç, yanına gənclər götür, inkişaf etdir, onlar da qazansın, sən də. Deyir yox ee, öyrədəcəyəm, sonra çıxıb gedəcəklər, deyirəm, yenə öyrət, yenə öyrət. 

16 il bundan qabaq çap etdiyim bu kitab bugünkü “Hədəf”in ilk investoru oldu.

 Bu yaxınlarda bir şirkətdən xidmət almaq istəyirdik, görüşmə bitəndə dedim, bu xidmətlərin adı olan faylı göndərin mənə, bir araşdırım, dostumuz dedi, sizə veririk, amma yayılmasın, xahiş edirəm. Deyirəm ki, burda elə bir ciddi sənəd yoxdur axı, nə var ki, babat mütəxəssis bunu bir-iki saata hazırlaya bilər. Deyir, yox, bu bizim koorporativ prinsipimizdir, əməyimizin məhsuludur. O demək deyil ki, bunu kimsə hazırlaya bilməz, amma hazırına nazır olub, sonra bu xidməti ucuz təklif edib, dəyərdən salar. Düzü, yaxşı fikir olsa da, heç bir halda qəbul etmirəm. İdeyanın oğurlanmasından, yayılmasından qorxanlar, müəyyən mənada çərçivəlidir. Məncə, paylaşmaq və daha yaxşısını daima ürətmək gözəl hissdir. Sən bir ideya, konsept yazıb cəmiyyətə açıq istifadə etsən, olsun ki, hansısa rəqibin bundan istifadə edəcək, qoy etsin, onun başı ona qarışınca sən yenisini yaradarsan. 

Bayaq dostum Rəşad Cabirlinin bir statusunu gördüm, yadıma düşdü ki, bu mövzunu bir-iki gün öncə mən də müzakirə etmişdim. Həmin statusdan Elan Maskla bağlı fikri də eynən düşüncələrimi ifadə edir deyə bura əlavə edirəm. 

“CNBC-yə verdiyi müsahibədə Elan Maska ünvanlanan "niyə patent almırsınız?" sualına cavabında deyir: “Patent almaq zəiflik əlamətidir. Patent almaq bir şirkətin yetərincə yenilikçi olmadığını göstərir.”

Əlavə olaraq Maska görə patent inkişafın önünü bağlayır. 

Əgər biz nəticə etibarilə cəmiyyətimiz, insanlıq üçün çalışdığımızı düşünürüksə, o zaman bu işi başqası da görəcəksə bizim dəstəkçimiz olmayacaqmı? 

Digər tərəfdən patent aldığın zaman texnologiya ilə bağlı detallı məlumatları təqlidçilərə daha rahatlıqla vermiş olmuruqmu?

Yenə də, Başbuğ Alparslan Türkeşin təbirincə desək, "Mövzu vətəndirsə hamımız ölək, mövzu məqamdırsa (vəzifə) hamınız ölün"

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2024)