Mübariz İbrahimov əfsanəsi - QƏHRƏMANIN DOĞUM GÜNÜNƏ Featured

Rate this item
(0 votes)

Turunc Baxışlı, “Ədəbiyyat və incəsənət”

 

Mübarizin Vətən yolunda verdiyi mübarizə bir vətəndaşın vətəninə, dövlətinə, xalqına məhəbbətinin aliliyini nümayiş etdirdi

 

 “Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”(Mübariz İbrahimovun ailəsinə yazdığı son məktubundan)

 

Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevral ayının 7-də Biləsuvar rayonu, Əliabad kəndində anadan olmuşdur. 1994-2005-ci illər ərzində orta təhsilini Əliabad kəndində başa vurduqdan sonra hərbi xidmətə yollanmışdır. Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə xidmət edən İbrahimov 2007-ci ildə çavuş rütbəsində hərbi xidməti başa vurmuşdur. O, 2009-cu ildə yenidən öz istəyi ilə cəbhə bölgəsində gizir rütbəsində xidmət göstərməyə başlamışdır.

O, deyirdi, “Mən yolumu seçmişəm. Əgər mən düşməndən ürəyimcə qisas almasam, elə bilərəm ki, Allahım da, valideynlərim də məni heç bir zaman bağışlamaz. Vətənin azadlığı üçün qurban lazımdırsa, onun biri də mən olmalıyam…”

Şəhidlik yenilməzlik əlamətidir. Mübariz işğal altında olan Vətən torpaqlarımızın, boynu bükük dağlarımızın, məlul baxışlı meşələrimizin, dili kilidlənmiş bulaqlarımızın həsrətini çəkirdi. Sözünün əvvəli də, axırı da Vətən idi. O, öz vətənini qorumağı və şəhid olmağı bir övlad kimi şərəf borcu bilirdi.

Unudulmaz Qəhrəman 18 iyundan 19 iyuna keçən gecə məktub yazaraq, heç kimə xəbər vermədən Dağlıq Qarabağ təmas xəttinə doğru irəlləməyə başlamışdır.O Tərtər rayonun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin zastavasına basqın etmişdir və burada təqribən beş saat  əzmlə döyüşərək səhər saatlarında şəhid olmuşdur. Baş tutan döyüş zamanı İbrahimov, müxtəliv mənbələrə görə, ən azı 45, ən çoxu 145 erməni əsgərini öldürmüşdür.

Döyüşdən sonra İbrahimovun nəşi Ermənistan Silahlı Qüvvələrinin işağlı altındakı ərazilərdə qalmışdır, lakin Ermənistan tərəfi bunu uzun müddət təkzib etmişdir. Aylarla davam edən əsaslı danışıqlardan sonra oktyabrda Rusiyanın    

Vasitəçiliyi ilə Həştərxan şəhərində imzalanan bəyannaməyə əsasən Mübariz İbrahimovun nəşi 6 noyabrda Azərbaycan tərəfinə təhvil verilmişdir. O, İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.

İkinci Qarabağ müharibəsi zamanı, 4 oktyabr 2020- ci ildə Mübariz İbrahimovun şəhid olduğu yer Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmiş və burada Azərbaycan bayrağı dalğalandırılmışdır.

Vətən sevgisinin bənzərsiz tərcümanları olanları ruhumuzla hiss edirik. Müqəddəs zirvəyə ucalanların ürəklərinin dərinliyində Vətən dərdlərinin hüznlü həsrəti olmasaydı, onlar böyük sevgi yolunun yolçularına çevrilə bilərdilərmi?!

Xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Vətən sevgisiylə bizlərin qüruru, vüqarı, fəxri, ölməzliyi, örnəyi olan Mübariz İbrahimov kimi.

Cəsurluq, igidlik, mərdlik nümayiş etdirən Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir.

 Bayraqları bayraq edən üstündəki qandır,

Torpaq uğrunda ölən varsa Vətəndir.

Ruhun şad olsun Qəhrəman!

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2024)