Dünya Uyğur Yazarlar Birliyinin başqanı Azərbaycandadır Featured

Rate this item
(2 votes)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

İsveçdə yaşayıb ədəbi  fəaliyyət göstərən görkəmli uyğur yazıçısı, Dünya Uyğur Yazarlar Birliyinin başqanı Abduşükür Qumtur həyat yoldaşı, həkim-kardioloq Münəvvər Qumturla  birlikdə Azərbaycanda qonaqdırlar. 

1 iyun 2024-cü il tarixində onlar Abdulla Şaiqin Mənzil-Muzeyini ziyarət ediblər.

Muzeyin direktoru, Abdulla Şaiqin nəvəsi,  böyük ədəbiyyatşünas alim, akademik Kamal Talıbzadənin qızı, sənətşünasılıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Ülkər Talıbzadə və Filologiya elmləri doktoru, dosent,  Azərbaycan Yazıçılar Birliyinin üzvü, Meksikada İspandilli Dünya Yazıçılar Birliyinin Azərbaycan üzrə başqanı, Dunya Şairlər Birliyinin Rumınya bölməsinin "Vocea Literara" saytının redaktoru Təranə Turan Rəhimli Abdulla Şaiq və Kamal Talıbzadənin həyatı, şəxsiyyəti, fəaliyyət istiqamətləri haqqında qonaqlara geniş məlumat veriblər. 

Abduşükür Qumtur və Münəvvər Qumtur muzeyi ziyarətdən sonra  Azərbaycan ədəbiyyatının klassikləri ilə bağlı təsəvvürlərinin zənginləşdiyini bildirmiş, xatirə şəkilləri çəkdirərək xoş təəssüratlarla muzeydən ayrılımışlar. 

Ülkər Talıbzadə  Dünya Uyğur Yazarlar Birliyi başqanına Abdulla Şaiqin yeni nəşrləri ilə bağlı məlumatlar vermiş, 2023-2024-cü illərdə Türkiyə və Azərbaycanda çap olunmuş kitablarını təqdim etmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının nəşri olan "Türk çələngi" kitabını Abduşükür Qumtura hədiyyə edən muzey direktoru Şaiq irsinin tədqiqi, nəşri və təbliği məsələlərinin həm AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu, həm də ədibin Mənzil-Muzeyinin rəhbərliyi və elmi işçiləri tərəfindən uğurla yerinə yetirildiyini vurğulamışdır. 

Muzeyin xatirə-rəy kitabına öz təəssüratlarını yazan Abdulla Qumtur ölkəmizə gələcək səfərlərində də bu müzeyi, vaxtilə XX əsr klassiklərinin - Hüseyn Cavid, Səməd Vurğun, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Mehdi Hüseyn və daha neçə-neçə görkəmli ədiblərin nəfəsi ilə qızınan bu isti ocağı ziyarət edəcəyini bildirib. O, ölkəsinə qayıtdıqdan sonra Abdulla Şaiq irsini daha dərindən öyrənəcəyini, böyük milli şəxsiyyət haqqında tədqiqat aparacağını, onunla bağlı tədbirlərə qatılacağını qeyd etdib. Qonaqlar Azərbaycan mədəniyyətini daha yaxından tanımaq baxımından muzey ziyarətinin çox önəmli olduğunu və dərin təəssüratlar yaratdığını vurğulayıblar.

Qonaqlar həmçinin Azərbaycana bu ilk səfərlərinin unudulmaz olduğunu və gələcək səfərlər üçün sonsuz arzular doğurduğunu da söyləyiblər. Abduşükür Qumtur ailəsi ilə birlikdə Azərbaycanın böyük zəfərindən sonra geri aldığı torpaqlarını, xüsusilə Şuşa, Laçın və Kəlbəcəri görmək istədiyini dilə gətirib. Abduşükür Qumtur və xanımının muzey ziyarətində muzeyin elmi işçisi,  Abdulla Şaiqin yağlı boya ilə çəkillən bütün şəkillərinin müəllifi, unudulmaz rəssam, Talıbzadələr ailəsinin ən yaxın dostu Tofiq Kərimovun oğlu Rauf Kərimov,  muzey əməkdaşı  Nurxanım və bu sətirlərin müəllifi -  "Ədəbiyyat və incəsənət" portalının əməkdaşı Ülviyyə Əbülfəzqızı da iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2024)