İntiqam Yaşarın sevdiyi şeir Musa Yaqubdandır Featured

Rate this item
(2 votes)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə "Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı  növbəti şeir kitabı-

"Adını çəkirəm" ilə oxucularını sevindirən DGTYB- nin başqanı İntiqam Yaşardır. 

 

-Xoş gördük, İntiqam bəy, yeni kitabınız uğurlu olsun.

Amma bu dəfə Sizin şeirlərinizdən yox, başqa bir şairin şeirindən danışacağıq.

Poeziya milli sənət olduğu üçün xalqın tarixi, keçmişi, milli- mənəvi dəyərləri burada yaşayır. 

Dahi Hüseyn Cavid gözəl söyləyib: "Əsərlər zəhərli, əxlaqsız, kefşək bir mövzu təqib edərsə, gec-tez bütün oxucularını da zəhərləmiş olar".

Gözəl poeziya ruhu da gözəlləşdirər.

Beləliklə, İntiqam bəy, şərti olaraq elə bu an üçün söyləsək ki, " Sevdiyin şeiri gəl mənə söylə" Siz bizə hansı şeiri söyləyəcəksiniz?

 

-Salam Ülviyyə xanım, rubrikaya dəvət etdiyiniz üçün Sizə təşəkkür edirəm. Rubrikanızı izləyirəm, çox rəngarəngdir. Sizə təqdim edəcəyim şeir ölməz şairimiz Musa Yaqubun " Bir günah sənindir, bir günah mənim" şeiri olacaq.

Musa müəllim bu şeirdə cəmiyyətin mənzərəsini, insanların yanaşmasını, insanların düşüncəsini, insan və cəmiyyət münasibətlərini çox gözəl poetik dillə bir az da məsafədən dayanaraq gözəl izah edib. Bu şeiri çox sevirəm və təkrar- təkrar mütaliə edirəm. Musa bəyə rəhmət diləyirəm, oxucularımıza isə xoş mütaliələr arzulayıram.

 

Musa Yaqub

 

Bir günah sənin, bir günah mənim

 

Bir gözünü mən əydim, bir gözünü sən,

Niyə narazıyıq bu tərəzidən?

Sən çeşmə qurudan, mən ağac kəsən,

Bir günah sənindir, bir günah mənim.

 

Bu südə su qatıb hərə bir qaşıq,

Arını şəkərə dadandırmışıq.

Bazarın yağı şor, balı qarışıq,

O mətah sənindir, bu mətah mənim.

 

Söz sözə gələndə sən nəfsi qıran,

Mən dünya malına göz yumub duran.

Amma ayrılıqda daşı da yaran,

Bir tamah sənindir, bir tamah mənim.

 

Görürük bu silah vurmur hədəfə,

Vurmur, ha atırıq mininci dəfə.

Əlimiz dolaşıb düşüb kələfə,

Bir əl gah sənindir, bir əl gah mənim.

 

Qoyma yalanımız qalxsın ayağa,

Hay deyirik, haya gəlmirik, qağa.

Sözü güləşdirib əhdi danmağa,

Bir vallah sənindir, bir vallah mənim.

 

Yamanca ustayıq hər ehtiyatda,

Dostluq şirnisi də dilimiz altda.

Amma yaman günə əlimiz altda,

Bir silah sənindir, bir silah mənim.

 

Ömür təsəllidi, ümid sabahdı,

İndi öz xeyrinə çoxu agahdı.

Hərə dolanışa bir cür nikahdı,

Bir nikah sənindir, bir nikah mənim.

 

Orda bulanıq su hopur torpağa,

Burda üzə çıxıb dönür bulağa.

Hələ ki vaxtımız var durulmağa,

Bir sabah sənindir, bir sabah mənim.

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2024)