Mükafatçıların müsabiqəyə təqdim etdikləri poeziya nümunələri - III. EL ROMAN Featured

Rate this item
(0 votes)

Bildiyiniz kimi, “Ulduz" aylıq ədəbiyyat dərgisi və Azərbaycan Ədəbiyyat Fondunun  unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş, 35 yaşa qədər qələm adamları arasında keçirdikləri  poeziya müsabiqəsinin qalibləri artıq  bəllidir. 

 

I yer: 

Cavid Qasımov;

 

II yer: 

Rəşad Nağı Mustafa, 

Allahşükür Ağa;

 

III yer: 

Eminquey, 

Seyidəli Sübhi, 

El Roman

 

“Ədəbiyyat və incəsənə” portalı mükafatçıların poeziya nümunələrini təqdim edir:

 

III YER

 

El ROMAN

 

YARASALAR

 

Bir qoca dedi ki, hələ diriydi

Dünən gömüləndə o qız torpağa.

Gəldiyi yerlərə qayıtdı hər şey-

Adamlar torpağa, kağız torpağa...

 

Göyərsə göylərdə bir ağ göyərçin,

Bu işə göylər də gülərdi, gərçi...

Sonra da darıxıb bu boz şəhərçün

Gəlib bulaşardı o toz-torpağa.

 

İstəsən, küləyə çevrilərəm

Saçların tərəfə çevrilərəm,

Gəl.

Sən kimin olmusan min illər əvvəl?

Adını oxudum cam kasalardan...

 

Deyən olmadımı vaxtı dayandır?

Tanrıyam, bilmirəm, yerin hayandır...

Mağara ağzında cığara yandır,

Məni də bir dəfə yada sal orda...

 

Mağara?!

Görəsən, nəyin nəsidir?

Mağara – dağların əsnəməsidir,

Tərsinə asılmış quş qəfəsidir,

Belə eşitmişəm yarasalardan...

 

Bir qoca dedi ki, hələ diriydi

Dünən gömüləndə o qız torpağa.

Sonra...

Gəldiyi yerlərə qayıtdı hər şey-

Adamlar torpağa, kağız torpağa...

 

 

YUXU

 

Bir gün dərdiyin çiçək səni içinə çəksə,

Sevdiyin həmin adam deyəcək ki, çiçəksən...

Həmin gecə yuxuda özünü görəcəksən-

Dodaqların qırmızı, saçın uzun, laap uzun...

 

Çöldə eşidəcəksən çirkinliyin səsini,

Evdə atan yeyəcək tikənin yekəsini.

İçində hiss edəndə təklik təhlükəsini

Səndən soruşacaqlar, kimin qızısan, qızım?

 

Getmək istəyəcəksən, yolun tən yarısında,

Ətirini, donunu, onu unutmasan da,

O gün unudacaqsan bir kitabı masanda,

Bir də açılmayacaq otağının qapısı...

 

Bir az qocalacaqsan, bir az əsəcək dizin,

Bir az huşun itəcək, bir az əlinin duzu.

Yollara baxacaqsan, belə laap uzun-uzun...

Öləndə belə ölür qadınların yarısı...

 

Bir də açılmayacaq otağının qapısı...

Öləndə belə ölür qadınların yarısı...

Saçın uzun, laap uzun, dodaqların qırmızı...

Üzüntün tanış gəlir, kimin qızısan, qızım?

 

* * *

Qaliblərin mükafatlandırılması və təqdimat günü ilə bağlı əlavə məlumat veriləcək.

Təşkilati dəstək: "Kəpəz hospital";

İnformasiya dəstəyi: "Ədəbiyyat və İncəsənət" portalı.

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2024)