“Yandı canım hicrilə vəsli-rüxi-yar istərəm…” -FÜZULİ YARADICILIĞINA BİR BAXIŞ Featured

Rate this item
(1 Vote)

Famil Hacısoy, “Ədəbiyyat və incəsənət”

 

Bu yaxınlarda Azərbaycanın böyük dahi şairi M. Füzulinin anadan olmasının 530 illik yubileyinin keçirilməsi haqqında ölkə prezidenti tərəfindən sərəncam verilmişdir. Bu sərəncam hər bir elm adamında, eləcə də Füzuli pərəstişkarlarında məsuliyyət doğurmuş, bu yöndə qələm çalmağa rəvac vermişdir. 

 

Çox şəxslərin diqqətini özünə cəlb edən, bütün türk xalqlarının böyük şairi, alimi, mütəfəkkiri, filosofu, humanizm və ümumbəşəri dəyərlərlə mayalanmış yaradıcılığı bütün bəşəriyyət üçün örnək sayılan M.Füzuli əvəzsiz bir sənətkardır. O, dörd əsrdən artıqdır ki, xalq tərəfindən əzbər oxunur və tədqiq edilir, öyrədir və öyrədilir. Şeir fəzilətinin ayrı bir elm olduğunu dönə-dönə qeyd edən, “İlahi, könlümə hər elmdən pay ver”,- deyən, üç dili mükəmməl bilən, Azərbaycan, fars və  ərəb dillərində yazıb yaratmış Məhəmməd Füzulinin həyat və yaradıcılığı bir daha diqqət mərkəzinə gəlmişdir. 

Məhəmməd Füzuli orta əsr mütərəqqi ideyalı Azərbaycan şairi, mütəfəkkir, filosof, Azərbaycan Ədəbiyyat tarixində divan janrının ən məşhur simasıdır. O, Nəsimidən sonra Azərbaycan dilində şeirlər yazan ikinci böyük şair sayılırdı. 

Şərq poeziyasında lirik şair, məhəbbət şairi kimi tanınan Məhəmməd ibn Süleyman və ya Molla Məhəmməd Bağdadi 1494-cü ildə Bağdadın yaxınlığında yerləşən Kərbəlada anadan olub. Məhəmmədin atası Süleyman İraqa Ərəş mahalından köçmüşdür. O, Azərbaycanda məşhur olan türk mənşəli Bayat tayfasındandır. Şairin “mövlana” adlandırılması da bununla bağlıdır. Qaynaqlarda onun mükəmməl təhsil alması, dövrün elmlərini dərindən öyrənməsi barədə məlumat verilmişdir. Dahi sənətkar yaradıcılığa erkən yaşlarında başlamış, özünə “Füzuli” təxəllüsünü seçmişdir. Füzuli yalnız şairliklə məşğul olmamış, dini ocaqlarda xidmət etmişdir. Bu işinə görə aldığı maaşla sadə, qənaətcil həyat yaşamışdır. İstər Səfəvi dövləti, istərsə də Osmanlı hökmdarları tərəfindən yaxşı tanınan və yüksək dəyərləndirilən şair saraylara üz tutmamış, sadə ömür sürməyə üstünlük vermişdir. 1508-ci ildə I şah İsmayıl Bağdada girərək İraqı Azərbaycana birləşdirir, bunun ardınca isə şəhər uzun müddət Osmanlı İmperiyasının tərkibində qalır. Bu səbəblə Füzulinin yaradıcılığının ilk dövrləri İraqın Səfəvilər hakimiyyətinə tabe olduğu dövrlərə təsadüf edir. O dövrün məhşur simalarından sayılan, onu şəxsən tanıyan, onunla həmsöhbət olan Əhdi Bağdadi “Gülşəni-şüəra” adlı təzkirəsində Füzulini bilik və mərifətdə kamil, dərinmənalı, yeni məzmunlu fikir söyləməkdə misilsiz bir sənətkar kimi təqdim etmişdir. Təzkirəçi, həmçinin Füzulinin xoşxasiyyət, şirinsöhbət bir insan, böyük hörmət sahibi və alim kimi tanındığını da qeyd etmişdir.

Füzuli yetəri qədər bilikli bir adam olub. Atası onun təhsil almasına kifayət edəcək qədər varlı adam idi. Füzuli orta əsr elmlərindən sayılan tibb, məntiq, riyaziyyat və bir sıra humanitar elmlər, dini-fəlsəfi cərəyanlar ilə tanış idi.

Şairin yeganə övladı Fəzli dərin elmi biliyi ilə seçilən ziyalı olmuşdur. Onun zərif şeirlər yazması barədə mənbələrdə məlumat verilir.

Doğulub-yaşadığı İraqdan heç vaxt ayrılmayan, taun xəstəliyinə düçar olan Məhəmməd Füzuli 1556-cı ildə Kərbəlada vəfat etmiş, İmam Hüseyn məqbərəsinin astanasında dəfn edilmişdir.

Daha çox lirik şair kimi tanınan, həmişə enerji qaynağı olan və sevilən Füzuli yaradıcılığı təkcə poetik tərif deyil, şairliklə alimliyi müstəsna dərəcədə özündə birləşdirən bir sənətkarın estetik görüşlərini əks etdirir. Füzulinin klassik şeir şəkillərinin əksəriyyətinə müraciət etdiyi məlumdur: tərcibəndlər, tərkibbəndlər, müxəmməslər, müsəddəslər, mürəbbelər, qitələr, rübailər, qəsidələr, mərsiyələr və s. janrlarda öz qələmini sınayaraq klassik şeirin zirvəsinə yüksəlib, hər birində böyük uğur qazanmışdır. Ancaq Füzuli qəzəldə olduğu qədər heç bir digər şeir formasında sehr göstərməmişdir. Şairin yaradıcılığında mühüm yer tutan qəzəllər müxtəlif mövzularda qələmə alınıb. Bunların sırasında məhəbbət mövzusunda yazılanlar, gözəlin və gözəlliyin tərənnümünə həsr edilənlər, dini və ictimai motivdə olanlar önəmli yer tutur. Füzulinin qəzəllərində təsvir olunan məhəbbətin izahı xüsusi diqqət tələb edir. Onun tərənnüm etdiyi məhəbbət, çox hallarda həm gerçək insani duyğuları, həm də sufizmin həyata, insana fəlsəfi baxışını ifadə edir. Şairin bir çox qəzəllərində bu ikiliyi bir-birindən ayırmaq, yaxud fərqləndirmək mümkün olmur. Lakin bütün hallarda lirik qəhrəman mənəvi saflığı, möhkəm iradəsi, sədaqətli və əzəmətli olması ilə diqqəti çəkir. Məlumdur ki, hər şair öz şeirlərində aşiqdən bəhs açarkən, özünü vəsf edir, öyünür, öz duyğu və düşüncələrini qələmə alır. Təsəvvüf şeirində aşiq Allaha qovuşmaq istəyən bir insandır, məşuqə isə Allahın timsalıdır. Bunun özü də onu sübut edir ki, Füzulinin qəhrəmanı qəmin bütün mərhələlərini yaşayır, sevgilinin ilahiləşdirilməsi, qəmsevərlik - kədərə vurğunluq, sevgilinin zülmkarlığı və daşürəkliliyi, taleyə boyun əymək, aşiqin ah-fəğanının göylərə ucalması, rəqibin xoşbəxtliyini qısqanmaq, hicranın və sevgilinin zülmünün şirinliyi, bəlaya sevinmək və s. kimi xüsusiyyətləri özündə daşıyır:

Ya Rəb, bəlayi-eşqə qıl aşina məni, 

Bir dəm bəlayi-eşqdən etmə cüda məni. 

Olduqca mən götürmə bəladan iradətin, 

Mən istərəm bəlanı çü istər bəla məni. 

Füzulinin təsvir etdiyi aşiq burada eşq bəlasını varlığına tən tutaraq özünün həyatını ondan ayrı təsəvvür etmir.

Tabi-suzi-sinədən əskiltməsəydi göz nəmi,

Göz yumub açınca seylabə verərdim aləmi. 

Füzuli deyir ki, əgər aşiqin sinəsində yanan eşqin hərarəti gözlərindəki nəmi əskiltməsəydi, o, göz yumub-açınca dünyanı selə qərq edərdi.

Yandı canım hicrilə vəsli-rüxi-yar istərəm,

Dərdiməndi-firqətəm dərmani-didar istərəm.  

Füzuli burada eşqinin və çəkdiyi hicran əzablarının çarəsini yalnız yarın üzünü görməkdə, ona qovuşmaqda görür.

Vəsl əyyamı verib cananə can rahat bulan, 

Eydir andan kim salar canın qəmi-hicranına. 

Eşq rəsmin aşiq öyrənmək gərək pərvanədən, 

Kim yanar gördükdə şəmin atəşi-suzanına. 

…Hiç kim canan üçün can verməyə laf etməsin, 

Kim gəlibdür bu sifət ancaq Füzuli şanına. 

Bildiyimiz kimi, pərvanə və şam klassik şeirdə vəfa rəmzi, "sadiq aşiq" obrazlarıdır. Oda aşiq olan pərvanəni bir şölə yandırır. Yana-yana əriyən, ağlar bir aşiqi andıran şamı da xəfif bir meh, nəfəs söndürür. Təkcə həqiqi aşiq ah çəkə-çəkə göz yaşı tökür, ayrılıq oduna dözür. Bu səbəbdən də ona heç kəs bənzəyə bilməz.

Füzulini söz sənətinin mahir rəssamı adlandıranlar səhv etməmişlər. Füzulinin də qəzəlləri, bu qəzəllərin ayrı-ayrı beytləri və bu misralarda canlanan canlı insan münasibətləri, romantik səhnələri adamı heyran qoyur.

Yerdən, ey dil, göyə qovmuşdu sirişkin mələki, 

Anda heç qoymayacaqdır oları əfqanın. 

Füzuli deyir ki, ey qəlbim, sən o qədər göz yaşı tökdün ki, mələklər yerdə qala bilməyib göyə qalxdılar, amma göyə ucalan fəryadın onları orada rahat qoymayacaqdır.

Onun təşbehləri, istiarələri, mübaliğələri, epitetləri o qədər zəngin və orijinaldır ki, oxucusunu dərindən düşünməyə vadar edir.

Bu qəmlər ki, mənim vardır, bəirin başına qoysan, 

Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab oynar. 

Burada Füzuli deyir ki, mənim bu qəmlərim ki var, dəvənin başına qoysan, kafər cəhənnəmdən çıxar, orada əzab çəkənlər gülüb-oynarlar. Füzuli yaradıcılığında bu cür misallara sıx-sıx rast gəlmək olur.             

Hörmətli tənqidçimiz Vaqif Yusifli “Məhəmməd Füzuli - Seyid Əzim Şirvani - Əliağa Vahid - Azərbaycan qəzəlinin üç sütunu” məqaləsində Füzuli qəzəllərindən söz açaraq göstərir ki: “Azərbaycan qəzəli, hətta deyərdik ki, Şərq qəzəli məhz Füzuli nümunəsi ilə poeziyanın ən yüksək zirvəsini fəth etmişdir. Xaqani Şirvani də, Nizami Gəncəvi də, Hafiz Şirazi də, Nəvai də, Cami də, Nəsimi də, Xətai də böyük qəzəl ustadlarıdır, lakin dünya ədəbiyyatında sonet deyəndə Şekspir, rübai deyəndə Xəyyam yada düşdüyü kimi, qəzəl deyəndə də Füzuli xatırlanır.”

"Füzuliyə qədər çox uzun müddət bədii sözün bətninə və mətninə fars dilini ruh kimi daxil eləmişdilər. Füzuli yad ruhu doğma bədəndən qovdu və özü bu məkanda hakim Ruh oldu" (Yaşar Qarayev). Burdan da göründüyü kimi, Füzuli yaradıcılığı ilə öz sələflərindən irəli gedərək türk dilini yüksəklərə qaldırmış, bir çox çətin anlaşılan sözlər, ifadə və ibarələr, söz birləşmələri işlədərək dilimizin zənginləşməsinə xidmət etmişdir. O, bəzi ərəb və fars sözlərini elə məqamda ustalıqla işlətmişdir ki, verilən fikir oxucular tərəfindən asan başa düşülməsinə maneə olmamışdır. Bu da, onun türk dilinin bütün incəliklərinə dərindən bələd olduğunu göstərirdi. O, qitələrinin birində belə yazırdı: 

Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim, 

Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur. 

Ləhceyi-türki qəbuli-nəzmi-tərkib etməyib 

Əksərən əlfazi namərbutü nahəmvar olur. 

Məndə tovfiq olsa bu düşvarı asan eylərəm, 

Novbahar olğac tikəndən bərgi-gül izhar olur. 

Füzuli qəsidələrini daha çox ana dilində yazmışdır. Onun bu janrda yazdığı əsərlər islam dininin böyük şəxsiyyətlərinə, zəmanə hökmdarlarına, tarixi hadisələrə həsr edilmişdir. Şairin ictimai motivli qəzəllərində dövrünə, insanlara, şəxsi həyatına və s. münasibəti əks olunmuşdur.

Şairdən bizə qalan zəngin bədii irs aşağıdakılardan ibarətdir: Azərbaycan türkcəsində divan, fars dilində divan, ana dilində, farsca və ərəbcə yazılmış qəsidələrdən ibarət divan — qəsidələr divanı. Şairin poemaları da yaradıcılığında xüsusi yer tutur. Azərbaycan dilində yazılmış poemalar: “Leyli və Məcnun”, “Bəngü badə”, “Söhbətül-əsmar

“Leyli və Məcnun” (1537) çıxılmaqla, qalan üç poema alleqorik səciyyəlidir. Bu üç poema müxtəlif mövzularda yazılsa da, ideyalarında oxşarlıqlar da var. Onlarda təkəbbürlü hökmdarların mənasız müharibələr törətməklə insanları qırğına verməsi (“Bəngü Badə” ), şöhrətpərəstlik, mənəm-mənəmlik (“Söhbətül-əsmar”), cəmiyyətdə, ictimai quruluşda müşahidə edilən eyiblər (“Həft cam”) kəskin tənqid edilmişdir.

Füzuli klassik nəsrin böyük ustadı sayılır. Onun “Şikayətnamə” adı ilə tanınan məktubu ictimai məzmunu və bədii dəyəri ilə daha qiymətlidir. Ana dilində olan “Hədiqətüs-süəda” (tərcümə olduğunu iddia edənlər də var) əsərində məşhur din xadimlərinin həyatı, fəaliyyəti, məhrumiyyətləri əks olunmuşdur.

Farsca yazılmış “Rindü Zahid”in əsasında insan, həyat haqqında fərqli baxışların qarşılaşması, mübahisəsi dayanır. Fars dilində nəsrlə yazılmış “Səhhət və Mərəz” alleqorik əsərində isə müəllifin elmi, dini-fəlsəfi və sufi-panteist görüşləri vəhdət şəklində ifadəsini tapmışdır.

Füzuli ədəbiyyat tarixində mahir tərcüməçi kimi də tanınmışdır. Tərcümələri arasında “Hədisi-ərbəin” (“Qırx hədis”) önəmli yer tutur. Fars-tacik şairi Əbdürrəhman Caminin eyniadlı əsərini ana dilinə tərcümə etməklə şair türkdilli oxucuların bu məşhur əsərdən faydalanmalarını, zövq almalarını qarşıya məqsəd qoymuşdur.

M.Ə.Rəsulzadənin M.Füzuli ilə bağlı tədqiqatlarına yüksək qiymət verən F.Köçərli haqlı olaraq Füzulini “bütün türk şairlərinin babası” adlandırırdı. Ümummilli liderimiz H.Əliyev deyirdi: “Füzulinin humanizm və ümumbəşəri dəyərlərlə mayalanmış yaradıcılığı bütün bəşəriyyət üçün böyük mənəvi qidadır. Füzuli Azərbaycanın böyük milli sənətkarı olmaqla yanaşı, bütün müsəlman aləminin qəlb şairidir”.

Tədqiqatçılara görə, orta əsrlər Azərbaycan ədəbiyyatı öz inkişafının zirvəsinə, şübhəsiz ki, Füzuli sənətində çatır. Öz əsərləri ilə ürəkləri fəth edən M. Füzuli bugün də oxucuları tərəfindən sevilməkdədir.

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2024)