“OĞURLUQ ARMUD” - Məhəmməd Əmin Rəsulzadə barədə hekayətlər Featured

Rate this item
(0 votes)

Zahirə Cabir yazır

 

“Ədəbiyyat və incəsənət” portalı publisist Zahirə Cabirin Məhəmməd Əmin Rəsulzadə barədə hekayətlərinin dərcinə başlayır. Məqsəd - uşaqlara bu dahi şəxsiyyəti daha yaxından tanıtmaqdır. 

 

Oğurluq armud

Xəlil babagilin həyətindəki armud ağacı bu il o qədər bar gətirmişdi ki, budaqları ağırlıqdan yerə dəyirdi. Dostum Seymurla buradan keçəndə hər dəfə sapsarı armudlara baxırdıq. Bir gün həyətdə uşaqlarla futbol oynayıb evə dönəndə Seymur:

- Armud yemək istəyirsən? Əntiqə, şirin bal kimi...

Məhəmməd Əmin armudun adını eşitcək tez Seymura baxdı. Elə bildi ki, bu saat əlindəki torbasından armud çıxaracaq. İki gün bundan qabaq ona armud vermişdi. Məhəmməd Seymurun torbasına gözlərini dikdiyi üçün utandı, pərt oldu:

- Aldatmağa adam axtarırsan?- hirslə çiynindən vurub yoluna düzəldi.

Seymur Məhəmməd Əminin dilxor olduğunu görüb gülərək sakitcə dedi:

- Yox aldatmıram. Axşam görüşərik, sənə nə qədər istəsən armud verəcəyəm.

Məhəmməd Əmin dinməyib yoluna davam etdi.

Axşam düşmüşdü. Kəndin evlərində lampalar yanırdı. Seymur Məhəmməd Əminin evlərinin qabağına gəlib həyətlərindən onu çağırdı. Məhəmməd Seymurun səsin tanıyıb həyətə çıxdı və soruşdu:

- Nə olub, nə deyirsən?

- Gedək armud yığmağa.

- Hardan?

- Gəl gedək, görərsən.

Məhəmməd Əmin bir söz deməyib onun ardıycan getdi. Onlar Xəlil babagilinin həyətlərinə çatanda Seymur: Bax buradan yığacayıq – dedi və çəpərin uçurulmuş yerini göstərdi. Məhəmməd iki gün bundan əvvəl yediyi armudun da bu bağdan oğurlanmış olduğunu başa düşdü.

- Utanmırsan, armud oğurlayıb, yazıq kişinin hələ çəpərini də uçurmusan.

- Yavaş ol, eşidərlər. Könlü balıq istəyən .....

- Mənə oğurluq armud lazım deyil. Xəlil baba hər il bizə bağından sovqat göndərir. O çox xeyirxah, gözəl insandır.

Seymur bunu gözləmirdi. Tərs-tərs Məhəmməd Əminə baxdı və birdən cəld onun başından papağını götürüb bağa tulazdadı.

- Hə indi görüm papağını necə götürəcəksən. Götürməzsən də ki, özün bil səni oğru biləcəklər.

Məhəmməd Əmin adının oğru çəkilməsindən qorxub papağını axtarmaq üçün Seymurla razılaşıb çəpərin sökülmuş yerindən bağa girdi. Amma nə qədər axtardısa papağını tapmadı. Seymur isə ağaclardan əli çatan armudları yoluşdurub köynəyinə doldururdu. Nəhayət Məhəmməd Əmin papaqsız kor peşman Seymurla bağdan çıxdı. Seymur dostuna ürək dirək verib dedi:

- Qorxma, səhər tezdən gəlib götürərik.

Seymur Məhəmməd Əminə nə qədər armudlardan vermək istədisə o qəti etiraz edib götürmədi.

Səhər açıldı. Seymur Məhəmməd Əminlə çəpərin sökülmüş yerindən bağa girdilər. Xəlil kişi əlindəki dırmığ ilə bağda alaq edirdi. Məhəmməd Əmin Xəlil babanı görcək özünü bir an itirsə də, dərhal səhərə qədər dostunun ona öyrətdiyi bu sözləri:- “Baba, dünən uşaqlardan biri zarafatla papağımı bura atıb. Gəldim ki, onu tapıb götürüm.“ - dedi.

Məhəmməd Əmin armud ağacının budağında ilişib qalan papağına baxdı. Xəlil baba hər ikisini xeyli süzüb dedi:

- Yaxşı oğlum papağını götür. Armudlardan da dərin, aparın. Armudların tam yetişməsini gözləyirdim ki, evinizə də pay göndərim.

Məhəmməd Əmin təşəkkür etdi, tez papağını götürüb tələsik bağdan axşam girdikləri yerdən çıxmaq istəyəndə Xəlil baba gülümsəyərək dedi:

- Bala, ordan niyə çıxırsan. Qapı bu tərəfdədir. Haçan vaxtın olsa gəlib kömək edərsən çəpəri düzəldərik.

Dostlar bir-birinə baxdı. Nə deyəcəklərini bilmədilər. Hər ikisi qızarıb pörtmüşdü.

Onlar bağdan uzaqlaşdılar. Məhəmməd Əmin dostuna dedi:

- Heç etdiyin əməlindən utandın. Mən yer yarılsaydı yerə girərdim.

Seymur başını aşağı salıb peşman olduğunu dedi. Sonra etdiyi hərəkətlərinə görə dostundan üzr istədi, bir də belə etməyəcəyinə söz verdi.

Şənbə günü dostlar görüşüb Xəlil babanın sökülən hasarını düzəltmək üçün getdilər.

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2024)