“XOŞBƏXT SEYMUR” - Məhəmməd Əmin Rəsulzadə barədə hekayətlər Featured

Rate this item
(0 votes)

Zahirə Cabir yazır

 

“Ədəbiyyat və incəsənət” portalı publisist Zahirə Cabirin Məhəmməd Əmin Rəsulzadə barədə hekayətlərinin dərcinə başlayır. Məqsəd - uşaqlara bu dahi şəxsiyyəti daha yaxından tanıtmaqdır. 

 

Xoşbəxt Seymur

 

Qonşuluqda bir oğlan yaşayırdı, amma o Məhəmməd Əmin kimi xoşbəxt deyildi. Valideynləri onun qayğısına qalsalar da, demək olar ki, heç vaxt nə kitab oxuyub, nə də nağıl danışmışdılar, bəlkə anası ona heç layla da çalmamışdı. Ona görə ki, o doğulanda qüsurlu doğulmuşdu, ayaqları işləmirdi. Seymur təbiətcə səssiz olduğu üçün tənha yaşamağa artıq alışmışdı. Heç kim onunla ünsiyyət qurmağa vaxt ayırmaq istəmirdi.  Valideynlərinə qarşı heç kim bir söz də deyə bilməzdi, çünki onlar bir qarın çörəkdən ötrü işləyir, səhər gedib axşam gəlirdilər. Seymur qoca nənəsi ilə evdə qalırdı. Havalar istiləşəndə valideynləri Seymuru qapılarının ağzındakı heyva ağacının altına sərdikləri kilimin üstünə qoyardılar ki, bir az havada olsun.

Bir dəfə Məhəmməd Əmin öz dalanları ilə deyil, dostuna baş çəkmək üçün başqa dalanla gedəndə Seymuru görür. Yaxınlaşıb ondan adını, neçə yaşı olduğunu soruşur. Uşaq adının Seymur olduğunu deyir, yaşı isə Məhəmməd Əmindən böyük olsa da, yəni 11 yaşı olsa da 6-7 yaşlı uşağı xatırladırdı. Məhəmməd ona: Gəl səninlə dost olaq. Hər gün mən sizə gəlib sənə kitab oxuyaram, istəsən hərfləri də öyrədərəm.”- deyir. Seymur başın aşağı əyib bir söz demədi, sanki razılaşdı. Beləcə Məhəmməd hər gün Seymura məktəbdə oxuduqlarından, qiraətxanadan aldığı kitablardan oxuyurdu. Üstəlik əlindən tutub hərf yazmağı da öyrədirdi. Yay qurtaranda Seymur təkcə heca ilə oxumağı deyil, yazmağı da öyrəndi. Seymurun nənəsinin dilindən Məhəmməd Əminin adı düşmür, bütün qonşulara onun necə alicənab, yaxşı bir iş tutmasından danışır, digər uşaqlara nümunə göstərirdi. Seymuru tanıyan hər kəs Məhəmməd Əminə: - “Allah səni yaxşı insanlarla qarşılaşdırsın” –deyə dua edirdi.

Heç vaxt üzü gülməyən Seymurun indi üzü daim gülürdü. O çox xoşbəxt idi, çünki onun Məhəmməd Əmin kimi dostu vardı.

İnsan düzəldə biləcəyi vəziyyətlərə səssiz qalmamalıdır, bir insana yaxşılıq etmək dünyaya yaxşılıq etməkdir. Xeyirxah iş, xeyirxah əməl insanı mənən ucaldır, onu yaşadığı cəmiyyətin ən ləyaqətli üzvünə çevirir. Bütün həyatını Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş Məhəmməd Əmini də insanlara göstərdiyi yaxşılıqlar, xeyirxahlıq qorudu.

İllər keçdi. Məhəmməd Əmin qürbət ellərdə olsa da əmisi oğlu Məhəmməd Əli vasitəsilə həmişə Seymurdan hal-əhval tutar, balaca da olsa hədiyyə və mütləq kitab göndərərdi. Seymur dostunun göndərdiyi hər kitabı dəfələrlə yorulmadan oxuyar, sonra onu taxçanın yuxarısına qoyardı. Hər dəfə dostu yadına düşəndə kitabları əlinə götürüb dostuyla danışırmış kimi vərəqləyərdi.  

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2024)