Arzuları necə həyata keçirməyin Barbara Şer təlimatı Featured

Rate this item
(0 votes)

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

           

 

Əlbəttə, biz hamımız müvəffəqiyyətli adam olmağa cəhd edirik, amma çox vaxt bunun üçün nə edəcəyimizi bilmirik. Tanınmış motivasiya spikeri Barbara Şerin  Enn Qotliblə birgə yazdığı «Arzulamaq ziyanlı deyil» adlı təlimi ilə tanışlıqdan hədsiz məmnun olmuşam. Belə ki, xanım Barbara arzuları həyata keçirmək metodikasını açıqlayır. Özü də o, «arzulara inan, onlar mütləq həyata keçəcək» kimi banal məsləhət vermir, «sabahkı gündən hər şeyi yenidən başla» kimi taftalogiyaya müraciət etmir. O, həyat tərzinizi dəyişmədən hər gün məqsədə, uğura doğru bir kiçik addım atmağın yolunu göstərir. Çox maraqlıdır, deyilmi?

 

«Arzulamaq ziyanlı deyil» - bəzən biz bu frazanı kinayə ilə, ironiya ilə işlədirik. Amma Barbara Şer isbat edir ki, arzulamaq heç də ziyan deyil, əksinə, olduqca faydalıdır. Ən əsası – düzgün arzulamaq lazımdır,  bəxtəvərlikdən göylərdə üçmaq, dünyaya sahib olmaq, xoşbəxtlik istəmək kimi mücərrəd arzulardan qopmaq, konkret olaraq nə istədiyini bilmək lazımdır.

Möcüzəyə ümid bağlamamaq, arzulara addımbaaddım çatmağın planını tutmaq lazımdır. Nizam-intizamla, şansları düzgün dəyərləndirməklə, köməyə ehtiyac olanda utanmadan kömək istəməklə siz arzunuza çatacaqsınız.

Barbara Şer arzuya çatılmasını ağır, monoton bir iş hesab edir, hamıya da arzulara məhz bu prizmadan baxmağı tövsiyə edir.

İş ondadır ki, müəllifin özünün də həyatında çox ağır dönəmlər olub. Dul qalan qadın iki övladını böyütmək üçün bir neçə il ərzində ofisiant işləyib. Hədsiz ehtiyac çəkiblər. Öz rastına çıxan çətinliklər, öz acı həyat hekayəsi onu motivasiya kitabları yazmağa vadar edib. İlk belə kitabı xanım qırx yaşında yazıb. Bu gün, 37 ildən sonra onun hesabında artıq yeddi bestsellər vardır və o, dünyanın ən yaxşı motivasiya spikerlərindən biridir.

Tam adı «Arzulamaq ziyanlı deyil. Doğrudan da, istədiyin şeyi necə əldə etməli» olan kitabın məğzi budur: «Arzuların həyata keçməsi üçün özünühipnozla məşğul olmaq, ekstrasens – falçı yanına getmək lazım deyil. Lazım olan arzuya çatmaq məsələsinin praktiki  metodikasını işləyib hazırlamaq, planlaşdıra bilmək bacarığı, özünü yeniliklərə hazırlamaq xüsusiyyəti, lazımi material və informasiyalara yol tapmaq, yeni kontaktlar qazanmaqdır».

Barbara Şerin kitabında çox dəyərli bir hissə var: həyatdan nə istədiyinizi bilmək, özünüzə yaxın olan emosional obrazı tapmaq, öz arzularınızı daha yaxşı ifadə etmək üçün 5 sadə çalışma.

Həmin çalışmaları isə mən sabah sizlərə təqdim edəcəyəm.

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2024)