Aysel Səfərlinin sevdiyi şeir Rəsul Rzadandır Featured

Rate this item
(1 Vote)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

 

Bu dəfə " Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı elə bu ayda Beynəlxalq Rəsul Rza Mükafatına layiq görülən sevimli xanım şairimiz Aysel  Xanlarqızı Səfərlidir.

 

-Xoş gördük, Aysel xanım, uğurlarınız davamlı olsun!

Şairlər və qəhrəmanlar bir tayfadır. Onların arasındakı fərq ideya və əməl arasındakı fərq kimidir. Qəhrəmanlar şairlərin seyr etdiklərini həyata keçirirlər. (Alfons de Lamartin)

Aysel xanım,şairlərin təxəyyülü həmişə zəngin və məşğuldur.

Təxəyyüllərindəki obraz, hadisələr şairlərin dilinə- qələminə üz tutur.

Aysel xanım da İlahi istedad ilə dünyaya göz açanlardandır. 

Aysel xanım, elə bu an üçün söyləsək ki: " Sevdiyin şeiri gəl mənə söylə."

 Bizə hansı şairimizdən şeir söyləyəcəksiniz?

 

-Təşəkkür edirəm, Ülviyyə xanım... Diqqətiniz üçün minnətdaram.

Sevdiyim şeirlər çoxdur, amma bu gün (19.05.2024 - red.) sevimli şairimiz Rəsul Rzanın doğum günüdür və onun adına olan dəyərli mükafat bu il mənim da qismətim olub... Onun sevdiyim şeirlərindən birini yada salaraq şairi böyük sayğı və sevgiylə anmağı özümə borc bilirəm :

 

DƏNİZİN YURDU

 

Yol!

Elə bil, tozlu kəndir asılıb

görünməyən ulduzdan.

Gün doğmamış yola çıxdıq.

Gün batabatdır indi,

neçə yoxuş, neçə kənd qalıb hələ

yolumuzda.

İldırım vurmuş qayanın

dik divarında yubandı qürub.

Hər balıqqulağında

bir qığılcım oldu

çıldır-çıldır.

Xəyalıma axdı

dənizin maviliyi

gözlərimdən süzülüb,

qəlbimdən keçib.

Gördüm qayada

dənizin ləpirlərini.

Nə zamansa, dəniz,

burdan köçüb.

1965

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)