“UNUDULMAZ XATİRƏ” - Məhəmməd Əmin Rəsulzadə barədə hekayətlər Featured

Rate this item
(1 Vote)

Zahirə Cabir yazır

 

“Ədəbiyyat və incəsənət” portalı publisist Zahirə Cabirin Məhəmməd Əmin Rəsulzadə barədə hekayətlərinin dərcinə başlayır. Məqsəd - uşaqlara bu dahi şəxsiyyəti daha yaxından tanıtmaqdır. 

 

 

Məktəbə getdiyimiz günləri, şübhəsiz ki, hamımız xatırlayırıq. Yeni biliklər, ilk dostluqlar və unudulmaz xatirələr dövrü. Məktəb illərini yada salanda uşaqlıq dostum heç xatirimdən çıxmır.

Adı Məhəmməd Əmin olan bu oğlan qeyri-adi istedad sahibi idi. Həmişə sinif yoldaşlarının və müəllimlərinin diqqəti, heyranlığı ilə əhatə olunmuşdu. Ətrafındakıların qəlbinə sevinc və gülüş aşılamaqda misilsiz qabiliyyəti var idi. Məhəmməd Əminin hazırcavablığı, istedadı, parlaq fikir açıqlamaları ömürlük yaddaşlarda qaldı. Mehriban, ünsiyyətcil olması ilə yanaşı sinif yoldaşlarını dəstəkləməyə, kömək etməyə də hər an hazır olardı. Məktəbdə dostluq, həmrəylik, qarşılıqlı yardım mühiti yaradan demək olar ki, tək o idi.

Yay tətili başlamışdı. Məhəmməd Əmin yayı Novxanıdakı bağ evlərində keçirərdi. Bizim də bağımız onlarla yanaşı idi. Demək olar ki, bütün günü birlikdə olardıq. Çərpələng düzəldib havada uçurar, kitab oxuyar, dənizə gedib çimərdik. Dənizə yaxın yerdə qamışlıq vardı. Qamışların ən uzununu, ucu süpürgəlisini çıxardıb at kimi minərdik. Hələ qamışın əlimizdə tutan başına bir ip də bağlayardıq. Bu, atın yüyəni, qamışın süpürgəli ucu isə atın quyruğu olardı. “Atı” istədiyimiz kimi çapardıq, həm süvari olardıq, həm də köhlən. Qamış atın üstündə at kimi kişnəyərdik. Özümüzü Koroğlu, Qaçaq Nəbi, Makedoniyalı İsgəndər, Əmir Teymur, Çingizxan hesab edərdik.

Bəzən də günün qızmar vaxtında evdə oturardıq. Dəftərin qoşa vərəqindən gəmi düzəldərdik. Gəminin yanlarına, göyərtəsinə, doruna müxtəlif şəkillər çəkər, yazılar yazardıq. Sonra gəmilərimizi hovuza buraxar, ötüşdürərdik.

Kağızdan düzəltdiyimiz göyərçinlərin uçuşu  bir başqa oyun idi. Kağızdan göyərçin hazırlamaq xüsusi qabiliyyət tələb edir. Məhəmməd Əmin bunun öhdəsindən çox gözəl gəlirdi. Onun düzəltdiyi göyərçinlər havada süzməklə yanaşı, yuxarı-aşağı manevrlər də edirdi. O kağız göyərçinlərin üzərinə üçrəngli bayraq çəkərdi. Onun bayraqlı göyərçini ən hündürə qalxar, sonra yerə şığıyardı.

Məhəmməd Əmingilin bağlarının tən ortasında hovuz vardı. Hərdən dənizə getməyib elə hovuzdaca çimirdik. Bir gün atasının yaxın qohumu qızları Zibeydə və Gültəkinlə onlara qonaq gəlir. Zibeydənin altı, Gültəkinin isə dörd yaşı olardı. Maral xanım eyvanda samovar qoyub çay tədarükü görür.  Az sonra qadınlar oturub söhbətləşir, biz uşaqlar isə bağda oynayırdıq. Hovuzun ətrafında qızılgül kolları əkilmişdi. Kolların üstündə təzə açılmış ağ, sarı, qırmızı qızılgüllərinin ətri ətrafa yayılmışdı. Balaca qız uşaqlardan ayrılıb hovuzun kənarında öz gözəlliyi ilə diqqəti çəkən qırmızı rəngli qızılgülü dərmək istədi. Yavaşca hovuzun üstünə çıxdı. Əyilib gülü dərmək istəyəndə ayağı sürüşdü, hovuzun içinə düşdü.  

Böyük qız Zibeydə bacısının yanında olmadığını görüb dərhal anasının yanına qaçdı, Gültəkinin itdiyini dedi. Ana həyəcanla: “Gültəkin!”- deyib fəqan qopardı. Məhəmməd Əmin uşaqlarla tez bağı axtarmağa başladı. Qəflətən Məhəmməd Əminin hovuza atıldığını gördük. Hovuza yaxınlaşdıq. Gültəkin hovuzun dibində uzanıb yerindən tərpənmirdi. Məhəmməd Əmin qıza tərəf üzüb onun saçından yapışdı, yuxarıya doğru çəkdi.

Dörd yaşlı uşaq təxminən üç-dörd dəqiqə olardı ki, batmışdı. Onun mavi dodaqlarına, ayaq barmaqlarına və dabanlarına baxan ana bir an onu xilas etmək üçün heç nə edə bilməyəcəyini düşündü. Tənəffüs yollarından suyu xaric edəndən sonra, döş qəfəsini iki əlli var gücü ilə basmaqla boğulan qıza nəfəs verən Məhəmməd Əmin taqətdən düşdü, anasına: - “Ana, bacarmadıq, sağ qala bilməyəcək, reaksiya vermir.” – dedi.  Sanki bu sözləri eşidirmiş kimi anidən qız gözlərini açdı. Əvvəlcə sadəcə baxdı, ətrafdakıları tanımağa çalışdı, sonra yüksək səslə - “Anacan”- deyə qışqırdı. Ana sevincdən qızını qucaqlayıb öpüb-ağlayır, xilaskarına dualar edirdi. Maral xanım heyrətdən nə edəcəyini bilmir, gah qızı əzizləyir, gah da Məhəmmədi dayanmadan öpür, oğlu ilə fərəh duyurdu. Məhəmməd Əmin sevincdən yaşaran gözlərini silir, qızı xilas etdiyi üçün özünü dünyanın xoşbəxti sayırdı.

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)