Təranə Turan Rəhimlinin sevdiyi şeir Hamlet Kazımoğludandır Featured

Rate this item
(2 votes)

Bu dəfə "Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı şair, ədəbiyyatşünas, tənqidçi və tələbələrin sevimli müəllimi , filologiya elmləri doktoru, dosent Təranə Turan Rəhimlidir.

 

-Xoş gördük, əziz müəllimimiz, sevimli şairimiz.

Hər mühazirənizdə Ədəbiyyatı -  müsbət obrazları bizlərə necə sevdirirdinizsə, illər keçməsinə baxmayaraq, o anlarda duyduğumuz hisslər indi də tər çiçəklər kimi təravətlidir. Poeziyaya olan sevginiz isə misralarınızda əksini tapmışdır. 

Poeziya qapıları bizə açılarkən ruhumuzu ayrı bir aləmdə hiss edirik, duyğularımız sanki dilə gəlib danışır.

Əziz Təranə xanım, sualımızı şərti olaraq Sizə ünvanlayıram. Elə bu an üçün 

"Sevdiyin şeiri gəl mənə söylə" - desək, unudulmaz müəllimimiz bizə hansı şeiri söyləyər?

 

- Xoş gördük, dəyərli və istedadlı tələbəm!  Ədəbiyyatı sevməmək, sevdirməmək mümkün deyil. Luis Landero deyirdi ki, uşaqlıq xoşbəxtlikdir, yeniyetməlik sevgidir, ömrün qalanı isə ədəbiyyatdır. Yəni, uşaqlıq və yeniyetməlik çox tez ötüb keçdiyinə görə əsas həyatımız ədəbiyyatdır, həyatı isə sevməklə yanaşı, sevdirmək də vacibdir. 

Mən dəfələrlə müsahibələrimdə demişəm ki, şeir ovqatın məhsuludur. Əslində təkcə şeirin yaranması yox, oxunması, qeyri-ixtiyarı yada düşüb söylənməsi də ovqatla bağlıdır. Ömrün dar məqamlarında, Allahın məni unutduğunu düşündüyüm çox çətin günlərimdə özümdən asılı olmadan Vaqif Səmədoğlunun "Mən burdayam, İlahi"  kəlməsi dilimə gəlib, öz-özümə şairin  "Bəlkə, dualarımı yolda vururlar?" şeirini pıçıldamışam.  Yaxud, özümdən  küsəndə, "özümdən yıxılanda"  Ramiz Rövşənin "Yıxılıram" şeiri yadıma düşüb. Hər bahar Nüsrət Kəsəmənlinin "Yasəmən" şeirini ən az bir dəfə pıçıldayıram: "Sən çiçək aç, dərəcəklər, yasəmən". İndi... bu günün ovqatı mərhum şairimiz, həyatdan çox gənc köçüb getmiş istedadlı dostumuz Hamlet Kazımoğlunun şeirinə köklənib:

 

MƏN AZADLIĞAM, SƏN - BAYRAQ

 

Gülüm, azadlıqdan məstəm,

Tut əlimdən ötüb gedək.

Uzun donlu bayraqların

Ətəyindən öpüb gedək.

 

Gözüm qanlı üfüqlərdə,

İçimdən sonsuzluq keçir.

Göz yaşı qurtuluş deyil,

İçindən qansızlıq keçir.

 

Mən azadlığam sən – Bayraq,

Gülüm, dərdimiz tən qalsın.

Gəl, ikimiz qucaqlaşaq,

Vətən elə Vətən qalsın!..

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2024)