POEZİYAMIZIN QIZIL FONDUNDAN - Səməd Vurğun - “Azərbaycan” Featured

Rate this item
(0 votes)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Səməd Vurğun və onun “Azərbaycan” şeiri. Poeziyamızda şairliyin və şeirin iki kulminasiyası. Bu şeiri bütün xalq əzbər bilir, demək ki, poeziya tariximizin əsl şah əsəridir. 

Elə təkcə Ümummilli liderimiz Heydər Əliyevin bu şeiri necə hiss və həyəcan burulğanında söyləməsi şeiriyyətin təntənəsi deyilmi?

Biz orta məktəbdə bu şeiri ixtisarla oxumuşuq, bu isə bütöv versiyadır. 

 

Çox keçmişəm bu dağlardan,

Durna gözlü bulaqlardan;

Eşitmişəm uzaqlardan

Sakit axan arazları;

Sınamışam dostu, yarı...

 

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam, doğma vətənimsən!

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

 

Mən bir uşaq, sən bir ana,

Odur ki, bağlıyam sana,

Hankı səmtə, hankı yana

Hey uçsam da yuvam sənsən,

Elim, günüm, obam sənsən!

 

Fəqət səndən gen düşəndə,

Ayrılıq məndən düşəndə,

Saçlarıma dən düşəndə

Boğar aylar, illər məni,

Qınamasın ellər məni.

 

Dağlarının başı qardır,

Ağ örpəyin buludlardır.

Böyük bir keçmişin vardır;

Bilinməyir yaşın sənin,

Nələr çəkmiş başın sənin.

 

Düşdün uğursuz dillərə,

Nəhs aylara, nəhs illərə,

Nəsillərdən-nəsillərə

Keçən bir şöhrətin vardır;

Oğlun, qızın bəxtiyardır...

 

Hey baxıram bu düzlərə,

Alagözlü gündüzlərə,

Qara xallı ağ üzlərə

Könül istər şer yaza;

Gəncləşirəm yaza-yaza...

 

Bir tərəfin bəhri-Xəzər,

Yaşılbaş sonalar gəzər;

Xəyalım dolaşar gəzər

Gah Muğanı, gah Eldarı.

Mənzil uzaq, ömür yarı!

 

Sıra dağlar, gen dərələr,

Ürək açan mənzərələr...

Ceyran qaçar, cüyür mələr,

Nə çoxdur oylağın sənin!

Aranın, yaylağın sənin.

 

Keç bu dağdan, bu arandan,

Astaradan, Lənkərandan.

Afrikadan, Hindistandan

Qonaq gəlir bizə quşlar,

Zülm əlindən qurtulmuşlar...

 

Bu yerlərdə limon sarı,

Əyir, salır budaqları;

Dağlarının dümağ qarı

Yaranmışdır qarlı qışdan

Bir səngərdir yaranışdan.

 

Lənkəranın gülü rəng-rəng,

Yurdumuzun qızları tək.

Dəmlə çayı tök ver görək

Anamın dilbər gəlini!

Yadlara açma əlini.

 

Sarı sünbül bizim çörək,

Pambığımız çiçək-çiçək.

Hər üzümdən bir şirə çək

Səhər-səhər acqarına,

Qüvvət olsun qollarına.

 

Min Qazaxda köhlən ata,

Yalmanına yata-yata,

At qan-tərə bata-bata,

Göy yaylaqlar belinə qalx,

Kəpəz dağdan Göy gölə bax!

 

Ey azad gün, azad insan,

Doyunca iç bu bahardan!

Bizim xallı xalçalardan

Sər çinarlar kölgəsinə,

Alqış günəş ölkəsinə!

 

Könlüm keçir Qarabağdan,

Gah bu dağdan, gah o dağdan.

Axşamüstü qoy uzaqdan

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi.

 

Gözəl vətən! Mənan dərin,

Beşiyisən gözəllərin!

Aşıq deyər sərin-sərin,

Sən günəşin qucağısan,

Şer, sənət ocağısan.

 

Ölməz könül, ölməz əsər,

Nizamilər, Füzulilər!

Əlin qələm, sinən dəftər,

De gəlsin hər nəyin vardır,

Deyilən söz yadigardır.

 

Bir dön bizim Bakıya bax,

Sahilləri çıraq-çıraq,

Buruqları hayqıraraq

Nərə salır boz çöllərə,

İşıqlanır hər dağ, dərə!

 

Nazlandıqca sərin külək,

Sahillərə sinə gərək.

Bizim Bakı — bizim ürək!

İşıqdadır qüvvət sözü,

Səhərlərin ülkər gözü.

 

Gözəl vətən! O gün ki sən

Al bayraqlı bir səhərdən

İlham aldın... yarandım mən.

Gülür torpaq, gülür insan,

Qoca Şərqin qapısısan!

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2024)