Ulduzlar sönmür… - Bu gün İsa Muğannanın anım günüdür. Featured

Rate this item
(4 votes)

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

“Bizim hamımız İsa Muğannadan təsirlənmişik və öyrənmişik"

Çingiz Aytmatov 

 

Bu gün Azərbaycan ədəbiyyatında magik realizmin yaradıcılarından biri olan "İdeal", "Məhşər", "Türfə" kimi məşhur romanlar müəllifi, Xalq yazıçısı, əməkdar incəsənət xadimi İsa Muğannanın anım günüdür. 

 

İsa Hüseynov 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa kişi müəllim olub. O, orta məktəbi bitirdikdən sonra Nəriman Nərimanov adına Tibb İnstitutuna daxil olub. Lakin 4 ay sonra kəndə qayıdıb, sonradan Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub.

Təhsilini Xalq yazıçısı Mehdi Hüseynin məsləhəti ilə Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirib.1952-ci ildə İnstitutu bitirərək əmək fəaliyyətinə başlayıb. İki il Azərbaycan Dövlət Nəşriyyatının (Azərnəşr) ədəbiyyat şöbəsində redaktor işləyib. 1960-1964-cü illərdə isə “Literaturnıy Azerbaydjan” jurnalında nəsr şöbəsinin müdiri olub.

Daha sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında altı il  redaktor, dörd il baş redaktor və beş il ssenari kollegiyasının üzvü olub. Bir neçə il isə Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor vəzifəsində çalışıb. 

1948-ci ildən ədəbi fəaliyyətə başlayan yazıçının “Anadil ötən yerdə” adlı oçerki ilk dəfə 1949-cu ildə “İnqilab və mədəniyyət” jurnalında çap edilib. 1950-ci ildən etibarən isə kitabları nəşr olunmağa başlayıb. 

Bir-birinin ardınca “Bizim qızlar”, “Dan ulduzu”, “Hekayələr”, “Yanar ürək”, “Doğma və yad adamlar”, “Teleqram”, “Tütək səsi”, “Pyeslər”, “Kollu koxa”, “Ömrümdə izlər”, “Saz”, “Məhşər”, “İdeal”, “Türfə”, “Qəbiristan”, “Cəhənnəm”, “İsahəq-Musahəq” və digər kitabları oxuculara təqdim olunub. ssenariləri əsasında “Nəsimi”, “Ulduzlar sönmür”, “Qərib cinlər diyarında” və s. filmlər çəkilib.

1976-cı ildə Əməkdar incəsənət xadimi, 1988-ci ildə xalq yazıçısı fəxri adlarına layiq görülüb. “Şərəf nişanı”, “İstiqlal” ordenləri ilə təltif olunub. 

Uzun müddət xroniki ürək çatışmazlığından əziyyət çəkən yazıçı 2014-cü il aprelin 1-də 85 yaşında vəfat etmiş, fəxri xiyabanda dəfn olunmuşdur.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2024)