FRİKS VƏ GELLA - Həftənin ən əsas mədəniyyət hadisəsi Pompeydə tapılan freskadır Featured

Rate this item
(0 votes)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Ulduzların yeni albomlarının çıxması, fiımlərin kassa gəlirlərinin hesablanması, La Skalada premyera, Luvrın yeni kolleksiya ilə zənginləşməsi, BeMayPoint auksionunda bahalı rəsm əsərinin  satılması… - mart ayının başlanğıcının əsas mədəniyyət xəbərləridir. Ancaq ən çox haqqında danışılan xəbər bunların heç biri deyil, haqqında bəhs edəcəyim xəbərdir. 

 

“Euronews”un efirindən izlədiyim xəbər hədsiz marağıma səbəb oldu. Pompey şəhərində - vulkan külü altında qalan əfsanəvi şəhərdə arxeoloqlar növbəti tapıntılarını üzə çıxarıblar. Söhbət unikal freskadan gedir. 

Söhbət antik miflərin qəhrəmanları Friks və Gellanın freskasından gedir. Süjetdə qeyd edilirdi ki, freska Ledanın evinə bitişik evin divarında aşkarlanıb. Olduqca əla vəziyyətdədir. 

Yunan mifologiyasına görə, Friks və Gella ekizdirlər, qardaş-bacıdırlar, analıqları məhsulun qıt olduğunu görüb Friksi qurban vermək istəyir. Bu zaman allahlar bu qardaş-bacıya evdən qaçmağa kömək edir, onlara uçan qızıl qoç göndərirlər. Qoçun belində uçarkən Gella yıxılır və körfəz sularında qərq olur. Həmin körfəz bir müddət Gella dənizi adlanıb, hazırda həmin su höfzəsi Dardanel boğazı adlanır. 

Yuxarı sağ tərəfi zədələnmiş freskada Friks və Gella eləcə də qızıl qoç təsvir ediliblər. Onlar səmadadırlar, həmin an Gella qoçun belindən yıxılaraq yerə düşməkdədir. 

 

Freskanın tapılması ilə bağlı tanınmış memar Cahid Həsənova müraciət etdik. Cahid Həsənov bu tapıntıya belə şərh verdi: 

-Pompeydən tapılan freska hər şeydən əvvəl öz şux rəngləri ilə adamı təəccübləndirir və valeh edir. Bizim eranın 79-cu ilində bu qədim Roma imperiyası şəhərinin məhv olması bəllidir. Demək, bu freskanın ən azı, 1945 yaşı var. Baxın, divar kağızlarımız, paltarlarımız, çəkdirdiyimiz şəkillər, xalça-palazlarımız - müasir dövrdə az qala rəngli hər şey 5-10 il keçməmiş rəngini itirir. Amma siz bu son tapılan freskaya, onun əsrarəngiz gözəlliyinə, rəng qammasına baxın. Hər şey sanki bir saat əvvəl çəkilibmiş kimi təzə-tərdir. Ən böyük möcüzə antik dövr rəngkarlığının və memarlığının bu nümunələridir. Onların texnikası hələ də açılmamış qalır.

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2024)