Heydər Əliyevin büstünü naturadan işləmiş tək heykəltəraş - BU GÜN ONUN DOĞUM GÜNÜDÜR Featured

Rate this item
(0 votes)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Onu kim tanımır ki? Böyükdən kiçiyə az qala hamı. Daşdan, qranitdən möcüzələr yaradan möcüzə adamdır o. Ömər Eldarovdur o. 

 

Bu gün görkəmli heykəltəraş, Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ömər Eldarovun 96 yaşı tamam olur.

“İstiqlal”, “Şərəf” və “Heydər Əliyev” ordenli akademik Ömər Eldarov həyatının 60 ildən çoxunu heykəltəraşlıq sənətinə həsr edib. Ötən müddət ərzində bu görkəmli sənətkar bir çox bənzərsiz sənət əsərləri yaradıb. Bu sırada Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın qəbirüstü abidələri, Cavidin abidəsi, Tokay Məmmədovla birgə ucaltdığı Füzulinin heykəli və daha neçə-necə sənət incisi var. Təsadüfi deyil ki, sənətşünaslar Ömər Eldarovu milli heykəltəraşlığımızın öncülü kimi səciyyələndirirlər.

Gəlin onun tərcümeyi-halına nəzər yetirək. 

Ömər Eldarov 1927-ci ildə Dəmir qapı Dərbənddə dünyaya göz açıb. Azərbaycan Rəssamlıq Məktəbində, sonra isə Rusiyanın Leninqrad (indiki Sankt-Peterburq) şəhərində İ.Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun heykəltəraşlıq fakültəsində təhsil alıb. O, gənc yaşlarından yerli və beynəlxalq sərgilərdə fəal iştirak edib.

Bütün mənalı ömrü boyu Ömər Eldarov yaradıcılıqla yanaşı, həm də Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısı olub. Təsadüfi deyildir ki, o, 1958-1968-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının katibliyinə üzv seçilib, 1970-ci ildə isə SSRİ Rəssamlıq Akademiyasının heykəltəraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilib. Eyni zamanda, Bakı Sovetinin deputatı (1969-1973) kimi fəaliyyət göstərib, mədəni-maarif işi üzrə komissiyanın rəhbəri olub. 1995-ci ildə isə müstəqil Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilən Ömər Eldarov parlamentdəki 5 illik fəaliyyəti dövründə xalqın elçisi vəzifəsinin öhdəsindən layiqincə gəlib.

60 ilə yaxın bir dövrü əhatə edən yaradıcılıq fəaliyyəti ərzində onun xeyir-duası ilə bir neçə nəsil istedadlı heykəltəraş bu çətin, eyni zamanda, şərəfli sənətin yollarında irəliləyib və bu gün də irəliləməkdədir.

Sədrəddin Ayninin (Düşənbə,1978),

Əbu Əli ibn Sinanın (Düşənbə, 1980), Hüseyn Cavidin (Bakı, 1993), rəssam Əzim Əzimzadənin (Bakı, 2001), bəstəkar Müslüm Maqomayevin (Bakı, 1987), İhsan Doğramacının (Ankara, 2001), Ümummilli Liderimiz Heydər Əliyevin (Qars, 2001) və dirijor Niyazinin (Bakı, 2017) abidələri ona məxsusdur. 

Ulu Öndərin obrazı heykəltəraşın yaradıcılığında xüsusi yer tutur. O, Heydər Əliyevin Naxçıvanda, Bakıda və digər şəhərlərdə ucaldılmış neçə-neçə abidəsinin müəllifidir. Ömər Eldarov çox yaxından tanıdığı və uzun illər ərzində dostluq etdiyi görkəmli siyasi xadimin şəxsiyyətinə xas olan yaddaqalan keyfiyyətləri müxtəlif materiallarda böyük sənətkarlıqla əbədiləşdirməyə nail olmuşdur. Ulu Öndərin Fəxri xiyabandakı və Ali Məhkəmə binasındakı abidəsi özündə yüksək bədii-estetik məziyyətləri yaşadan sənət nümunələridir. Ö.Eldarovun Ümummilli Liderin vaxtilə yaşadığı binanı bəzəyən xatirə lövhəsi də özünəməxsus forma-biçim və plastika mədəniyyəti ilə seçilir. Elə bu lövhənin qonşuluğundakı məşhur oftalmoloq Zərifə xanım Əliyevanın xatirə lövhəsi də böyük sənətkarlıqla işlənilmiş plastika nümunəsidir. Ö.Eldarov Zərifə xanımın Fəxri xiyabandakı məşhur məzarüstü abidəsinin də müəllifidir.

Görkəmli heykəltəraşın yaradıcılığında xalqımızın fəlsəfi fikri, yaradıcı təfəkkürü ən yüksək səviyyədə ifadə edilib. Onun görkəmli sənətkar Tokay Məmmədov ilə birgə yaratdığı Məhəmməd Füzulinin abidəsində dərd çəkən, düşünən insan və poetik ruhun vəhdəti öz monumental ifadəsini tapıb. Sağ əlini çənəsinə söykəmiş, sol əlində kitab tutan Füzulinin surəti tamaşaçını hər dəfə düşünməyə qərq etmirmi, edir. 

Heykəltəraşın bütün yaradıcılığı boyu müxtəlif materiallarda yaratdığı portretləri obrazı dərindən duymaq, onların səciyyəvi cəhətlərini qabartmaq istedadı xüsusilə yaddaqalandır. Oğlu Müslümün (1972), qızı  Lalənin (1970), Maestro Niyazinin (1984), Sevinc Rzaquliyevanın (1987), Aysel və Aytənin (1988) portretlərində də zərifliyin və yaradıcılıq ehtirasının bədiiləşmiş təsirli görüntüsü ilə qarşılaşırıq.

Görkəmli tişə ustası bütün materialları özünə doğma saysa da, deməliyik ki, onun ağacdan hazırladığı heykəllər ecazkar və heyrətamizdir. Bu mənada onun rəssam S.Bəhlulzadəyə həsr etdiyi iki portretlə yanaşı, dirijor Niyazi ilə bağlı “Elegiya” əsərini, Mahatma Qandi və Rabindranat Toqorun portretlərini, o cümlədən “Zamanın dörd rəngi” kompozisiyasını xüsusi qeyd etmək lazımdır. Son əsərində ağacın özünəməxsus ifadə məziyyətini ustalıqla duyan heykəltəraş bunu insan ömrünün müxtəlif illərini əyaniləşdirən obrazların fərdi və fərqli keyfiyyətlərini aşkarlamağa yönəldə bildiyindən əsərlər kifayət qədər duyğulandırıcıdır.

Ömrünün müdriklik çağını yaşayan ustad sənətkar bu gün də tükənməz enerji ilə yeni-yeni əsərlər yaratmaqdadır. 

Yüzə doğru!

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2023)