BU GÜN SON ZƏNGDİR. “Məktəb zəngi”, Coşqun Xəliloğlunun şeiri Featured

Rate this item
(0 votes)

Azərbaycan məktəblərində növbəti dəfə son zəng çalınır. Növbəti nəsil şagird adını abituriyent, ardınca tələbə adına dəyişəcək, kimsə sənət-peşə dalınca gedəcək.

 

Gah sinfə çağrıldıq,

Gah da ki tənəffüsə,

Öyrənmişdik hamımız

Ecazkar, sirli səsə.

 

Necə həzin səsdi o,

Necə qüdrət var onda,

Komandirtək hamını                                                           

Hazır edir bir anda.

 

Bu zənglə biliklərə

Əzmlə yiyələndik,

Əziz müəllimlərdən

Biz dünyanı öyrəndik.

 

Bu zəng təlim zəngidir,

Bu zəng tərbiyə zəngi,

Bu zəng bir musiqidir,

Bu zəng “Heyratı”, “Cəngi”

 

İndi son zəng çalınır,

Sonuncu məktəb zəngi,

Bizim üçün dəyişir

Ömrümüzün ahəngi.

 

On bir illik dostlardan                                                   

Ayrılmaq çətin, ağır,

Başqa yolumuz yoxdur,

Həyat çay kimi axır.

 

O birinci, bu son zəng

Ötüşdü günlər, aylar,

Son zəng biz məzunları

Gələcəyə haraylar.

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2024)