Beş manat Featured

Rate this item
(1 Vote)

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Ah! həyatdan əlini biryolluq üzmək nə qədər çətin, həm də nə qədər asan idi. Ya da necə də doyumsuz idik. Necə də bədbəxt və necə də xürrəm idik. Amma necə də nəfəssiz və bir o qədər də qüvvətli idik. 

 

Keçən dəfə bir şəxs ilə söhbət edərkən bir cümləsi diqqətimi çəkdi. Deyirdi ki, pisliyə can qurban. Bunu deyərək sözünə davam edir və səbəblərini izah edirdi. Üzümə baxaraq -Bu yolun sonu onsuz alovlu torpaq və cəhənnəm vadisidir, belə olan halda yaxşılıqlarımla niyə vaxtımı boş yerə itirim,- deyərək cibindəki son pula içki aldı və məndən ayrılaraq öz yoluna davam etdi. Mən isə otuz qəpik puluma yoldaş olsun deyə əlimi bütün ciblərimdə gəzdirərək on qəpik axtarırdım. Məlum məsələdir ki, avtobus qırx qəpikdir və əgər o on qəpiyi tapmasam, xalqımın düşüncə tərzindən öz qabıma müəyyən qədər mən də qoyduğum üçün beş manatımın başını pozmaq istəmirəm. Və... mən o on qəpiyi tapa bilmirəm. Çantanın dibindən bir beş, bir  də üç qəpik tapıram. Məlum məsələdir ki, onlar da işimə yaramır.

Beynimdə iki variant var :

1.Pisliyə can qurban. 

2.Beş manatın başını poz! 

 

Nəysə bir az yaxınlıqda olan mağazaya baxıb birinci variantı düşünürəm. Sonra müsəlman olduğum və içimdə hələ də vicdan duyğusunu axtarıb tapıram. Həmçinin on qəpikdən tez tapdığımı düşünüb sevinirəm. Ya da zəngin bir əhatəm olmadığı üçün etdiyim əməllərin nəticələrinə özüm dayanmalı olduğumu anlayıb, öz içimdən özümə, -Öl yerində, heç sənə lazımdır?! -deyirəm. Nəticə isə budur ki, o beş manat artıq yoxdur və nə olursa, o beş manatın başı pozulduqdan sonra olur...

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2024)