Pinokkio Avstriyalı olsaydı...

 

Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdıırırıq

 

26 oktyabr. Avstriyanın milli bayramı

 

Planetin ən xoşbəxt və qayğısıs əhalisi zümrəsinə avstriyalılar da daxildilər, vaxtı ilə hərb tarixində əsas rol oynayan bu dövlət 1955-ci ilin 26 oktyabrında tam neytral mövqü tutacağını elan edərək bundan sonra yalnız quruculuqla, əhalisinin rifahı ilə məşğul olacağını bəyan elədi. Ölkə ərazisində 2-ci dünya müharibəsindən sonra lövbər salmış SSRİ, ABŞ, Britaniya və Fransa qoşunları dərhal ölkədən çıxarıldı. Neytralitet Avstriyanın Konstitusiyasına da salındı. Təsəvvür edin ki, dörd ətrafda Avstriya yeganə dövlətdir ki, NATO üzvü deyil. Milli bayram da məhz bu tarixi özündə ehtiva edir. 

 

Avstriyanın böyük hissəsi ərazicə dağlardan ibarətdir, Alp dağı əzəldən bu ölkəyə qucaq açıb. Əhalinin dörddə biri paytaxtda – Vyanada yaşayır. Milli bayram günündə bütün ölkə boyu Avstriya bayraqları dalğalanır. Yeri gəlmişkən, Avstriya bayrağı dünyanın ən qədim bayraqlarından hesab edilir. Əfsanəyə görə, 1191-ci ildə Hersoq V Leopold döyüş zamanı yaralanır, onun ağ libası qanına bələnir. Yalnız kəmər yeri ağ qaldığından, üzərində ağ zolaq olan al qırmızı libas bayraq rəmzinə çevrilir.

 

Avstriyanın ən məşhur yerləri dünyaca şöhrətli Vyana Dövlət Operasıdır, dünya musiqisi korifeyi hesab edilən hər kəs mütləq burada konsert verir. Buradakı Kriml şəlaləsi Avropadakı ən hündür şəlalədir, su 380 metr yüksəklikdən tökülür. 1752-ci ildə salınmış Şönbrunn zooparkı dünyanın ən qədim zooparklarından hesab edilir. Zalsburq şəhərində isə dünyanın ən birinci açılmış oteli fəaliyyət göstərir, Sankt Peter Bezirk adlı bu otel 1218 il bundan əvvəl – 803-cü ildə rəsmən açılıb.

 

Milli bayramda Heldenplatsda – Qəhrəmanlar meydanında rəsmi dövlət mərasimi keçirilir. Ölkə başçısı, yüksək ranqlı məmurlar mərasimə qatılır, kilsədə ibadət edir, Mərkəzi qəbristanlıqdakı memorial kompleksdə naməlum əsgərin məzarı önünə əklillər qoyurlar. Maraqlı bir faktı deyim ki, bu qəbristanlıqda 2,5 milyon insan uyuyur, şəhər əhalisindən xeyli çox. Vyana qəbristanlığı bu cəhətdən dünyada yeganə qəbristanlıqdır. Bayram günü Nazirlər Soveti iclas keçirir, əsgərliyə yeni gedənlər hərbi and içirlər. Ən möhtəşəm tədbir Vyana Dövlət Operası binasında olur. Avstriya opera ölkəsi kimi tanınır axı. Klassik musiqinin dörd nəhəngi - Motsart, Haydn, Şubert və Ştraus avstriyalı olublar, Bethoven isə ömrünün böyük hissəsini burada yaşayıb. Hətta ən məşhur avstriyalı olan, Kaliforniya qubernatoru  Arnold Şvarsenegger də çalışır hər il 26 oktyabrı Vyanada keçirsin.

 

Bayram günü ölkə əhalisi müxtəlif mədəni və idman tədbirlərinə qatılır, sağlam həyat tərzinə çağırış məqsədi ilə fitnes-marşlar təşkil olunur. Xarici ölkələrdəki səfirliklər də oradakı avstriyalıları başlarına toplayıb bayram törəni keçirirlər. Bir sözlə, eyni zamanda şəhər mərkəzində 100000 insan bayram edir.

 

Avstriyanın neytrallığa belə meyl etməsi, müharibəyə qarşı bu qədər nifrətə sahib olmasının bir köklü səbəbi də var, bəşər tarixində ən çox can almış, ən qəddar müharibə olan 2-ci dünya müharibəsində Avstriya təcavüzkar ampluasında çıxış edib. Bundan da başqa, tarixin ən qanlı siması olan Adolf Hitler də avstriyalı olub, o, 1938-ci ilin 15 martında məhz Heldenplatsdakı  Yeni qəsrin eyvanından 3-cü Reyxin fəaliyyətə başlamasını elan edib.

 

26 oktyabr. Məşhur Neftçi Qurbanın 95 illiyi

 

Bu adam ölkəmizdə sosializm kultunun təbliğ etdiyi ən məşhur simalardan olub. Qurban Abasqulu oğlu Abbasov 1926-cı il oktyabr ayının 26-da Naxçıvan Muxtar Respublikası Babək rayonunun Payız kəndində anadan olub. Əmək fəaliyyətinə 1944-cü ildə Artyomneft trestində fəhlə kimi başlayan Qurban Abbasov sonra Azərneft Birliyinin qazma idarəsində qazmaçı, buruq ustası, Gürgənneft NMİ-nin şimal qazma sahəsi idarəsinin rəisi vəzifəsində işləmişdir. Neft və qaz quyularının qazılması ixtisası üzrə AzNKİ-nun (indi ADNSU) neft-mədən fakültəsini bitirmişdir. 1951-ci ildə Qurban Abbasov alim, geoloq, mühəndislərlə birgə Neft Daşlarının kəşfinə görə I Dərəcəli Stalin Mükafatına layiq görülmüşdür. O, 9 dəzgahı olan sahəyə rəis təyin olunub, hər bir dəzgahın qazma sürətini 1400 m-ə çatdırmağa nail olmuşdur. Q, Abbasov 1958-ci ildə Sosialist Əməyi Qəhrəmanı Qızıl Ulduzu ilə təltif edilmiş, ömrünün sonunadək yüksək vəzifələr daşımışdır. Son vəzifəsi Azərbaycan Dövlət Neft Şirkətinin baş müşaviri vəzifəsi olmuşdur.

 

O, 4 dəfə SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Neftçi Qurban əmək fəaliyyətinin 50 illik yubileyi münasibətilə Azərbaycanın ən yüksək mükafatı – Şöhrət ordeni ilə təltif olunmuş və bu adı alan ilk neftçi olmuşdur. Qurban Abbasov 1994-cü il sentyabr ayının 14-də Bakı şəhərində vəfat etmişdir. Onun adının əbədiləşdirilməsi məqsədi ilə Titan-2 üzən kranına, Bakı Şəhəri 288 nömrəli tam orta məktəbə Neftçi Qurbanın adı verilmişdir. Lökbatan qəsəbəsində onun adına mədə­niyyət sаrаyı, küçə, məktəb, körpü, Bayıl qəsəbəsində küçə vardır. Tələbə və аspirаntlаr üçün “Nеftçi Qurbаn” təqаüdü təsis еdilmişdir. Bəstəkаr А.Rzаyеvаnın məşhur “Nеftçi Qurbаn” mаhnısı оnа həsr оlun­muşdur. 1970-ci ildə onun həyatından bəhs edən “Neftçi Qurban” filmi çəkil­mişdir. Ruhu şad olsun!

 

26 oktyabr. Nəsli kəsilən naurulular

 

Bu gün Nauruda Anqama günü qeyd edilir. Okeaniyada yerləşən bu cırtdan dövlət təhlükə ilə üz-üzədir. Yür üzündən silinməkdə olan nauru xalqı hazırda cəmi 1500 nəfərdən ibarətdir, məqsəd bu xalqı qorumaqdır. Tunisdə mühəndislik, Liviyada İtaliya müstəmləkəçilərinin qurbanlarının xatirəsi, Hindistanda Kəşmir əyaləti ilə birləşmə, Benində silahlı qüvvələr, Amerikada isə ət farşı ilə piroq günüdür.

 

1938-ci ildə Du Pont firması yeni sintetik materialın – neylonun təqdimatını edib. 1900-cü ildə Nyu-Yorkda metropolitenin ilk xətti aşılıb. 1863-cü ildə Londonda İngiltərə Futbol Assosiasiyası yaradılıb. 1861-ci ildə alman ixtiraçısı Filipp Reys Frankfurtda telefon adlı kəşfini üzə çıxarıb. 1636-cı ildə Harvard kollecinin açılışı olub.

 

26 oktyabrda Hillari Klinton (1947) və Fransua Mitteran (1916) kimi siyasi xadimlər dünyaya gəlmişlər, “Pinokkio” nağılının müəllifi, italyan yazıçı Karlo Koloddi isə dünyasını dəyişmişdir (1890).

 

Varisin “21-27 oktyabrən təqvimi” yazısından seçmələr

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.