Bu gün beynəlxalq musiqi günüdür

Rate this item
(0 votes)

 

1 oktyabr. Beynəlxalq musiqi günü

 

İnternational Music Day. İnsanlığın estetik gözəllikləri sırasında musiqi əvəzsiz yer tutur. O, insanın ruhuna qida verir, hiss və emosiyalarını oyadır. İlk dəfə musiqi gününü 1975-ci ilin bugünkü günündə keçiriblər. YUNESKO tərkibindəki Beynəlxalq Musiqi Şurası (IMC) bu günün qeyd edilməsinin təşəbbüskarı olub. Musiqi barədə o qədər bilmədiklərimiz var ki. Məsələn, beyin qidaya reaksiya verdiyi sürətlə musiqiyə də reaksiya verir. Musiqinin kulminasiya anında o ki deyirik e, tüklərim ürpəşdi, bu, beyinin ayırdığı dofamin maddəsi ilə əlaqədardır ki, bu maddəyə həm də həzz maddəsi deyilir; 1912 – 1948-ci illər tarixindəki Olimpiya oyunlarının proqramına musiqi üzrə də yarışma qatılıbmış. Yarışlar orkestr və instrumental musiqi üzrə solo və xor ifası şəklində keçirilirmiş; Pok ulduzlarının orta statistik ömrü adi insanlarınkından 25 il qısa olur; Ağır rokun “metal” stilində ifa edən bütün musiqiçilərin 19,3 faizi intiharla ömürlərini başa vurur; Xorvatiyanın Zadar şəhərinə yüz minlərlə turist gəlir ki, təbiətin ifa etdiyi canlı musiqini dinləsinlər: dənizə düşən ağ mərmər pillələrin altında yerləşən polietilən borular və rezin səth küləyin və dalğanın toxunuşu ilə elə harmonik və eleqant səs çıxarır ki, ilk dəfə dinləyən şəxs bunun əsil musiqi olmasına əsla şübhə etmir; Bitlz qrupunun dörd üzvünün heç biri not tanımırdı; Fortepiano 12000 ayrı hissələrdən pərçimlənib; 2016-cı ildə dünyada ən çox kompakt disk satan çağdaş müğənni Beyons olub, amma həmin il Motsartın bundan 20 faiz daha çox kompakt diski satılıb – 1, 25 milyon ədəd; Albert Eynşteynin əla skripka ifa etməsi var idi və s. və i.

 

1 oktyabr. Ümumdünya gülüş günü

 

Biz Sovet dönəmində aprelin 1-ni səbirsizliklə gözləyirdik, həmin gün aldatma günü sayılırdı, daha çox adamı aldatmaq və aldanmamağa çalışmaq – hər kəsin kredosu belə idi. Sonralar postsovet məkanında həmin günü gülüş günü kimi təqvimlərə saldılar. Amma dünyada isə Ümumdünya gülüş günü bu il məhz bu gün – oktyabrın 1-də qeyd edilir: World Smile Day. Biz postsovetin bir parçası olmaqdan vaz keçib gəlin özümüzü dünyanın bir parçası hiss edək, belədə, Gülüş günümüz mübarək olsun! Bu gün yaxşı əhval-ruhiyyədə olmaq, pozitivlik nümayiş etdirmək tələb olunur hər kəsdən. Hər kəsin nəyəsə ehtiyacı var. Birinin sonuncu bir milyonu toplayıb varidatını milyarda çatdırmağa, birinin evinə bir çörək almaq üçün zibilxanadan tapaçağı sonuncu karton parçasına. Amma maddi ehtiyac bir yana, mənəvi ehtiyacı ödəməkçün gülüş, yaxşı əhval-ruhiyyə çox vacibdir. Sadəcə gülümsəməklə insan dərhal qaramatdan azad ola bilir. 1999-cu ildən üzü bəri hər ilin oktyabr ayının ilk cüməsinin gülüş günü kimi qeyd edilməsinin kökləri Amerika rəssamı Xarvi Bellə gedib çıxır. Zamanında onu hətta istedadsız sanırmışlar, o, heç cür parlaya bilmirmiş. 1963-cü ildə SMLACA sığorta şirkətindən ona sifariş gəlir ki, vizit kartları üçün nəsə yaddaqalan bir simvol yaratsın. Xarvi oktyabrın ilk cüməsində onlara hırıldayan sarı sifət təqdim edir, indi biz buna smayl deyirik. Sifarişçilər məmnun qalıb ona 150 dollar ödəyirlər, beləcə, çox bəyənilən gülümsəyən smayl dünyaya yol açır.

 

Gülüş doğuran lətifələrə bənzər məzəli hadisələr daim bizi təqib edir, yetər ki, onlara diqqət ayıraq. Birini mən deyim, qalanını da siz deyərsiniz. 90-cı illərin sonları imiş. Bir dəfə rəhmətlik kaman ustamız Habil Əliyev bir tədbirdə iranlı bir musiqiçi ilə tanış olur. Habil Əliyev ondan soruşur ki, neçənci təvəllüdsən? İranda təqvim Hicri-qəməri təqvimidir, təbii ki, bunu hamımız bilirik. İranlı deyəndə ki, 1367-ci ildənəm, Habil Əliyev dərhal “Maşallah, yaxşı qalmısan” söyləyir. 

 

1 oktyabr. Beynəlxalq Ahıllar Günü

 

2002-ci ilin aprel ayında İspaniyanın paytaxtı Madrid şəhərində BMT-nin ahıllar üzrə II Ümumdünya məclisi keçirildi. Bu ümumdünya tədbirində belə bir fikir səsləndi: “Yaşlılar da cəmiyyətin bərabərhüquqlu vətəndaşlarıdır, onlara ehtiram göstərmək yüksək insani keyfiyyətdir. Lap qədim zamanlardan ahıl insanlar ən hörmətli, müdrik adamlar hesab olunmuşlar. Onların sərvəti onların həyat təcrübəsidir. Onlara qulaq asıb, dediklərinə əməl etməklə bu sərvətə sahib olmaq mümkündür”. BMT-nin Baş Məclisi 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul etdi. Həmin Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qeyd edilir.

 

Yaşlı insanların taleyinə respublikamızda da ciddi diqqət yetirilir. 2001-ci il iyun ayının 22-də “Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanuna əsasən ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl sayılır. Beynəlxalq Ahıllar Günü ərəfəsində bütün dünyada olduğu kimi, ölkəmizin şəhər və rayonlarında da müəyyən qurumlar ərazidə yaşayan ahıl vətəndaşların ehtiyaclarını öyrənərək onlar üçün bayram süfrələri, ərzaq bağlamaları təşkil edir, müxtəlif xeyriyyə, şəfqət və mədəni-kütləvi tədbirlər həyata keçirirlər. Həmin tədbirlərdə respublika üzrə 10 minlərlə ahıl və əlil vətəndaş bayram süfrələrinə dəvət olunur, onlara ərzaq paylanır, maddi yardım göstərilir. Gəlin bir ağızdan ahıl insanları təbrik edək!

 

1 oktyabr. Herontoloq günü

 

Herontologiya elmi insan orqanizminin bioloji, psixologi və sosial aspektdən qocalmasını öyrənən elmdir. Bəzən qocalma prosesi erkən baş verir, bəzənsə yubanır. Təbii ki, buna səbəb insanın sağlamlıq durumu, keçirdiyi həyat tərzidir. Bir də, ağ, yaxud qara gün sürməsidir.

 

1 oktyabr. Ağ-qara yayımdan rəngli yayıma

 

Bu gün həm də Beynəlxalq vegetarianlıq günüdür. Ümumdünya kakao və şokolad günüdür həm də. Kofe kakaodan və şokoladdan geri qalarmı? Üstəlik, beynəlxalq kofe günüdür. Həm də CD player günüdür. ABŞ-da bu gün maliyyə ilinin başlanğıc günüdür. ABŞ-da bu gündən məktəb direktorları aylığı başlayır, həm də itləri gəzdirmək həftəsi. ABŞ-ın mətbəx bayramları silsiləsi də davam edəcək. Demokratiya carçıları bu gün Milli Balqabaq üçün ədva gününü qeyd edəcəklər. Azərbaycanda isə bu gün Prokurorluq işçilərinin peşə bayramıdır.

 

1967-ci ilin bu günündə hər bir sovet adamı üçün əsl bayram imiş – televiziya rəngli verilişlər verməyə başlayıbmış. 1949-cu ildə Pekində Çin Xalq Respublikası qurulub. Tarixdə ilk yaxta yarışı isə 1661-ci ilin 1 oktyabrında İngiltərə Krallığında baş tutub, Kral II Karl qardaşı Ceymslə yarışıb və onu keçib. Ola da bilsin ki, Ceyms qorxusundan qardaşına uduzub. Ağzı nədir, kralı keçsin?

 

Varisin “1-10 oktyabrın təqvimi” yazısından