Arzulamağı sevirsinizmi – bu gün Ümumdünya arzular günüdür

Rate this item
(0 votes)

25 sentyabr. Ümumdünya arzular günü

Bəh, bəh! Nə gözəl bir gündür. Xüsusən, arzular ilə reallıq arasında dərin uçurum olan cəmiyyətlərdə insanlar yalnız arzularda xoşbəxt olurlar. Arzularda biz yaxşı iş-güc, mal-dövlət, pul-para yiyəsi oluruq, sevdiklərimizə qovuşuruq, dünyanın gəzməli-görməli yerlərinə gedir, əlçatmaz insanlarla görüşürük, tam azad, tam demokratik bir cəmiyyətdə yaşayırıq.  Arzulamaq günü realda xoşbəxt yaşayan xalqlar üçündür, onların hər şeyi var deyə adi halda arzuları olmur, ildə bir dəfə qeyri-adi bir şeylər arzulamaq xahiş olunur onlardan. Biri pop star olmaq, biri Ginnesin rekordlar kitabına düşmək, biri Marsa uşmaq, biri naməlum adaya düşməyi arzu edir. Bizlər isə onsuz da bütün il boyu arzulayırıq. Kaş benzin, ərzaq, kommunal xərclər daha qalxmaya, kaş bank əmanətlərinin faizi düşə, kaş uşaqpulu verələr, kaş Qarabağ problemi biryolluq bitə, kaş korrupsiyaya son qoyula və s. və i. Bizimçün xüsusi arzulamaq gününə nə lüzum?

 

25 sentyabr. Ümumdünya çaylar günü

Kür və Araz çayları – Azərbaycan cöğrafiyasının əsas istinadgahları sırasında yer alan iki çay. Üstəlik, Araz - həm də ikiyə bölünmüş Azərbaycanımızın rəmzi. 2005-ci ildən bəri qeyd edilən bu gündə çaylar barədə bilgilərinizi gəlin xatırlayaq. Dünyanın ən uzun çayı Amazondur, 6992 metr uzunluğa malikdir. Nil çayı Afrikanın, Qanq çayı Hindistanın müqəddəs rəmzi hesab edilir və s.

 

25 sentyabr. Ümumdünya farmasept günü

Bilmirəm, bunun statistikası aparılıbmı, amma biz dünyada ən çox dava-dərmandan istifadə edən xalqlardanıq. Əslində, bu bizim daha çox xəstələnən xalq olmağımızdan irəli gəlmir, bunun başqa səbəbi var. Deyilənə görə, bizim dərman işiylə  məşğul olanlarımız – yəni ölkəmizə dərman gətirənlər halala haram qatırlar, tutalım, hansısa bir dərmanın tərkibində 10 komponent varsa, istehsalçıya deyirlər ki, bunun sayını 5 elə, qoy onu almaq mənə ucuz başa gəlsin. Qazancları ikiqat olsun düşüncəsiylə insanlara qənim kəsilirlər. Nəticədə, dərmanlar xəstələri sağaltmır deyə hey yenidən onlara təlabat yaranır. Bu bir nağıl deyil, reallıqdır.

Gəlin farmasept (türklər demişkən, əczaçı) günündə bu sahədə çalışanlara halallıq arzulayaq.

 

25 sentyabr. Komikslər günü

Komiks ingiliscə comic — gülməli mənasını verir, hər hansı hekayənin şəkillər vasitəsilə təsviridir. Komiks özündə eyni zamanda ədəbi və təsviri sənətləri daşıyır. Komikslər müxtəlif mədəniyyətlərdə çox fərqlənirlər. Amerika formatında komikslər nazik broşürlərdə, gündəlik, əsasən rəngli şəkildə çıxırlar.Yaponiya və Avropa komiksləri həftəlik və ya aylıq jurnallarda seriallar şəklində çıxırlar;Yaponiyada bunlar adətən ağ-qara olurlar.Yaponiya komiks jurnalları yüzlərlə səhifədən ibarət ola bilir. Bizdə geniş yayılmasa da komikslərə dünyada maraq böyükdür. Hətta ən populyar mətbu orqanlar belə  (The Nyu-York Times-də şəxsən öz gözümlə görmüşəm) öz səhifələrində vaxtaşırı komikslərə yer ayırırlar.

 

25 sentyabr. Göbələk və adadovşanı

Bu gün Avropada göbələk günü kimi də qeyd olunur. İnsanlar meşələrə üz tutub göbələk dərir, dincəlirlər. Meşədən uzaq olanlar isə marketlərdən göbələk alırlar. Günün anlamı odur ki, bu gün hər kəs göbələk yeməlidir. Yəqin məlumatlısınız da, dünyada ən bahalı qida məhsulu məhz göbələkdir, göbələyin trüfel adlanan növüdür. Yerin altında bitən, dünyada çox nadir rast gəlinən, cəmi 3 ay bar verən, xüsusi təlim itləri ilə üzə çıxan bu göbələklər ağ və qara rəngdə olurlar. Ağ trüfel daha bahadır, onun bir kiloqramı 3 min avro dəyərindədir. Amma quraqlıq illərində bu göbələk tam defisitə çevriləndə onun qiyməti daha da kəlləçarxa qalxır. 2012-ci ildə Böyük Britaniyada bir lord ziyafəti üçün bu göbələyin kilosunu 9000 avroya alıblarmış. Bu göbələyin elə bir bihuşedici ətri var ki, narkotik tək adamı cəlb etdiyi söylənilir. Sizi əmin edirəm ki, ayı əti yeyən, milyonluq saat itirən, itinə 78 min funtluq pul xərcləyən sayaq həmvətənlərimiz də o göbələkdən dadıblar. Trüfel göbələyi qara kürü kimi qidadan daha çox imtiyaz və dəbdəbə vasitəsi hesab edilir deyə bizə onu görmək də yox, ən yaxşı halda şəklinə baxmaq qismət ola bilər. Buyurub qapaq fotosuna baxa bilərsiniz.

Bu gün həm də Beynəlxalq adadovşanı günüdür. Bu maraqlı canlılar son vaxtlar əsil ev heyvanına çevriliblər, insanlar onları evlərdə saxlayırlar. Onlar da kökdən, kələmdən yeyir, yemək gecikdiriləndə də dibçəkdəki güllərə daraşırlar.

1881-ci ilin bugünkü günündə müasir Çin ədəbiyyatının banisi Lu Sin dünyaya gəlib. 1789-cu ilin bugünkü günündə general Xoser de Ribas Osmanlı qalası olan Hacı-bəyi işğal edərək onun adını Odessaya dəyişib. 1644-cü il danimarkalı astronom Ole Remyerin doğum günüdür, o şəxsin ki, ilk dəfə işığın sürətini ölçüb. 1493-cü ildə Xristofor Kolumb ikinci dəfə Amerikaya üzüb.

 

25 sentyabr.  Xanlar Haqverdiyevin 115 illiyi

Xanlar Haqverdiyev adı əlbəttə ki, çoxumuza tanış deyil. Musiqi tariximizdə əvəzsiz izlər qoymuş bu şəxs 1906-cı il sentyabr ayının 25-də Ağdam rayonunun Seyidli kəndində anadan olub. 1928-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsinə daxil olub, Seyid Şuşinskidən klassik muğamlarımızın incəliklərini öyrənib. 1932-1933-cü illərdə Türkmənistanda Azərbaycan Dövlət Opera və Dram Teatrı yaradılanda bu teatrın inkişafında görkəmli aktyor Rza Əfqanlı ilə yanaşı Xanlar Haqverdiyevin də rolu böyük olub. O, türkmən xalqının böyük rəğbətini qazanıb, 1939-cu ildə ona Türkmənistan SSR-nin “Əməkdar artisti” fəxri adı verilib.

Xanlar Haqverdiyevin 1959-cu ildə Moskvada Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyündə iştirak edərək “Sevil”, “Koroğlu” operalarında çıxış etməsi onun şöhrətini birəbeş artırıb.

Musiqili səhnə sənətini inkişaf etdirmək sahəsində göstərdiyi xidmətlərinə görə o, dəfələrlə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin, keçmiş Sovet İttifaqı respublikalarının fəxri fərmanları ilə, “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif edilib. 1956-cı ildə Azərbaycan SSR-nin “Əməkdar artisti” fəxri adına layiq görülüb. Xanlar Haqverdiyev 1980-ci il dekabr ayının 5-də vəfat edib, ruhu şad olsun.

 

Varisin 21-30 sentyabrın təqvimi yazısından