Bu gün gecə ilə gündüz bərabərləşir

Rate this item
(0 votes)

 

22 sentyabr. Payız bərabərliyi günü

 

Bu gün payızın astronomik başlanğıcıdır. Autumnal Equinox Day gününün məğzi odur ki, bu gün Günəş tam dəqiqliklə Şərq nöqtəsində doğub tam dəqiqliklə Qərb nöqtəsində batacaq.  Bu gün gündüzlə gecə bərabərləşəcək. Bildiyiniz kimi, bir də martın 22-si belə bir gün olur. Martın 22-sində gecəylə gündüz bərabərləşib yazdan xəbər verirlər, pozitivlik gətirirlər, o gündən etibarən gündüzlər uzanır, gecələr qısalır. Ta ki 22 iyuna qədər. 22 iyun ən uzun gün olur. Sonra gündüzlər qısalmağa, gecələr uzanmağa başlayır. 22 sentyabrdakı bərabərlikdən sonra isə 22 dekabrda bu dəfə ən qısa günə şahidlik edirik. Məğz bax budur.

 

22 sentyabr. Avtomobilsizlik günü

 

World Car Free Day! Əlbəttə, biz azərbaycanlılar üçün avtomobil nəqliyyat vasitəsindən daha çox özünü gözə soxma vasitəsinə çevrilib, bəzilərinin evində əsl avtopark var, onlar hava tutqun olanda bir, günəşli olanda başqa, yayda bu, qışda digər avtomobillərdən istifadə edirlər, işgüzar görüşlərə yollananda istirahətə yollanarkən sürdükləri avtomobili dəyişirlər. Biz elliklə avtomobil sürürük, amma fərqinə varmırıq ki, bu qədər nəqliyyat vasitəsinin istismarı nəticəsində hava hədsiz çirklənir. 1994-cü ildə ekoloq alimlər ilk dəfə həyəcan təbili çalaraq neftlə işləyən daxili yanma mühərrikli avtomobillərin ətraf mühitə vurduqları ziyanın həcmini diqqətə gətirmişlər, beləcə bugünkü simvolik gün meydana çıxmışdır.

 

Bircə gün heç kəs avtomobilini qarajdan çıxarmır, ya piyada, ya velosipedlə (bəsdirin, velosiped sürənlərə dəvə nalbəndə baxdığı kimi baxdınız) hərəkət edirsiniz. Əvəzində, ciyərlərinizə zəhər dolmur. Əvəzində yaşıllıqlar, su və hava bircə gün təmiz qalır, zəhərə bulaşmır.

 

22 sentyabr. Ümumdünya filləri müdafiə günü və ümumdünya kərkədan günü

 

Bu gün məhz bu iki heyvanın müdafiəsi günüdürsə, kərkədana əlimiz çatmır, filə nə gəlib, onu təbrik edə bilərik ki. Düzdür, əslində bura Hindistan deyil ki, küçəylə fillər hərəkət etsin, biz də yaxınlaşıb onların xortumuna qənd uzadaq. Amma fil gününü ən azı “Fillər mənim dostumdur” adlı hind filminə təkrar tamaşa etməklə qeyd edə bilərik.

 

Fillər ən intuisiyalı heyvandırlar, xəbəriniz varmı? Canlılar içində onlar yeganə canlıdırlar ki, öz ölümlərini qabaqcadan duyurlar və bəzən min kilometrlərlə məsafə qət edib fil qəbiristanlığına gedirlər, orada canlarını tapşırırlar. Əslində, bu, təbiətin ən böyük möcüzəsidir, amma indiyədək elm bu möcüzəyə dırnaqarası yanaşıb, onu boş verib.

 

22 sentyabr. “Əziz gündəlik” günü

 

İnsanlar ürək sözlərini ən yaxın dostlarına, rəfiqələrinə, doğmalarına etibar etmirlər, amma gündəliklərinə etibar edirlər, düzdürmü? Bizim vaxtlarda gündəlik adlanan, indisə türklərdənkeçmə “not dəftəri” ilə əvəzlənən bu nəsnə ən doğma, ən yaxın varlığa çevrilir onun sahibi üçün. Şəxsən mən altıncı sinifdə oxuyandan gündəlik yazıram, əsl nostaljidir, tutalım, 40 il əvvəlki 22 sentyabrda baş verən günləri xəyal dünyasında yenidən yaşamaq. 1981-ci il. Həmin ili BMT əlillər ili elan etmişdi. 22 sentyabrda ilk Boing uçuşa hazır vəziyyətə gətirilmişdi. Beliz adlı dövlət müstəqillik əldə etmişdi. Uqandada partizan müharibəsi başlamışdı. SSRİ ilə Türkiyənin ertəsi gün oynayacağı dünya çempionatının seçmə futbol matçını səbirsizliklə gözləmişdik. (O vaxt biz uşaqlar elə bilirdik ki, SSRİ vətən, Türkiyə isə məğlub ediləsi bir rəqibdir). Və Türkiyə 0:4 uduzmuşdu da. Həmin gün Sellincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanını oxuyub bitirmişdim. Sumqayıtın 8-ci mikrorayonundakı Ərzaq mağazasında donmuş bolqar toyuğundan ötrü çox uzun növbə yaranmışdı. Ən nəhayət, dostum Əlicavanla boşuna mübahisə edib dalaşmışdıq.

 

Bu 22 sentyabr günü Fransada xüsusi təmtəraqla qeyd edilir, fransız inqilabının baş tutduğu Vanmeymer ayının ilk günüdür. Latviyada Mişel günü qeyd edilir, Bolqarıstan və Mali müstəqillik, Amerika konusda dondurma gününü qeyd edir.

 

1980-ci ildə İran-İrak müharibəsi başlayıb, 1955-ci ildə Argentinada hərbi çevriliş olub, 1935-ci ildə SSRİ-də Marşal hərbi rütbəsi təsis edilib, 1862-ci ildə ABŞ prezidenti Avraam Linkoln afroamerika qullarına rəsmən azadlıq verib.

 

Varisin “21-30 sentyabrın təqvimi” yazısından