Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi "Avropa nağılları" layihəsini təqdim edir

Rate this item
(0 votes)

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi "Avropa nağılları" sosial layihəsi çərçivəsində Aİ-nin 27 üzv dövlətinin nağıl və əfsanələrini Azərbaycan dilinə tərcümə edib.
Aİ-nin Azərbaycan Nümayəndəliyindən AzərTAC-a bildirilib ki, rəngarəng kitab formasında nəşr olunan nağıllar toplusu, ölkənin müxtəlif uşaq evlərində, sığınacaqlarında və uşaq kitabxanalarında olan uşaqlar arasında paylanacaq.
Bu kitab Azərbaycandakı uşaqlara Avropanın müxtəlif xalqları haqqında məlumat əldə etməyə, köklərini və ənənələrini və Avropa dəyərlərini kəşf etməyə kömək edəcək. Saysız-hesabsız müharibələrdən alovlanan bugünkü Avropa sülhə can atır. Bu sülh bir-birini başa düşməkdən, fərqlərə hörmət etməkdən, oxşarlıqlar tapmaqdan və əməkdaşlığı inkişaf etdirməkdən başlayır. Qoy bu kitab parlaq və dinc gələcəyə doğru nəcib bir yolda kömək olsun.
Daha geniş ictimaiyyəti Avropa nağıllarının sehrli dünyası ilə tanış etmək üçün, çap versiyası ilə yanaşı, Aİ Nümayəndəliyi quruma üzv dövlətlərin səfirləri ilə birlikdə, səfirliklərin digər əməkdaşları tərəfindən danışılan nağılların videoversiyalarını hazırlayıb ki, onlar peşəkar aktyorlar tərəfindən Azərbaycan dilində dublyaj edilib. Videonağıllar dünəndən etibarən nümayəndəliyin https://www.facebook.com/EUDelegationtoAzerbaijan/  facebook səhifəsində hər gün yayımlanmaqdadır.
Kitabın Azərbaycan dilində elektron versiyası Aİ Nümayəndəliyinin internet səhifəsində mövcuddur.