Azərbaycanlılara həqarət edənə azərbaycanlılardan on minlərlə “like”!

Rate this item
(0 votes)

YouTube platformasında Shorts qısa paylaşımlar guşəsində azərbaycanlı Elçin Mürsəlov adlı birisinin paylaşımı trenddədir, qısa müddətdə 365 min baxış, 11 min  “like” toplayıb. “Azərbaycanlı olduğunu demədən göstər” adlanan süjetdə qiz sinəsinin ətir qoxusunu oğlana qoxuladır. Sonra oğlan sinəsini qıza tərəf tutur ki, bu dəfə qız qoxulasın. Qız gözünü yumub qoxulayanda oğlan sinəsini çəkib qolunun altını qızın burnuna tutur. Kəsif qoxudan gözünü açan qız qəzəblə oğlana təpik atır. Bu da, guya ki, izləyicidə gülüş doğurmağa hesablanıb.
Nə demək istəyir süjet müəllifi? Bunu bir zarafat sanır, bir yumor sanır yəqin ki. Amma kökündən yanılır. “Azərbaycanlı olduğunu demədən göstərmək” məhz qıza qoltuğunun altını ilətdirmək kimi tərbiyəsizliyi, murdarlığı, qanacaqsızlığı, ləyaqətsizliyi özündə ehtiva edirsə, demək, bizim xalqın aparıcı xüsusiyyətləri bunlardır?
İndi sosial şəbəkələrdə hər cür savadsız, hətta anlaqsız insan görmək olar. Belələri düşük və şit, bəzən vulqar və pozğun tərzdə özlərinə izləyici yığır, “like” sevdasına çıxır. Zövqsüzlük aşılayırlar, cəhənməmə, bir təhər dözmək olar. Tərbiyəsizlik aşılayırlar, yenə cəhənnəmə, zəmanə pozulub deyərək buna da birtəhər dözmək olar. Amma xalqı bu cür təhqir etmək satqınlıqdır, xainlikdir, cinayət məsuliyyətidir.
Mental xüsusiyyətinə görə dünyanın ən tərbiyəvi xalqlarından biri sayılan, adət-ənənələrinə, böyüklə kiçik arasındakı, kişiylə qadın arasındakı qarşılıqlı hörmətə digər xalqların həsəd apardığı  Azərbaycan xalqına  bu cür ləkə yaxmaq olarmı? Özü də bunu hansısa Jirinovski, hansısa Petrosyan eləmir, bunu öz azərbaycanlımız eləyir. Hanı bəs ən azı ictimai qınaq?
Bu cür hallara dərhal son qoymaq, xalqın mənliyinin keşiyində durmaq lazımdır.
Dərhal!