Xalqına pivə qonaqlığı verən rəhbər, çərpələng uçuranlar, bir də Oranqutan Günü Featured

Rate this item
(2 votes)

 

11-20 avqustun təqvimi Varisin təqdimatında

 

 

 

11 avqust. Qütb köpək balığı günü

 

2016-cı ilin bügünkü günündə tədqiqatlar belə bir nəticə verdi ki, Şimali Atlantika sularında yaşayan Qrenlandiya qütb köpək balığı (Somniosus microcephalus) Yer kürəsində mövcud olan onurğalılardan ən uzunömürlüsüdür. Bu canlı, deməzsənmiş, 400 il yaşayır, təbii ki, insan mərdimazarlığına tuş gəlməsə. Elə bu günün də məğzi odur ki, bu nadir canlı insan mərdimazarlığından hifz olunsun, ovlanmasın, qorunsun.

 

11 avqust. “Baharın on yeddi anı” filminin nümayişə başlanmasının ildönümü

 

İndiki yaşlı və orta nəsil bu filmi gözəl xatırlayır. İkinci dünya müharibəsində sovet kəşfiyyatçısı Ştirlisin Alman reyxindəki casusluq fəaliyyətindən bəhs edən, həm kəskin və dramatik süjeti ilə tamaşaçını axıradək maraq və gərginlik içində saxlayan, həm də əsrarəngiz musiqisi ilə zövq oxşayan bu film SSRİ Dövlət Teleradio Komitəsinin sifarişi ilə “Mosfilm” kinostudiyasında çəkilib, 1973-cü ilin 11 avqustunda Mərkəzi Televiziya ilə ilk dəfə nümayiş olunub. Xatırladınız, deyilmi? Ştirlis obrazını canlandıran aktyor Tixonov budur bax, gəlib gözümün önündə dayandı dərhal.

 

11 avqustdakı digər əlamətdar hadisələr

 

Bu ərəfəyə düşən bugünkü ilk təqvim günündə Çad adlı Afrika dövləti müstəqillik gününü qeyd edir. Almanlar oğul-qız gününü, latışlar azadlıq uğrunda döyüşənlərin gününü, türkmənlər sərhədçilər gününü, yaponlar göbələk gününü, dost Pakistan bayraq gününü, dost yəhudilər Onbeşinci ava gününü (növbəti sevgi gününü) qeyd edirlər. İl boyu mətbəx bayramları düzənləyən amerikalıların menyüsündə bu gün İsti Buterbrod günüdür.

 

Bu gün ildönümünü qeyd edən əlamətdar hadisələrdən hansıları qeyd edə bilərəm, deyim. 1959-cu ilin bu günündə Moskvada Şeremetyevo beynəlxalq hava limanı istifadəyə verilib (hazırda Bakı-Moskva reysini daha çox o qəbul edir). 1926-cı ilin bu günündə “Kodak” şirkəti rəngli kinoplyonka istehsalına başlayıb. 1906-cı ildə Böyük Britaniyada Yudjin Last səsli kinonu patentləşdirib. 1858-ci ilin bu günündə Holland fiziki, Nobel mükafatı laureatı Xristian Eykman bu koronavirus dönəmində C vitamini ilə yanaşı ehtiyac duyduğumuz B 1 vitaminini kəşf edib.

 

İndi isə keçək bizə düşmən olan ölkəyə. Belə ki, onlar bu gün Milli identiklik gününü qeyd edirlər. Nədir bu milli identiklik? Kökündə sırf millətçilik dayanan bu gündə bütün ermənilərə “əsl erməni olmaq” təlqin edilir, yəni bütün ermənilər eyni cür vətənsevər, xalqsevər, adət-ənənələrə, ideologiyaya sadiq olmalıdırlar. Bunlar görünən tərəflərdir. Ancaq hamısı birlikdə görünməyən tərəfi də izhar edir. Digər xalqları bəyənməmək, özünü onlardan uca tutmaq, türklərə düşmənçilik. Bu bir erməni xislətidir, onu heç cür dəyişə bilməzsən.

 

12 avqust.Bеynəlxalq Gənclər Günü

 

1998-ci ilin 8-12 avqust tarixində Lissabon şəhərində keçirilmiş Gənclər nazirlərinin I toplantısında Beynəlxalq Gənclər Gününün keçirilməsi barədə razılığa gəlindi, BMT-nin Baş Assambleyasının 54/120 saylı qətnaməsi ilə 12 avqust tarixinin Gənclər günü kimi qeyd olunması qərara alındı. Hazırda dünya əhalisinin təqribən 3 milyard nəfəri yaşı 25-ədək olan gənclərdir. Onların tən yarısı - yarım milyarddan çoxu kasıbçılıq həddində yaşayır. 100 milyondan artıq uşaq məktəbə gedə bilmir. Hər gün 30 min uşaq aclıqdan ölür. BMT-nin Baş katibi bax bu Gənclər Gününü keçirməklə dünya birliyini gənclərin problemlərini həll etməyə çağırır.

 

Respublikamızda Bеynəlxalq Gənclər Günü ilk dəfə 2000-ci il avqust ayının 12-də qeyd edilib. Ayrıca, 2 fevral tarixi 1996-cı ildən etibarən Azərbaycan Gəncləri Günü kimi qeyd edilir. Onu da qeyd edək ki, gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda qeyd olunub. Bu gün Azərbaycanda Gənclər və İdman Nazirliyi, eləcə də Gənclər Fondu bilavasitə gəncliklə bağlı fəaliyyət aparır. Azərbaycan gəncliyi işgüzardır, savadlıdır, istedadlıdır, böyük potensiala malikdir. Üstəlik, mərddir, cəsurdur. Torpaqlarımızı işğaldan azad edən ordumuzun gənc əsgər və zabitlərinin timsalında bunu əminliklə deyə bilərik. Yetər ki, Azərbaycan gəncliyi daim diqqət və qayğı ilə əhatə olunsun, gəncləri bürokratik əngəllər, işsizlik, maddi problemlər qayğılandırmasın.

 

12 avqust. Uşaq yazıçısı Ələviyyə Bbabayevanın 100 illik yubileyi

 

Ələviyyə Babayeva Azərbaycan Sovet nəsrinin oxunan imzalarından biri olub. O, 1921-ci il avqust ayının 12-də Bakıda anadan olub. BDU-nun filologiya fakültəsini bitirib, 1951-1973-cü illərdə “Azərbaycan qadını” jurnalında məsul katib, 1973-1985-cı illərdə “Gənclik” nəşriyyatında Müasir ədəbiyyat şöbəsinin müdiri və baş redaktor olub. 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinə üzvlük edib. Ələviyyə xanım bədii yaradıcılığa 1936-cı ildə “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş “İki həyat” adlı hekayəsi ilə başlayıb. Onun kiçikyaşlı uşaqlar üçün “Mənim müəllimim”, “Kənd yolları”, “Yenə baharda”, “Sehrli pillələr” hekayə kitabları çap edilib. Uşaq yazıçısı kimi uzun illər kiçik hekayələr yazıb, uşaqların, yeniyetmə və gənclərin mənəvi dünyasının zənginləşməsinə, vətənpərvərlik ruhunda tərbiyələnmələrinə xidmət edib. “Kölgə”, “Yarpaqlar nə haqda pıçıldaşır”, “Tut” adlı hekayələr kitabını, “Adamlar və talelər”, “Hardasan dost, harada”, “Anadil ağlayırdı”, “Yanar su”, “Ölürəm, a dağlar” povest və romanlarını bu mövzuya həsr edib. Xanım yazar 25-dən artıq kitabın müəllifidir. Bir sıra əsərləri rus, ingilis, türk, bolqar, çin, yapon və başqa dillərə tərcümə olunub və həmin ölkələrin nəşriyyatlarında çapdan çıxıb. 1979-cu ildə Azərbaycanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. 2011-ci ilin avqust ayında 90 illik yubileyi dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunub. Ələviyyə Babayeva 2014-cü il sentyabr ayının 23-də - 93 yaşında vəfat edib. Ruhu şad olsun!

 

12 avqust. Xalq Şairi Qabilin 95 illiyi.

 

Qabilin adı gələndə nədənsə dərhal yadımıza məşhur bir KVN səhnəsi gəlir. Heydər Əliyev obrazını canlandıran Murad Dadaşov Novruz bayramı şənliyində “Paravoz” şeirini deyə-deyə əsib-coşan Qabil obrazını canlandıran Bəhram Bağırzadədən təmkinlə soruşur ki, “Sənin neçə yaşın var, ay Qabil”.

 

Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı il avqust ayının 12-də Bakıda anadan olmuşdur. 1948-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini bitirmişdir. “Gəl, baharım!” adlı ilk şeiri 1944-cü il aprelin 2-də “Ədəbiyyat qəzeti”ndə çap olunmuşdur. 1948-1951-ci illərdə M.F.Axundov adına Yardımlı rayon orta məktəbində müəllimlik etmiş, sonra isə Bakıdakı 40 saylı fəhlə-gənclər orta məktəbində dərs hissə müdiri, APİ-nin Azərbaycan ədəbiyyatı kafedrasında laborant kimi çalışmışdır. 1950-ci ildə “Səhər açılır” adlı ilk kitabı nəşr olunmuşdur. 1951-1954-cü illərdə “Azərbaycan müəllimi”, “Kommunist” qəzeti redaksiyalarında əməkdaşlıq etmişdir. 1954-1956-cı illərdə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olmuşdur. 1957-ci ildə Bakıya gəlmiş, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram verilişləri redaksiyasının məsul redaktoru, 1960-1972-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında Poeziya şöbəsinin müdiri, 1975-1979-cu illərdə “Azərbaycan” jurnalının redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini vəzifələrində işləmişdir. 1977-ci ildə İtaliyada keçirilən Azərbaycan günlərində, 1990-cı ildə Qeysəriyyədə Millətlərarası Böyük Azərbaycan konqresində, 1992-ci ildə Tehranda Şəhriyar poeziya günlərində iştirak etmiş, 1994-cü ildə Azərbaycan Prezidenti nümayəndə heyəti tərkibində Çində səfərdə olmuşdur. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə çevrilmişdir.

 

 Qabil 1976-cı ildə Azərbaycan Dövlət mükafatı laureatı olmuş, 1984- cü ildə “Əməkdar incəsənət xadimi”, 1992-ci ildə isə Azərbaycanın “Xalq şairi” fəxri adlarına layiq görülmüşdür. 1980-ci ildə “Əmək igidliyinə görə” medalı və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir. 1996-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətləri və anadan olmasının 70 illiyi münasibətilə “Şöhrət” ordeninə, 1998-ci ildə Ədəbiyyat Fondunun Rəsul Rza mükafatına layiq görülmüş, 2006-cı ildə “İstiqlal” ordeni ilə təltif edilmişdir. Qabil 2007-ci il aprel ayının 4-də vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir. Ruhu şad olsun!

 

12 avqust, Ümumdünya Fillər Günü

 

Mən dəqiq bilmirəm, xalq şairimiz Qabil fillər barədə də şeir yazıbmı, amma bu gün fillərin bayramıdır. Ümumdünya Fillər Günü (World Elephant Day) 2012-ci ildən qeyd edilir. İdeya Kanada kinematoqrafçıları Patrisiya Sims və Maykl Klarka, habelə fillərin Tailanddakı reproduksiya fondunun başçısı Kimsə Kimsəyevə (adını-soyadını tapa bilmədim) məxsusdur. Çoxunuz bəlkə də canlı fil görməmisiniz, amma çoxunuz hind kinematoqrafının ən uğurlu işlərindən biri olan “Fillər mənim dostumdur” filminə baxmısınız. Odur ki, bu gün fillərə qayğı və ehtiram nümayiş etdirməyə dəyər.

 

12 avqust. İlk personal kompüter -  IBM PC kömpüteri nümayişə çıxarılıb

 

Həmin tarix 1981-ci ilə təsadüf edir. Ən böyük İKT sıçrayışı, məişəti, şüuru dəyişən ən böyük mədəni inqilab. IBM 5150 modelli bu kompüterin vətəni isə ABŞ-ın Florida ştatıdır, kiçik Boka-Raton şəhəridir. İlk personal kompüteri amerikalı alimlər bir il üzərində işlədikdən sonra ərsəyə gətirmişdilər. Bir neçə konfiqurasiyada kompüter satışa çıxarılmışdı. Ən bahalı konfiqurasiya intel 8088 prosessorlu, 64 kbayt yaddaşlı versiya idi ki, onun da qiyməti 3005 Amerika dollarına bərabər idi. Artıq ilk ildə 130000 kompüter satılmışdı, satışın 99 faizi daxili bazarda reallaşmışdı. Sonradan bu yeni ixtira bütün dünyaya ayaq açmağa başladı. Bizim yaşadığımız sovetlər birliyinə personal kompüterlər xeyli gec gəlib çıxdı, təxminən 85-ci illərdə. Və təsəvvür edin ki, hazırda dünyada onların sayı milyardlarla ölçülür, hər il orta hesabla 150 milyon kompüter satılır.

 

12 avqust. Daha nələr...

 

Ən əhəmiyyətlisi – macar əsilli Amerika milyarderi, treyderi, maliyyəçisi, filantropu, dünyanı dəyişməyə qadir olan Corc Sorosun doğum günüdür, ağsaqqalın düz 91 yaşı tamam olur. Özü də hələ canı suludur, deyir, azı 100 il yaşamalıyam. Dünya üzrə humanitar aksiyalar keçirən, qarınları doyduran, xəstələrə əlac edən Sorosun əslinin macar olması onun bir köynək bizə yaxın olmasından xəbər vermirmi, verir. Axı macarlar hunların törəməsidirlər, hunlar isə göytürk əsillidirlər. Yəni, əcdadlarımız eynidir.

 

Yeri gəlmişkən, bu şəxs narıncı inqilablarla avtoritar rejimləri devirməklə dünya siyasətində də möhkəm qərarlaşıb, ona görə də onun adı gələndə məzlumlar sevinər, tiranlar həyəcanlanar.

 

Ədəbiyyatsevərlər deyəcək ki, bu günün ən əlamətdar hadisəsi 1824-cü ilin bu günündə Puşkinin Mixaylovskoye kəndinə sürgün edilməsidir. Ensiklopediya-vikipediyaçılar deyəcək, yox, siz nə danışırsınız, bu gün “Ginnesin rekordlar kitabı”nin yaradıcıları olan ekiz qardaşların – Norris və Rost Makuirterlərin doğum günüdür. Kinoşünaslar qeyzə gələcəklər ki, susun, bu gün iki “Oskar” qazanmış Sessil Qde Millin – Amerika kinorejissorunun doğum günüdür, o şəxsin ki, indi hamımız gecə-gündüz filmlərini izlədiyimiz “Paramaunt Pikçers” kinokompaniyasını yaradıb.

 

Bir vaxtlar dəbdə olan, tarixin inkişafı ilə arxiv statusuna keçən vinil plastinkalar günüdür bu gün həm də. Yaponiyada milli himn, Qırğızıstanda cinayət-axtarış, Gürcüstanda Didqoroba bayramı (bizim əksimizə olan bir bayramdır, gürcülər 1121-ci ildə Didqor döyüşündə səlcuq türklərini məğlub ediblər), Böyük Britaniyada Möhtəşəm Oniki günü (karallığın ərazisində quş ovlamağa icazə verilən gün), Hindistanda milli kitabxana günü və əlbəttə ki, ABŞ-da qızardılmış ət parçası günüdür.

 

Bir dəqiqə. Necə? Qonşum Seyidəhməddir. Dəllaldır. Deyir, ay qonşu, hər boş-boş şeyləri qeyd etdin, bu günə ən əsas olanı isə qeyd etmədin. Nədir o qeyd etmədiyim, ay Seyidəhməd? Deməzsənmiş, 1851-ci ilin bu günündə amerikalı İsaak Merrit Zinger qızıl tərkibli bıçaqlı “Zinger” paltartikən maşınına patent alıb. Bu həmin o “Zinger” maşınıdır ki, indi əntiq əşya sayılır, Seyidəhməd müəllim və onunkimilər şəhər-şəhər, kənd-kənd düşüb avam insanlardan onu ucuz qiymətə alır, sonra on qat-yüz qat qiymətinə beynəlxalq alverçilərə, hərrac işçilərinə satırlar.

 

13 avqust. Ümumdünya Solaxaylar Günü

 

İnternational Left-handers. Planetdəki insanların 10-11 faizi solaxaydır. Ehtimal olunur ki, aparıcı əlin müəyyənləşdirilməsində 40 gen rol oynayır. BBC-nin yazdığına görə, Belfast Universitetindən tədqiqatçı Piter Hepper səs şüası ilə uşağın ana bətnində hərəkətlərini izləyib, müəyyənləşdirib ki, hər 10 embriondan 9-u sağ əlinin böyük baş barmağını ağzına soxmağa vərdiş edir. Doğulandan sonra həmin o yerdə qalan bir körpə solaxay olur. Nə gizlədim, uşaqlıqda mən də solaxay idim, sol əllə rəsmlər çəkir, yazı yazırdım. Evdə anam, məktəbdə ibtidai sinif müəllimim biri nəzakətlə, digəri xətkeşlə məni sol əllə yazmaqdan çəkindirdilər.

 

Yaxşı, solaxaylıq göz önündə olan şeydir, bu barədə hamı məlumatlıdır, demək, insanların 10-11 faizi soləllidir. Bəs siz bilirsinizmi, başqa, biz bilmədiyimiz, əhəmiyyət vermədiyimiz nüanslar da var? Solayaqlılıq, solqulaqlılıq və solgözlülük. Bəli, bəli. Necə ki, sağ əl sola nisbətən dominantdır, ayaqda, gözdə, qulaqda da eynəndir. Amma onlarda da istisnalar olur. Özü də daha böyük miqyasda. Demək, insanların 40 faizi solqulaqlı, 30 faizi solgözlü, 20 faizi isə solayaqlıdır. Bəli, eynən beləcə.

 

13 avqust. Atatürkün Türkiyənin ilk prezidenti seçilməsinin ildönümü

 

Bu hadisə 1923-cü ildə baş verib. Böyük gündür, Türkiyəni parçalanmaqdan, imperialist Avropa ölkələrinin və Amerikanın arasında bölüşdürülməsindən xilas edən tarixi gündür. Bu gün böyük Mustafa Kamal Atatürkü anmamaq qəbahətdir. Atatürkün qurduğu dost, qardaş müasir Türkiyə biz azərbaycanlıların dünyada ən böyük dayağıdır.

 

Ayrıca bu nəhs gün barədə nə demək olar? Bəlkə onu deyək ki, 1990-cı ilin bu günündə SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçov 1920-50-ci illərdə repressiyaya uğrayanların hüquqlarının bərpası barədə qərar imzalamışdır? Bu qərardan sonra bizim Azərbaycanda da arxivlər açılmış, xüsusən 1937-ci il qurbanı olan məşhur ziyalıların taleyinə işıq salınmışdır. (Təkcə 1937-ci ildə Azərbaycanda “troyka” deyilən 3 alçaq insandan ibarət cəza aparatı 2792 nəfəri güllələtmiş, 4425 nəfəri isə həbs və sürgün etdirmişdir). Siyahıda elə isimlər var ki, adam onların ruhu qarşısında baş əyməyə bilmir: Əhməd Cavad, Mikayıl Müşfiq, Hüseyn Cavid, Vəli Xuluflu, Salman Mümtaz, Tağı Şahbazi, Yusif Vəzir Çəmənzəminli, Bəkir Çobanzadə, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, daha kimlər, daha kimlər...

 

1964-cü ilin bu günündə Böyük Briyaniyada son ölüm cəzası həyata keçirilib, 1966-ci ildə Tunisdə qıza, qadına gödək ətək geyinmək yasaq edilib. 1947-ci ildə Laxorda qəzəbli kütlə Mxatma Qandinin evini daşa basıb. 1945-ci ildə Ümumdünya Sionist Konqresi milyon yəhudinin Fələstinə köçməsinə razılıq ala bilib. 1946-ci ilin bu günündə - tam 75 il əvvəl məşhur ingilis fantastı Herbert Uells dünyadan köçüb. 1932-ci ildə Romada Quqlielmo Markone ilk qısadalğalı radionu işə salıb. 1912-ci ildə fransalı həkim Q.Odin xərçəng virusunu kəşf edib. 1907-ci ildə Nyu-Yorkda ilk taksilər peyda olublar. 1899-cu ildə amerikalı ixtiraçı Uilyam Qree telefon-avtomatı patentləşdirib. 1822-ci ildə rus imperatoru 1-ci Aleksandr masson lojasının fəaliyyətinə qadağa qoyub. Və ən nəhayət, siz bu nəhs günə niyə elə-belə baxırsınız ki, baxmayın. Mayya hindu təqviminə görə məhz eramızdan əvvəl 3113-cü ilin 13 avqust günündə dünya təşəkkül tapıb.

 

13 avqust. Xalq Artisti Elmira Rəhimovanın 80 illik yubileyi

 

İndi yaşına görə oxumur, gənclər də, yəqin ki, onu tanımazlar. Amma bir vaxtlar çox adam onu tanıyırdı, ölkəmizdə hind kinosu alüdəçiliyi dövrləri idi, hind kino musiqisinin heyranları yüz minlərləydi, Elmira Rəhimova da hind mahnıları oxuyaraq populyarlaşmışdı.

 

Elmira Allahverdi qızı Rəhimova 1941-ci il avqust ayının 13-də Bakı şəhərində anadan olmuşdur. 1955-ci ildən Müslüm Maqomayev adına Mahnı və Rəqs ansamblının, 1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. 1965-ci ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu bitirmişdir. Texnikumda Seyid Şuşinskidən dərs almışdır. 1970-ci ildə Azərbaycan Dillər Universitetini bitirmişdir. Elmira Rəhimovanın repertuarına Azərbaycan xalq mahnıları, təsniflər, bəstəkar mahnıları daxildir. 1957-ci ildə Hindistanın Baş naziri C.Nehrunun dəvəti ilə bu ölkəyə getmiş, üç il orada klassik hind rəqs sənətini mənimsəmiş, hind mahnıları oxumağı öyrənmişdir. 1961-ci ildə yenidən Hindistana dəvət olunmuş müğənni oradan qayıtdıqdan sonra müxtəlif musiqi ansambllarında çıxış etmişdir. Onun ifasında xüsusilə “Tələbəlik illəri”, “Ana laylası”, “Mən anayam”, “Küsüb məndən”, “Sənin gülüşlərin” və digər mahnılar şöhrət qazanmışdır. Müğənni 1967-ci ildə Respublikanın “Əməkdar artist”, 2000-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülmüşdür. 1982-ci ildə Hindistanda keçirilən festivalın laureatı olmuş, müxtəlif illərdə bir çox medal və yüksək səviyyəli fəxri fərmanlara layiq görülmüşdür. O, dünyanın 50-dən çox ölkəsində qastrol səfərlərində olmuşdur. Elmira Rəhimova 2002-ci il iyun ayının 11-dən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

 

14 avqust. Pakistanın Müstəqillik Günü

 

44 günlük müharibə zamanı hamının əlində Azərbaycan və Türkiyənin bayrağından başqa həm də Pakistanın bayrağını görmək olardı. Niyə? Çünki Pakistan siyasi, geosiyası, strateji baxımdan Azərbaycana Türkiyədən sonra ikinci ən yaxın olan ölkədir. Pakistanlılarda Azərbaycana müdhiş bir sevgi var. Bu sevgi bilirsinizmi haradan qaynaqlanır? Ötən əsrin əvvəllərində bir yandan müstəmləkəçilik, bir yandan yoluxucu xəstəliklər yoxsul Pakistanı tam əldən salanda, əhali kütləvi qırılanda azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyev müsəlman qardaşlarının köməyinə yetib, onlara böyük miqdarda maddi köməklik göstərib. Bax bunun əvəzidir ki, yüz ildir pakistanlılar özlərini bizlərə borclu hesab edirlər. (Yeri gəlmişkən, hazırda milyardlar xərcləyib, kürü yedirdib lobbiləşdirmək istədiyimiz əcnəbilər isə kürünü həzm edib qurtaran kimi doxsan dərəcə əks tərəfə meyillənirlər).

 

1947-ci ilin 14 avqust günündə dost ölkə müstəqilliyini əldə edib. Ona kimi isə Pakistan Böyük Britaniyanın əsarəti altında idi. Bu ölkənin bəzi özəlliklərini qeyd edim. Pakistan nüvə silahına malik tək-tük ölkələrdən biridir. Dünyadakı futbol toplarının yarıdan çoxu bu ölkədə istehsal olunur. Pakistanlı qız Malala Yusufzay dünyada Nobel mükafatına layiq görülən ən gənc insandır. Pakistanlı vunderkinq Şofan Txobani 8 yaşından Microsoft korporasiyasının sertifikatlı mütəxəssi olmaqla dünyanın ən azyaşlı qulluqçusu hesab olunur. Dünyada ən hündürdə yerləşən avtomagistral da bu ölkənin ərazisindədir. Bu, Xuncerab aşırımından keçən Karakorum şossesidir. Onu qədim İpək Yolu marşrutunun üzərində salıblar.

 

Hazırda Pakistanda 187 milyon insan yaşayır. Pakistanlılar xoşbəxtdirlərmi? Əfsus ki yox. Ölkədə həyat səviyyəsi çox aşağıdır, yoxsulluq həddi yüksəkdir. Ölkə korrupsiyadan, terrorizmdən, narkotranzit mövqeyindən əziyyət çəkir. Büdcənin böyük əksəriyyəti xalqın rifahına deyil, lazımsız nüvə silahı xərclərinə yönəlib. Və sair və illaxır. Allah bu qardaş xalqa kömək olsun!

 

15 avqust. Görkəmli şotland yazıçısı Valter Skottun 250 illiyi

 

Kitab qurdları və ədəbiyyatçılar bir yana, digərləri ən azından, “Kventin Dorvard” romanının adını ki eşidiblər? Onu yazan Valter Skott 1771-ci il avqust ayının 15-də İngiltərənin Şotlandiya vilayətində anadan olmuşdur. 1785-ci ildə Edinburq kollecinə qəbul olunmuş, tələbəlik dövründən çoxlu mütaliə etmiş, antik dövrün ədəbiyyatı və Şotlandiya poeziyası, alman dili və alman yazıçılarının əsərləri ilə maraqlanmış, tələbə yoldaşları ilə birgə “Poetik cəmiyyət” dərnəyi təşkil etmişdir. 1792-ci ildə Edinburq Universitetini hüquqşünas ixtisası üzrə bitirmişdir. Yaradıcılığa XVIII əsrin 90-cı illərində poeziya ilə başlamış 1800-cü ildən etibarən bir neçə il ərzində Şotlandiyanın ucqar yerlərini gəzərək topladığı xalq nəğmələrini 1802-ci ildə “Şotlandiyanın sərhəd nəğmələri” adı ilə ikicilddə çap etdirmişdir. Bu topluya daxil edilmiş xalq şeirinin əsl nümunələrində Şotlandiya tarixinə aid çox zəngin materiallar vardır. Bu topludan sonra yazıçı dalbadal “Sonuncu menestrelin mahnısı”, “Marmion”, “Göl qızı”, “Rokbi” adlı romantik poemalarını yazmışdır. Xüsusən, “Sonuncu menestrelin mahnısı” (1805) əsəri qədim Şotlandiyanı çox gözəl təsvir etdiyinə görə müəllifə böyük şöhrət qazandırmışdır. Tarixi roman janrının yaradıcısı məhz Skottdur. O, otuzdan çox roman və povestin müəllifidir. Romanlarını gizli imzalarla dərc etdirmiş, müəllifliyini yalnız 1829-cu ildə, əsərlərinin tam külliyatının nəşri ilə əlaqədar açıq elan etmişdir. Mühüm sosial-tarixi konfliktlərin təsiri, xalqın və dövlətin taleyi, cəmiyyətin inkişafı, sosial ədalətsizlik, milli və sinfi mübarizə problemləri ilə bağlılıq Skottun tarixi romanlarının əsas xüsusiyyətləridir. “Ueverli” (ilk romanı, 1814), “Puritanlar” (1816), “Rob Roy” (1818), “Edinburq məhbəsi” (1818),“Ayvenqo” (1819), “Abbat” (1820), “Kenilvord” (1821), “Vudstok” (1826) və s. romanları İngiltərə, “Kventin Dorvard” (1823), “Parisli qraf Robert” (1832) və s. romanları Avropa ölkələrinin tarixindən bəhs edir. “Napoleon Bonapartın həyatı” (1827), “Şotlandiyanın tarixi” (1829- 1830), “Lord Bayronun ölümü” (1824), “Romançıların həyatı” (1821-1824) və s. tarixi-ədəbi əsərləri məşhurdur. Valter Skottun yaradıcılığı Avropa və Amerika ədəbiyyatında sosial roman janrının inkişafına güclü təsir göstərmiş, Stendal onu “bizim ümumi atamız” adlandırmış, Balzak, Puşkin, Belinski onun yaradıcılığını yüksək qiymətləndirmişlər. Valter Skott 1832-ci il sentyabr ayının 21-də Abbotsford şəhərində vəfat etmişdir. Xristianlara Allah rəhməti düşmürmü, düşür.

 

15 avqust. Lixtenşteyn Krallığının Milli Günü

 

Cırtdan ölkələrə kim həsəd aparmır ki? Barmaqhesabı əhalisi olan, bu başından o başına yarım saata gedə biləcəyin bax bu Farerlərdə, Vatikanlarda, Andorralarda, San-Marinolarda, Lüksemburqlarda, Lixtenşteynlərdə həyat səviyyəsi o qədər yüksəkdir, insan faktoru o qədər dəyərlidir ki, həsəd aparmayıb neynəyəsən?

 

1940-cı ildən  Şahzadə II Frans İosifin doğum günü -15 avqust milli gün kimi Lixtenşteyndə qeyd edilir. Həmin gün atəşfəşanlıq olur, yarmarkalar, kütləvi şənliklər keçirilir. İnanmazsınız, ölkə başçısı - Şahzadə II-ci Hans-Adams və onun oğlu əhaliyə paytaxt Vadusun qəsrində pivə qonaqlığı verirlər.

 

Cəmi 62 kvadrat kilometrlik ərazidə cəmi 37 min əhalisi ilə mövcud olan Lixtenşteynin paytaxtı Vadusda 5425 adam yaşayır, bizim məhəlləmizdəkindən azı 2 dəfə az. Amma bu cırtdan ölkədə inkişaf etmiş iqtisadiyyat da var (söhbət kağız üzərindəki yalançı inkişafdan getmir). Məsələn, Şaan şəhərindəki diş protezləri kombinatı bu siqmentdə dünyada liderdir, belə ki, bütün dünyada istehsal olunan diş protezlərinin 20 faizi bu kombinatın payına düşür. Hər il burada 60 milyon komplekt protez istehsal olunur. Tək elə bu protezin gəliri ilə ölkə əhalisinə adambaşı ayda 3 min dollar əməkhaqqı vermək olar. (Sağ əlləri zəngin ehtiyatları olan, böyük əraziləri və insan resursları olan, amma əhalisinə gün ağlamayan ölkələrin başına).

 

Demək, dünyada ən az cinayət hadisəsi qeydə alınan ölkələr siyahısındadır Lixtenşteyn. Burada son qətl hadisəsi uzaq 1997-ci ildə qeydə alınıb. Oğurluq yoxdur deyə insanlar qapılarını belə bağlamırlar. Bu ölkədə çox maraqlı və təkrarsız qanunlar var. Əhaliyə böyük azadlıqlar verilsə də ölkənin rəsmi nahar fasiləsi vaxtında – saat 12-dən 13.30-dək, bir də axşam yuxusuna dalma müddətində - saat 23-dən səhər 6-yadək səs-küy, qışqır-bağır salmaq rəsmən qadağandır. Daha bir qadağa qazon üzərinə çıxmağadır. Qardaş, həmin vaxtlar səs salma, bir də qazonun üstünə çıxma, yaşa da özün üçün. İşləməsən belə ayda 4-5 min avro paranı al, şellən. İşləsən milyonçu ol. İstedadlısansa, tutalım, mədəniyyət, idman, elm sahələrində fırtına qopara bilirsənsə, dünyaya səs sala bilirsənsə onda sənə ümumiyyətlə zaval yoxdur, möhtərəm  Hans-Adams cənabları səni ovcunun içində saxlayacaq. Daha nə lazımdır ki, xoşbəxt olmaq üçün?

 

16 avqust. Kişi gözəlliyi günü, Çərpələng günü və sair

 

Gözəllik kişiyə yox, qadına xas xüsusiyyətdir, kişiyə ağıl və güc yetər. Amma qərara alınıb ki, 16 avqustda – ildə ən azı bir gün mütləq  kişilər özlərinə baxsınlar, çekap müayinə, bərbər, masaj, hətta manikür, pedikür və digər prosedurlar bu gün kişiləri yaraşıqlı göstərməyə hesablanacaq.

 

Yəqin ki, Xalid Hüseyninin “Çərpələng uçuran” romanını çoxunuz oxumusunuz. Bax bu gün çərpələnguçurma günüdür. Kimin əlinə keçsə, bir çərpələng alıb uçursun, əlinə keçməsə Xalid Hüseyninin sözügedən romanını oxusun, o da alınmasa ürəyində arzu tutub uca eyvandan küləkli səmaya bir kağız parçası buraxsın, sansın ki, bu da onun çərpələngidir. Adətən çərpələng rəngbərəng olur, ancaq ağ kağız parçası buraxmaq eyib etməz. Adətən çərpələng havada qalır, pərvazlanır. Dərhal yerə enəcək kağız bu dəfə də utanc gətirməməlidir. Yekrənglik, pərvazlana bilməmək taleyinə yazılıbsa neynəyə bilərsən ki? Və bir də, qəti əminsən ki, bütün arzular onsuz da buxovlanıb.

 

Bu gün hollandlar Ürək günü qeyd edirlər, fransızlar şokolad günü, qarınqulu amerikalılar bir yandan rom, bir yandan brtavurst, yəni qızarmaq üçün nəzərdə tutulan sosiska gününü qeyd edirlər, italyanlar Palio, yəni atsürmə bayramı keçirirlər. Yaponlara bir bax, Daymondci festivalı keçirirlər, bu festivalda ölülərin ruhları gəlib dirilərə qonaq olur.

 

Qocalmaz Madonna 1985-ci ilin bu günündə Şon Pennə ərə gedib, yəqin ki, bu gün toyunun ildönümünü qeyd edəcək. Bundan əlavə, 1958-ci ilin bu günündə o həm də dünyaya gəlib, demək, bu gün onunçün ikiqat bayramdır. 1976-ci ilin bu günündə Sovetlər dönəminin ən kult filmi – Eldar Ryazanovun “ Taleyin hökmü, yaxud həmişə təmizlikdə” ilk dəfə ekrana çıxıb. Bu həmin o filmdir ki, hər il dekabrın 31-də televiziya ilə nümayiş edilərdi. Bu gün başqa bir filmin də premyerası baş tutub, 1925-ci ildə Çarli Çaplinin “Qızıl lixorodka” filmi ekranlara çıxaraq bütün dünyada ən böyük mədəniyyət hadisəsi sayılıb.

 

16 avqust Madonnadan başqa ünlü Amerika rejissoru Ceyms Kameronun, Amerika caz pianoçusu Bill Evansın, alman filosofu Vilhelm Vundtun da doğum günüdür, rok-n-rollun kralı ünlü Elvis Preslinin isə vəfatı günüdür.

 

17 avqust. Beynəlxalq Qara Pişik Günü

 

Maraqlı bir gündür. Qara pişik əlamətlərə görə uğur gətirmir, onunla rastlaşan insanın işləri dolaşığa düşür. Amma pişiksevərlər bu günü təqvimə salmaqla mifləri alt-üst etmək, pişiklərin faydasını qulaqlara sırqa kimi asmaq fikrinə düşüblər. Ayrıca, məhz qara pişiklərə ehtiram və qayğı göstərmək üçün onların təbirincə, bu gün hər kəs qara pişikləri yemləməli, tumarlamalı, çimizdirməlidir. Öz aramızdır, hər günü qeyd etməyə borcumuz yoxdur ki. Qara pişiklər, tək səbirlər, nəhslər və bu sayaq digər nəsnələri dədədən-babadan sınaya-sınaya gəlməmişikmi?

 

17 avqust. Yəhudilərin böyük təhdidi günü

 

Xolokost barədə çox şey bilirik. Amma bilmirik ki, faşizm hakimiyyətə gəldikdən sonra Almaniyada  yaşayan yəhudilər daha nə kimi təhdidlərlə üzləşiblər. Bu təhdidlərdən biri 1938-ci ilin bu gününə düşüb. Üçüncü reyx qərar verib ki, növbəti 1939-cu ildən bütün yəhudilərin pasportlarına ucdantutma qırmızı J hərfi əks olunmuş ştamp vurulsun, J – yəni jude, alman yəhudisi. Amma bu hələ hamısı deyil. Yəhudilərə qarşı ifrat hüquqpozma aktı da həyata keçirilib həmin gün. Bütün yəhudilərin adlarının dəyişdirilməsi, qadın yəhudilərin ucdantutma Sara, kişilərin isə İsrael adı almaları, sonradan doğulanların da yalnız bu adları daşımaları rəsmiləşdirilib. Bir xalqın nümayəndələrini ikinci sort insanlara çevirmək üçün düşünülən bu addım yəhudi xalqının tarixinin ən acı səhifələrindən biri hesab olunur.

 

17 avqust. İlk animasiya filminin ildönümü, Robert de Nironun doğum günü

 

Həmin animasiya filmi fransız rəssam-karikaturaçı Emil Kolyanın “Fantasmaqoriya” filmidir, tarix isə uzaq 1908-ci ildir. Bu gün həm də çox sevdiyimiz italyan aktyor Robert de Nironun doğum günüdür. 1943-cü ildə doğulan ünlü sənətkar özünün 78 yaşını qeyd edəcək. Yəqin ki, qırmızı şərabla və gözəl madmazellərlə birgə. Şəxsən mənim iki bəyəndiyim aktyordan biridir Robert de Niro. “Bir dəfə Amerikada” filmini dəfələrlə izlədikcə hər dəfəsində onun aktyorluq məharətinin yeni bir cizgisi, ştrixi yaddaşıma hopub. Təbriklər, Robert. Kaş şəxsi tanışlığımız da olaydı. Heyif!

 

Bu gün tək kino yox, teatr xadimləri üçün də əlamətdardır, dünya teatr sənətində öz yeri olan, Azərbaycan teatrında məktəbi bu gün də qalan rəhmətlik Konstantin Stanislavskinin (1938) doğum günüdür.

 

18 avqust. Aşura günü

 

Məhərrəm ayının bugünkü 10-cu günü Aşura günü kimi qeyd olunur. Şiyə təriqətindən olanlar üçün bu gün matəm günüdür. İmam Hüseyin və onun tərəfdarlarının Kərbala düzündə şəhid olmalarının ildönümündə, hansı ki, həmin hadisə Hicri təqvimi ilə 61-ci ildə baş verib, şiyələr yas tutur, məscidlərə gedir, əzadarlıq edirlər. Gənclərin həmin gün özlərini zəncirləmələri, başlarını yarıb qan çıxarmaları ziyalılar, dünyəvi insanlar, kosmopolitlər tərəfindən təqdir olunmur, onlar bunu cəhalət adlandırırlar, amma bu adət günü bu gün də qalmaqdadır.

 

18 avqust. Pis poeziya günü

 

Bəli, belə bir gün də var. Yaxşı poeziya il boyu oxunur. Bəs pis nə olsun? İldə bir dəfə də pis poeziya nümunələri diqqət önünə gətirilməlidir, axı onların da arxasında insan əməyi dayanır.

 

Amma bu gün Azərbaycanda əsla qeyd edilə bilməz. Niyə? Çünki bizdə heç kəs ayranına turş deyib özünün pis yazdığını etiraf etməz. Mən indi özünü poeziyada zirvə adlandıran, “Qoy Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Vahid Əziz yazmağı məndən öyrənsin” deyən qocaman bir şairin bir bəndini burda qeyd etməklə pis poeziya günündə pispoeziyaçıların cümləsini təbrik edəcəyəm.

 

Mən sevirəm səni/ Sən də sevirsən məni/ Sən göz vur mənə/ Mən göz vurum sənə/ Bilirəm, yoxdur ərin/ Gedəyin, kəsəyin kəbin/ Düzdür, pulum azdır/ Əmma kefim həmişə sazdır/ Sənə almayacam qara cip/ Əvəzinə alacam gümüş sep/ Villada degil, kirədə qalaruq/ Kam verib kam alaruq.

 

18 avqust. “Lolita”nın doğuluşu və Çingiz xanın ölümü

 

1958-ci ilin bu günündə ABŞ-da rus dissident yazıçısı Vladimir  Nabokovun dünyaca məşhur “Lolita” romanı işıq üzü görüb, bilirsinizmi? Yaxud, 1201-ci ilin bu günündə Riqa şəhəri qurulub, bilirsinizmi? Bəs bunu necə, 1750-ci ilin bu günündə dünyaşöhrətli Motsartın qənimi Antonio Salyeri doğulub? Bəs dünya fatehi Çingizxanın 1227-ci ilin bu günündə vəfat etməsini necə?

 

Amma bunu təxmin etdiniz yəqin, ABŞ-da bu gün növbəti mətbəx bayramıdır, dondurma tortu günüdür. Bu ləzzətli təam çox baha olduğundan (ən kiçiyi və ən ucuzu 8-10 manat arasındadır) google-da axtarış verib, rəsmlər nöqtəsini tıklayıb rəsminə baxa bilərsiniz. Lap cəsarətliləriniz hətta gedib marketin soyuducularında canlı-canlı ona tamaşa da edə bilərsiniz. Təki, həvəsiniz olsun.

 

18 avqust. Azərbaycan Sərhədçilərinin Peşə Bayramı

 

Vətən sərhəddən sərhəddəcən uzanır. Ona görə də vətənə gələndə ilk olaraq, ondan gedəndə də son olaraq sərhədçiləri görürük. Məlum olduğu kimi, Azərbaycanda milli sərhəd xidmətinin yaranma tarixi 1918-ci ilə - Cümhuriyyət dövrünə təsadüf edir. 1918-ci il iyun ayının 22-də Azərbaycanda ilk dəfə olaraq Poylu sərhəd postu yaradılmış, digər istiqamətlərdə də oxşar məntəqələrin yaradılması işinə başlanılmışdır. 1919-cu il avqust ayının 18-də Azərbaycan Demokratik Respublikası Nazirlər Kabineti “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” qanun qəbul etdikdən sonra əlavə olaraq 99 post yaradılaraq Azərbaycan sərhədlərinin mühafizəsi təşkil edilmişdir. Müstəqillik illərində Azərbaycan Ordusunun yaradılması, formalaşdırılması proseslərində bilavasitə Sərhəd Qoşunlarının formalaşdırılması, ölkəmizin sərhədlərinin qorunması işi də təşkil edilmiş, milli sərhəd siyasətinin əsası qoyulmuş, sərhəd strategiyası müəyyənləşdirilmişdir.

 

2000-ci il avqust ayının 16-da Prezident Heydər Əliyev ADR-in ilk sərhəd mühafizəsinin təsis edildiyi tarixin - 18 avqustun Azərbaycan Respublikasının Sərhəd Qoşunları Əməkdaşlarının Peşə Bayramı Günü kimi elan edilməsi haqqında Sərəncam imzalamışdır. O vaxtdan da bu avqust günündə hamı sərhədçiləri təbrik etməyi özünə borc bilir. Bu gün sərhədlərimiz Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev başda olmaqla şanlı və müzəffər sərhədçilərimiz tərəfindən ləyaqətlə qorunmaqdadır. Bayramınız mübarək, əziz sərhədçilərimiz!

 

18 avqust. Tanınmış filoloq alim Kamil Vəli Nərimanoğlunun 75 illiyi

 

Bu cür dərin zəkalı alimimizə mütləq hörmət və ehtiram bildirməliyik. Kamil Nəriman oğlu Vəliyev 1946-cı il avqust ayının 18-də Cəbrayıl rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1965-1970-ci illərdə BDU-nun filologiya fakültəsində təhsil almışdır. Elmi və publisistik yaradıcılığa tələbəlik illərindən başlamış, 1970-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirdiyinə və mətbuatda müntəzəm çıxış etdiyinə görə filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasında müəllim saxlanılmışdır. 1976-1981-ci illərdə həmin kafedrada baş müəllim, 1981-1988-ci illərdə dosent, 1989-cu ildə professor, 1988- 1998-ci illərdə universitetin filologiya fakültəsində Azərbaycan dilçiliyi kafedrasının müdiri olmuşdur. 1974-cü ildə “Azərbaycan dilində “ki” şəkilçisi” mövzusunda namizədlik, 1988-ci ildə “Azərbaycan qəhrəmanlıq eposunun poetik sintaksisi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1990-cı ildə Türkiyə Folklor Araşdırmaları Vəqfinin nümayəndəsi, Səlcuq Universitetinin fəxri doktoru seçilmişdir. Türkiyə linqvistika cəmiyyətinin müxbir üzvüdür. 1993-cü ildə - Elçibəy hakimiyyəti dönəmində Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində işləmişdir. 1991-1992-ci illərdə Türkiyədə İzmir Egey Universitetinin, 1999-2000-ci illərdə Şimali Kipr Respublikasında Doğu Ağdəniz Universitetinin professoru olmuş, mühazirələr oxumuşdur. Hazırda Avrasiya Strateji Araşdırmalar Mərkəzinin sədri, çoxcildli “Türk Dünyası ədəbiyyatı” kitabının redaksiya şurasının üzvü, Türkiyədə çap olunan “Bilgi”, “Yol”, “Milli folklor”, Qazaxıstanda dərc edilən “Türkologiya” dərgilərinin redaksiya heyətinin, Çingiz Aytmatov Akademiyasının üzvüdür. Türk Dil Qurumunun, Atatürk Kültür Mərkəzinin və Türk Folklor Qurumunun fəxri üzvüdür. Yedditəpə Universitetinin müəllimidir.

 

Kamil Vəliyev 2002-ci ildə “Ey Füzuli” esse-romanını, Məhəmməd Füzulinin “Türk divanının dibaçəsi”ni, Əlişir Nəvainin “İki dilin mübahisəsi” və Yusif Balasaqunlunun “Qutatqu bilik” əsərlərini ön sözlə kütləvi tirajla nəşr etdirmişdir. İndiyədək 40 elmi monoqrafik əsərin, çoxlu tərcümələrin, 500-dən çox məqalənin müəllifidir. 20-dən çox ölkədə konfrans və simpoziumlarda iştirak etmişdir. Kamil Vəliyev xidmətlərinə görə Türkiyə Respublikasının “Şərəf və Ləyaqət nişanı” ilə təltif olunmuşdur. Vətəni Azərbaycanda da ona layiqli qiymət veriləcəyini gözləyir, fəxr edir, qürur duyuruq.

 

19 avqust. Ümumdünya Humanitar Yardım Günü

 

Bu gün bu yardım daha çox Afrikanın aclıq çəkən ölkələrinə, habelə müharibə gedən Suriya kimi ərazilərə şamil edilir. Təəssüf ki, uzun illər bir milyon qaçqın və məcburi köçkünü olan Azərbaycan da fəlakət zonası elan edilib bu sayaq yardımlar alırdı. Yardımlar barədə sizə yazıçı  dostum Əlibala Məhərrəmzadədən eşitdiyim bir olmuş hadisə danışım.

 

Rayonlardan birində məskunlaşan məcburi köşkünlərə Almaniyanın bir humanitar təşkilatının göndərdiyi ərzaq paylanırmış. Köçkünlər bir-bir yerli məmurların qutuları aradan çıxardıqlarını görürmüşlər. Onsuz da köçkünlər yerli məmurların qanunsuz əməllərindən beziblərmiş. Bu əliəyrilik, köçkün malına göz dikmək də üstəlik. Bir qoca qarı yardımını götürəndə məmur irişə-irişə ona deyib ki, ay nənə, bu ərzağı sizə  nemeslər göndəriblər. İkinci dünya müharibəsini, faşizmin zülmünü görmüş yaşlı insanlar üçün nemes anlamı bir başqa məna kəsb edir axı. Qarı da əvəzində onun üstünə bozarıb ki, nemsə onlar deyil, əsl nemsə sizsiz. Bax belə!

 

19 avqust. Ümumdünya Oranqutan Günü

 

Sizə oranqutanlardan danışım. Elm təsdiqləyib ki, insandan sonra ən ağıllı canlıdır o. Adının mənşəyi də maraqlıdır, oranqutan – qədim latın və malay dillərində meşə adamı mənasını verir. DNK qomologiyasına görə insana ən yaxın canlıdır oranqutan. Adını o qədər eşitmişik, elə bilirik ki, dünyada ən çox yayılan meymun növüdür. Amma belə deyil, onlar sayca çöx azdırlar, dünyada cəmi iki yerdə - Kalimantan və Sumatra adalarının meşələrində yaşayırlar. Nəsilləri kəsilmək üzrə olduğundan Qırmızı kitaba düşüblər. Praktiki olaraq bu canlılar bütün həyatlarını ağacların üzərində keçirirlər, yanaşı açılarkən 2 metr uzunluq alan iri əllərinin köməyi ilə budaqdan budağa hərəkət edir, hətta su içmək prosesini də yerə düşmədən, yağışdan sonra yarpaqların üzərinə yığılan suyu içməklə həyata keçirirlər.

 

Oranqutanları digər meymunlardan fərqləndirən aralarında olan möhkəm sosial əlaqələr və mədəniyyətdir. Oranqutanların dişiləri balaları ilə uzun illər bir yerdə yaşayırlar və balalarını tərbiyə edirlər. Oranqutanlar ağac yarpaqlarından çətir kimi istifadə edə bilirlər. 10 yaşlı oranqutan 200-dən artıq bitki növünün rəngini və dadını tanıya və ayırd edə bilir. Oranqutanlar özlərini güzgüdə tanıya bilirlər.

 

Chantek adlı 39 il yaşamış məşhur oranqutanın isə yəqin ki, adını eşidənləriniz olub. ABŞ-ın Georgia ştatının Atlanta şəhərində 9 il bir antropoloq bu meymunu müşahidə edibmiş.Bu dövrdə Chantek otağını təmizləməyi, alətləri hazırlayıb istifadə etməyi və restorana yolu əzbərləməyi öyrənibmiş.O, həmçinin Amerika işarə dili ilə ünsiyyət qurmağı bacaran nadir insanabənzər meymunlardan biri idi.

 

19 avqust. Ümumdünya Fotoqrafiya Günü

 

2009-cu ildə avstraliyalı fotoqraf Korske Arenin təklifi ilə qeyd olunmağa başlanılıb bu gün. 19 avqust – Fransa hökumətinin ilkin fotoqrafiya prosesi üçün daqerrotip cihazına patent əldə etməsi günüdür. Xüsusən ağıllı mobil telefonlar kəşf edildikdən, hər kəs kameraya malik olduqdan sonra hamı foto çəkməkdədir. Bununla belə, peşəkar fotoqrafiya öz statusunu həmişə qoruyur. Azərbaycanımızda da bu cür peşəkarlar az deyil. Asim Talib, S. Rasim, Şahin Yüksəl Sərkərov kimi ustadlar, eləcə də yeni dalğa fotoqrafiya sənətinin Mirnaib Həsənoğlu, Araz Adiloğlu, Babək Həsənov, Bahadur Cəfərov, Bəhruz Əlizadə, Cavid Məmmədov, Denis Sveçnikov, Dilavər Nəcəfov, Ehtiram Jabi, Elay Mikayıl, Eldar Əkbərov, Elmar Mustafazadə, Elşad Asəfov, Emil Xəlilov və digərləri kimi nümayəndələri fotoqrafiya sənətinə töhvə verməkdədirlər. Var olun, yaşayın və yaradın!

 

19 avqust. Kartof günü

 

Gədəbəylilər, yaxın oturun. Bu gün sizin bayramdır. Ensiklopedik nəşrlərdə bu ən məşhur tərəvəz barədə bunlar yazılıb – badımcançiçəklilər fəsiləsinin Solanum cinsindən çoxillik bitki növüdür. Əsasən, Cənubi və Mərkəzi Amerikada bitən 200-dək yabanı və mədəni növü məlumdur. Mədəni halda 2 növü – geniş yayılmış Çili kartofu və And kartofu var. Çili kartofu 3-6 gövdədən ibarət, hündürlüyü 50-80 sm olan koldur. Bizdə yayılan da elə bu növdür. Kartofun tərkibində orta hesabla 76,3% su, 23,7% quru maddə, o cümlədən 17,5% nişasta, 0,5% şəkər, 2% zülal, 1%-dək mineral duzlar, C, B1, B2, B6, PP, K vitaminləri və karotinoidlər var. Xalq təbabətində kartof şirəsindən vərəmin, tənəffüs orqanlarının, mədə yarasının, onikibarmaq bağırsağın müalicəsində də istifadə edilir.

 

1565-ci ildə kartof ilk dəfə İspaniyaya, 17 əsrin sonunda Rusiyaya,18 əsrin sonu - 19 əsrin əvvəllərində Azərbaycana gətirilmişdir. Demək olar ki, kartof dünyanın bütün ölkələrində yayılmışdır. Dünya əkinçilik sistemində kartofun əkin sahəsi 20 milyon hektara yaxındır. Əkinlərin 35%-i Avropa ölkələrinin payına düşür. Polşa, Almaniya və Fransada əkin sahələri daha çoxdur. Azərbaycanda bu bitkinin əkin sahəsi 69-70 min ha. arasında tərəddüd edir. Ümumi məhsul istehsalı təqribən 1 milyon ton, hektardan orta məhsuldarlıq 153 sentner olur. Kartofun vətəni Gədəbəydir deyənlər hardasa haqlıdırlar, Gədəbəydə dağ iqlimi şəraitində yetişən kartof unikal dadı ilə seçilir, ölkəmizdə ən çox kartof yetişdirilən region isə Cəlilabaddır.

 

Kartof həm də qadınların üz ağlığıdır, qayğanaq və kartof qızartması onları daha mürəkkəb xörəkləri bişirib əziyyət çəkməkdən xilas edən vasitələrdir.

 

19 avqust. QKÇP, Belka və Strelka, Ruzvelt və Çörçil

 

1991-ci ilin bu günündə məşhur QKÇP hadisəsi baş verib, Kremldə çevrilişlə hakimiyyətə yeni qüvvələr gəliblər. 1960-ci ildə ruslar kosmik fəzaya Belka və Strelka adlı iki itlə kosmik gəmi buraxıblar. 1943-cü ildə ABŞ və İngiltərənin rəhbərləri – Ruzvelt və Çörçil gizlincə atom bombasının yaradılması barədə saziş imzalayıblar. Bugünkü gün keçmiş ABŞ prezidenti Bill Klinton (1946), dünyaşöhrətli fransız kuturye Koko Şanel (1883) doğulublar, ünlü fransız riyaziyyatçısı Blez Paskal (1662), qərb sivilizasiyasının ən möhtəşəm memarı, klassisizmin banisi italyan Andrea Palladio (1580), habelə ilk Roma imperatoru Oktavian Avqust (14) vəfat ediblər.

 

19 avqust. Görkəmli teatr rejissoru və aktyoru İsmayıl Hidayətzadənin 120 illiyi

 

Mədəniyyətimizin inkişafında rolu olmuş hər kəsi tanımaq, onların adlarını yaşatmaq bizlərin borcudur. İsmayıl Hüseyn oğlu Hidayətzadə 1901-ci il avqust ayının 19-da Bakıda anadan olmuşdur. Ailə vəziyyəti ilə əlaqədar olaraq ona “İttihad” məktəbində güzəştlə oxumağa izn verilmiş, lakin 1917-ci ildə atasının vəfatından sonra təhsildən uzaqlaşmaq məcburiyyətində qalmışdır. Elə həmin ildən də Bakıdakı müxtəlif dram həvəskarları dərnəklərində aktyorluq etmiş, tamaşalar hazırlamışdır. 1919-cu ilin payızında müxtəlif teatr truppaları birləşib “Dövlət Teatrosu” kimi fəaliyyətə başlayanda kollektivin nəzdində İsmayıl Hidayətzadə də var idi. O, rejissorluq sənətinə də maraq göstərmiş, Azərbaycan teatrında çalışan rus rejissorlardan olan İvanovun yanında müavin işləmişdir. 1926-ci ildə arabir özünü rejissorluqda sınamış, sonra Mirzə Rza Vaizzadənin “Səyavuş” pyesini tamaşaya qoymuşdur. İndiki Milli Dram Teatrında 1937- ci ilədək aktyor, sonra həm də rejissor işləmişdir. Üzeyir bəy Hacıbəylinin “Koroğlu” operasının məşqləri ilə bağlı Azərbaycan Dövlət Opera və Balet Teatrına rejissor ştatına keçirilmiş, az sonra həmin teatra baş rejissor təyin olunmuşdur. Teatr tənqidçilərinin bəyəndiyi “Siyavuş”dan sonra Opera və Balet Teatrında “Koroğlu” və “Karmen” operalarını, Rus Dram Teatrında “1905-ci ildə”, “Vaqif” tamaşalarını səhnələşdirmişdir. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində onun quruluş verdiyi “Koroğlu” və “Arşın mal alan” tamaşaları böyük uğur qazanmışdır. Bu, İsmayıl Hidayətzadənin rejissor kimi şöhrətini artırmış və Moskvadan qayıdandan sonra o, Opera və Balet Teatrının rəhbəri təyin edilmişdir. Rejissor və teatr xadimi İsmayıl Hidayətzadə aktyor kimi də coşğun ehtirasa, tükənməyən enerjiyə malik idi. Səhnədə çevik və həssas görünürdü. Şərif, Mazandaranski, Əmiraslan bəy Salamov və Xosməmməd (“Almaz”, “1905-ci ildə”, “Oqtay Eloğlu” və “Dönüş”, Cəfər Cabbarlı), Hacı Qara (“Hacı Qara”, Mirzə Fətəli Axundzadə), Cücə və Şakro (“Topal Teymur” və “Knyaz”, Hüseyn Cavid), Rəmzi (“Tələbələrin kələyi”, Brandon Tomas), Şeyx Nəsrulla (“Ölülər”, Cəlil Məmmədquluzadə) rolları aktyorun parlaq sənət qələbələri kimi qiymətləndirilmişdir. Görkəmli aktyor, rejissor 1933-cü ildə “Əməkdar artist”, 1938-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülmüşdür. İsmayıl Hidayətzadə 1951-ci il noyabr ayının 11-də Bakıda vəfat etmişdir. Bakı şəhərindəki küçələrdən biri rejissorun adını daşıyır. Ruhu şad olsun!

 

20 avqust. Azərbaycan musiqisinin əfsanəsi Xan Şuşinskinin 120 illiyi

 

O, mədəniyyətimizin, vokal sənəti tariximizin ən parlaq nümayəndələrindəndir, “Xan əmi” təxəllüsü ilə onu bütün Azərbaycan tanıyır, sevir. İsfəndiyаr Аslаn оğlu Cаvаnşirоv – Хаn Şuşinski 1901-ci il avqust ayının 20-də Şuşа şəhərində аnаdаn оlmuşdur. 16 yаşındа оlаrkən ustаdı İslаm Аbdullаyеvlə birgə iştirаk еtdiyi məclisdə “Kürdü Şаhnаz” muğаmını hеyrətаmiz bir tərzdə ifа еtdiyinə görə müəllimi оnа “Хаn Şuşinski” аdını vеrmişdir. Хаnın bir хаnəndə kimi yеtişməsində Cаbbаr Qаryаğdıоğlunun və Sеyid Şuşinskinin də böyük təsiri оlmuşdur. 1920-ci ildə o, Bаkıyа gələrək öz ifаçılıq fəаliyyətini dаhа dа gеnişləndirmişdir. 1934-cü ildə Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiadasında birinci mükafata layiq görülmüş və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin birinci dərəcəli Fəxri fərmanı ilə təltif edilmişdir. 1944-cü ildə Azərbaycanın bir qrup incəsənət nümayəndələri ilə birlikdə İrana getmiş, Tehran, Təbriz, Ərdəbil, Qəzvin, Rəşt şəhərlərində müvəffəqiyyətlə çıxış etmişdir. Xanəndənin səsi 25 yaşında necə qüdrətli və təravətli idisə, 70-75 yaşlarında da eyni əzəmət, eyni nikbinliklə səslənirdi. Хаn Şuşinski “Şuşanın dağları”, “Məndən gen gəzmə”, “Ay gözəl” kimi bir sıra mahnılar və təsniflər bəstələmişdir. Оnun ifаsındа səslənən “Mirzə Hüsеyn sеgаhı”, “Şаhnаz”, “Qаrаbаğ şikəstəsi”, “Kürdü-Şahnaz”, “Rаst”, “Bayatı-Şiraz”, “Qatar”, “Cahargah”, “Mahur”, “Hеyrаtı”, “Şur”, “Sеgаh Zаbul” ritmik muğаmlаrı, bir sıra təsniflər, “Qara qaşın vəsməsi”, “Süsən-sünbül”, “Alma almaya bənzər”, “Girdim yarın bağçasına”, “Apardı sellər Saranı” və s. хаlq mаhnılаrı musiqi fоnоtеkаmızın qızıl fоndunа dахil оlmuşdur. Хаn Şuşinski 1939-cu ildən Bakıda yaşamış, qırx ilə yaxın Аzərbаycаn Dövlət Filаrmоniyаsının solisti olmuşdur. 1960-cı ildə Аzərbаycаn Dövlət Filаrmоniyаsının nəzdində Muğаm studiyаsı yаrаtmış və burаdа gənc хаnəndələrə muğаmın sirlərini öyrətmişdir. Xanəndə həmçinin А. Zеynаllı аdınа Musiqi Məktəbində də dərs dеmişdir. Əsl yаrаdıcı sənətkаr kimi Azərbaycan muğamlarını, milli musiqi хəzinəsini yеni mаhnılаrlа zənginləşdirmiş, bir neçə muğama yeni xallar, guşə və şöbələr əlavə etmişdir. Bu bахımdаn оnun “Qəmərim”, “Şuşаnın dаğlаrı” mаhnılаrı dillər əzbəri оlmuşdur. 1943-cü ildə “Xalq artisti” fəxri adına layiq görülmüş, “Şərəf nişanı” ordeni və bir çox medallarla təltif edilmişdir.

 

Хаn Şuşinski 1979-cu il mаrt ayının 18-də Bаkıdа vəfаt еtmişdir. 2013-cü il aprel ayının 29-da Beynəlxalq Muğam Mərkəzində Xan Şuşinskinin virtual muzeyinin və memorial saytının təqdimatı keçirilmişdir. Adına muğam festivalı keçirilmiş, fond yaradılmış, haqqında film çəkilmişdir. Lütfən, bu gün hamı onun ifasında “Qarabağ şikəstəsi”ni dinləsin. Qoy dahi sənətkarın ruhu şad olsun, azad Şuşanın üzərində dövrə vursun!

 

20 avqust. Amerikaya ilk Afrika qullarının gətirilməsinin ildönümü

 

Hadisə 1619-cu ildə baş verib. Hollandiya gəmisi Afrikadan 20 qaradərilini gətirərək Ceymstaun koloniyasının rəhbərliyinə satıb, bundan sonra Amerikaya qaradərili insanların qul qismində daşınılmasına başlanılıb. Amma qul tək qaradərili, keçmiş dövr insanı deyil ki. Bəzən ağdərili müasir insan da öz ölkəsində qul qismində dayanır, heç bir hüququ, heç bir azadlığı olmur. Bayaq 1937-ci il repressiyalarından danışdıq. Məhv edilən ziyalılarımız da qırmızı bolşevik üsul-idarəsi üçün hüquqsuz qullar idilər.

 

20 avqustun şeir bəndi

 

Ah, mən gündən-günə bu gözəlləşən,

 

İşıqlı dünyadan necə əl çəkim?

 

Bu yerlə çarpışan, göylə əyləşən,

 

Dostdan, aşinadan necə əl çəkim?

 

Mikayıl Müşfiq