Çay süfrəsi mədəniyyəti, ipəkçilik, Molla Nəsrəddin lətifələri və pəhləvanlıq: Azərbaycan UNESCO-ya 4 yeni nominasiya faylı təqdim edib

Rate this item
(0 votes)

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi UNESCO-ya qeyri-maddi mədəni irs elementlərimizi təmsil edən yeni nominasiyaları təqdim eləyib.
UNESCO-ya yeni təqdim edilmiş 1 milli və 3 çoxmillətli nominasiya dosyemizin Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 2022-ci ildə keçiriləcək sessiyasında müzakirəyə çıxarılacağı təsdiqlənib. Beləliklə, komitənin 2022-ci ildə keçiriləcək sessiyasında daha 4 elementin - Türkiyə və Azərbaycanın birgə təqdim etdiyi “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial təmasın simvolu”; Əfqanıstan, Azərbaycan, İran Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın birgə təqdim etdiyi “Baramaçılıq, ipəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı”; Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın birgə təqdim etdiyi “Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi” çoxmillətli nominasiya fayllarının və “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri” milli nominasiya (Azərbaycan) faylımızın UNESCO Siyahına salınması məsələsi müzakirə olunacaq.
Bu barədə AzərTAC xəbər verir.
Xatırladaq ki, ölkəmiz 1992-ci ildən UNESCO-ya üzv qəbul olunub. 1996-cı ildə isə UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq sahəsində memorandum imzalanıb. Həmin vaxtdan etibarən BMT-nin elm, təhsil və mədəniyyət üzrə bu nüfuzlu təşkilatı ilə əlaqələrimiz genişlənməkdədir. Ötən dövr ərzində ölkəmizin 15 qeyri-maddi mədəni irs elementi UNESCO-nun müvafiq siyahısında yer alır.