HƏR ŞEİ GÖZƏL İDİ, AMMA... - Lənkəranda II Kitab Sərgisi major notlarla başa çatdı Featured

Rate this item
(0 votes)

Telman Aslanov, “Ədəbiyyat və incəsənət”

 

Bölgələr paytaxtdan gələn bayramlara daha həssasdırlar. Onda ki, bu bayram intellektual bayram olur, kitab bayramı olur, bayramın kəsəri ikiqat artır. Həftəsonu Cənub bölgəmiz məhz belə bir bayrama qucaq açdı. 5 – 7 aprel tarixlərində 2024-cü il Gənclər Paytaxtı Lənkəranda II Kitab Sərgisi keçirildi.

 

Azərbaycan Nəşriyyatları Assosiasiyası, Gənclər və İdman Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı, Lənkəran-Astara Regional Təhsil İdarəsi və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə reallaşan tədbir Heydər Əliyev Mərkəzində hər gün saat 10:00-dan 19:00-dək baş tutdu.

Sərginin açılış mərasimində ANAİB sədri Şəmil Sadiq, Gənclər və İdman Nazirliyi Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov çıxış etdilər.

Sərgi günlərində həm lənkəranlılar, həm ətraf rayonlardan təşrif buyuranlar həm güzəştli qiymətlərlə kitablar aldılar, həm sevdikləri yazarlarla görüşdülər, həm sözlü-musiqili tədbirlərə qatıldılar.

Qeyd edim ki, sərgi çərçivəsində yazıçılar – Varis, Əziz Yaqubzadə, Elgüsel, Ceyhun Hidayətli, İlqar Kamil, İradə Qədirova, Rövşən Abdullaoğlu, Dünya Veysəlova, Vüqar Bayramlı, Həmid Piriyev, Aynur Cavid və Ülviyyə Tahir oxucularla görüşdülər, öz kitablarını imzaladılar.

Bundan başqa, dilçi alim Rafiq İsmayılovun “Oxuyub anlama təhsildə metabacarıq kimi”, təhsil texnoloqu Şəmil Sadiqin “Təhsildə STEAM yanaşması”, təlimçi Orxan Şahbazın “ZİDDiyyətləri idarə etmək” seminarları, Azərbaycan Ədəbiyyat Fondu və AYB-nin Lənkəran bölməsinin birgə təşkilatçılığı ilə “Bölgə ədəbiyyatı, problemlər, perspektivlər” adlı müzakirə, Şamil Mahmudbəyovun 100 illiyi münasibətilə kinorejissor Tahir Tahiroviçin təqdimatında “Od içində” bədii filminin nümayişi, Elgüselin uşaqlar üçün nağıl saatı, 5 nömrəli məktəbin şagirdlərinin təqdimatı da təşkil olundu.

Bütün tədbirlər bir-birindən maraqlı idi.

Sözün həqiqi mənasında Lənkəranda kitab bayramı baş tutdu.

Sonda bir arzumu da dilə gətirim. Bu qədər nəşriyyatların gəlişi, paytaxtdan bura tonlarla kitabın daşınması tək kitabın təbliğatı deyil, həm də onun satılması, ağır əməyə qatlaşan naşirlərin fədakarlıqlarının azacıq qiymətləndirilməsi naminədir. Çox təəssüf ki, sərgiyə qatılanlar kitab alınmasında elə də fəallıq göstərmədilər. Amma ümid edək. Ümid edək ki, insanlar növbəti dəfələrdə ailə büdcəsindən maariflənmə, mənəvi qidalanma üçün də pul ayırarlar.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)