Mikayıl Azaflının 100 illiyi münasibətilə MM Mədəniyyət Komitəsi paylaşım edib

Rate this item
(1 Vote)

Yola saldığımız bayram günlərində Azərbaycanın Əməkdar mədəniyyət işçisi Aşıq Mikayıl Azaflının anadan olmasının 100-cü ildönümü oldu. Bu münasibətlə Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi paylaşım edib.

“Ədəbiyyat və incəsənət” portalı komitəyə istinadən bu paylaşımın mətnini təqdim edir. 

 

Azərbaycanın Əməkdar mədəniyyət işçisi

Aşıq Mikayıl Azaflının anadan olmasının 100-cü ildönümü tamam oldu. Mikayıl Cabbar oğlu Zeynalov‎ (21.03.1924, Tovuz – 12.10.1990, Tovuz) - ustad Mikayıl Azaflı aşıq poeziyasının bütün şəkillərində əsl sənət örnəkləri yaradan, klassik aşıq gələnəklərini layiqincə davam və inkişaf etdirən sənətkarlardan biri olub. Onun yaratdığı “Azaflı dübeyti”, “Azaflı gözəlləməsi”, “Azaflı sənəti”, “Azaflı dünyası”, “Azaflı gəraylısı”, “Azaflı himni”, “Mikayılı”, “Azaflı dağları”, “Azaflı bəhri”, “Məzahiri”, “Azaflı müxəmməsi”, “Şah sarayı” kimi saz havaları dillər əzbərinə dönüb.

Azaflı poeziyası xalq arasında geniş yayılsa da, XX yüzilin 80-ci illərinin ortalarına qədər mətbuat üzünə həsrət qalıb. Bu vaxt artıq sovet quruluşunun dayaqları laxlamağa başlamışdı. Odur ki, 80-ci illərdə Azərbaycan Televiziyasında rəhbər vəzifədə işləyən yazıçı Nahid Hacızadənin köməyi sayəsində aşığın iştirakı ilə onun yaradıcılığına həsr olunmuş bir saatlıq veriliş efirə verilə bildi. Veriliş böyük maraqla qarşılandı. Sonralar “Yazıçı” nəşriyyatı sənətkarın “Qocaqartal” (1987) adlı kitabını nəşr etdi. 1988-ci ildə Şərifzadə adına Aktyorlar Evində Azaflının özünün iştirakı ilə məclis keçirildi və geniş şəkildə televiziya vasitəsilə nümayiş olundu.

Azaflı 1984-cü ilin mart ayında Aşıqların IV Qurultayındakı məruzə səviyyəli çıxışında çoxillik təcrübəsindən yararlanaraq, aşıq sənətinin incəliklərindən, çatışmazlıqlarından, qarşıda duran vəzifələrdən söz açıb. Onun irad və tövsiyələri minnətdarlıqla nəzərə alınıb. Qurultayda Azaflının aşıq sənətinin inkişafında göstərdiyi fədakarlıq və xidmətlər xüsusi vurğulanıb. 

NovruzBayramı şənliklərində xalqımızın müdrik ağsaqqalı DədəQorqud obrazı ona həvalə olunub. 1989-cu il may ayının 17-də Mikayıl Azaflıya ədəbiyyat və incəsənətin inkişafında böyük xidmətlərinə görə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adı verilib.

Sənətkarın bir qoşmasını paylaşır, sayğılarla anırıq:

 

QANA DÖNMƏSİN

 

Murazım, diləyim budur, ay ellər.

Dünyanın ürəyi qana dönməsin,

Zəmidə sümbüllər, bağçada güllər,

Bəşərin çörəyi qana dönməsin.

 

Qana bulanmasın yerin murazı,

Hər əsrin, hər ilin nur səpən yazı,

Şairin şeiri, aşığın sazı,

Arzusu, diləyi qana dönməsin.

 

Qana bulanmasın sülhün gülüşü,

Görməyək dəhşətli matəm görüşü,

Atanın saqqalı, ananın döşü,

Yaxası, köynəyi qana dönməsin.

 

Qana bulanmasın insan sərvəti,

Həyatın varlığı, sözün qüdrəti,

Milyon cavanların saf məhəbbəti,

Toyluğu, gərdəyi qana dönməsin.

 

Azaflı, bir olsun cəmiyyət əli,

Dağılsın, talansın fitnə əməli,

Heç kimin vətəni, heç kimin eli,

Ömrü-gələcəyi qana dönməsin.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)