Deyirəm oyan, gözünü aç, ayağa dur! İstəmir - Yunus Oğuzun felyetonu Featured

Azərbaycanda felyeton janrının tanınmış ustadı Yunus Oğuz “Ədəbiyyat və incəsənət” oxucularına növbəti felyetonunu təqdim edir.

 

Deyirəm oyan! Zaman üstündən qatar kimi yox, uçaq kimi keçir. Oyanmır. Zalım oğlu elə bil fil qulağında yatıb. Oyansa ətrafına baxacaq, diribaş qonşularını görəcək. Anlayacaq ki, dünya onun beyninə yeridilən dünya deyil. Dünya al-əlvandır; müharibəsilə, sevgisilə, nifrətilə, məhəbbətilə, yeniliyilə, köhnəliyilə. Bunları qəbul edə bilməyəcək.

Odur ki, yuxuda pıçıldayır: "Əl çək məndən! Mən dini məsələlərdə mühafizəkaram. Gərəkdir ki, insan qatı dindar, müsəlman olsun. Çarşabda gəzsin qadınlar. Kişinin qulu olsun qadınlar. Necə ki, Allahın quludur cəmi cümlə. Gərəkdir cocuqlar, qadınlar kişinin tarlasında səssiz və müti olsunlar. Heç bir yeniliyi qəbul etməsinlər. Öl desən, ölsünlər, qal desən, qalsınlar. Kişi onlar üçün yerdə Allah olmalıdır".

Görürəm yatıb yuxuda qalmış adam köhnəlikdən çıxıb, amma özlüyündə. Mollalıq edir, ölülərimizi müsəlman qaydası ilə dəfn edir, "Fatihə", "Yasin" oxuyur, salavat çevirir, amma əbasının altında telefon gəzdirir, surələri, ayələri birbaşa ordan oxuyur. Qeyri-müsəlmanların əleyhinədir, ancaq onların istehsal etdikləri komfort maşının birindən düşüb , o birinə minir. Evində, həyətində işıqdan, hamamda isə onların icad etdiyi ləvazimatlardan istifadə edir.

Soruşuram ki, ay kişi, bəs belə mühafizəkarsansa, bütün bunlardan niyə istifadə edirsən? Get cəhalətin, xurafatın dövründə qal. Telefon əvəzinə göyərçindən, maşın yerinə at, eşşəkdən istifadə et.  Evinə elektrik çəkmə. Romantik ol, evinin hər tərəfinə şam düz, ay işığında surə oxu. Hamamda tavadan, tasdan əlini çəkmə. Daha neyləyirsən kafirlərin istehsal etdiyi "Head&shoulders" şampununu, "Chanel" ətrini?

Cavab verir ki, əşi, deməyimə baxma! Bir çətən külfətim var. Onların ruzusu dindən, xurafatdan, cəhalətdən çıxır. Əlimdən başqa iş gəlir? Bir sənət sahibi deyiləm axı. Nə olsun deyirəm ki, qadınlar çarşab geyinməlidilər ki, bədən cizgiləri görünməsin. Elə onun zibilinə düşmüşəm. Çarşab görəndə ürəyim atlanır. Fikirləşirəm görən onun altında nə var, o bədən cizgiləri necədir? Odur da cocuq-coluq bədənimi zəncirləyib, əlimi-qolumu bağlayıb, bunlardan başqa heç nə fikirləşə bilmirəm...

Başqa birisinə deyirəm, oyan, gözünü aç! İndi gözübağlı yaşamaq vaxtı deyil. Dünyaya gözüaçıq bax. Dünya elm dalınca qaçır. Halal çörək qazanır. Yarıyuxulu dillənir: Nə elm, nə çörək, nə qazanc? Sən "Kazbek"i doldur qoy damağıma, ya da  qəlyanın muştuğunu dodaqlarımın arasından əksik eləmə. Qəlyanın üstündə də tiryəki bol elə. Elə et ki, hallanandan sonra haldan çıxmayım. Elm xırda şeydir. Əsas diplomdur. Gedib pul verib diplom alacam. Sonra qışqıracam ki, ali təhsilli kadrlara bu ölkədə yer yoxdur. Hallı-hallı hökumətlə məzələnəcəm. Dünyaya şikayət edəcəm. O de ...e... nə çoxdur bu hökumətdən narazı qalan dövlətlər. Birinə torpaq vermir, birindən torpaq istəyir. O birinə yol vermir, digərinə neftdən, qazdan faizi az verir..., canım sənə desin, nələr...nələr...

Qoşulacam beşinci kalona, pul göndərirlər, şey göndərirlər. Etirazımızı edib hallanacayıq. Nəyimizə lazımdır dövlət, xalq, şanlı tarixi keçmişimiz,  İndi hallı, biraz da kal olmaq lazımdır. Bədəbəddə gedib kənd toylarında qafiyə açıb, meyxana deyəcəm. Toylardan gələn pulu televizorlara buraxacam. Məşhur olacam. Pul basıb "xalq meyxanaçısı" adını alacam. Nəyimə lazımdır elm!?

Üçüncüsünə deyirəm oyan, gözünü aç, ayağa dur, silkələn! İndi ayağa durmaq vaxtıdır! Böyrünü narazılıqla yana çevirib şirin yuxusunu davam etdirir.

O da yarıyuxulu deyir ki, qarşıma çox çətin məsələ qoyursan. Ayaqda qalmaq ayağa durmaqdan çətindir. Ayaqda qalmaq üçün hansı yolla olur- olsun pul qazanmaq, yaltaqlıq etmək, ayaqda duran dizlərini kiminsə önündə qattalamaq lazımdır. Dizlərin qattalanmasa ayaqda dura bilməzsən.

Lap elə bil ayağa durdum, dediklərimi həyata keçirdim. Çoxlu pul qazandım. Bəs onları neyləyəcəm? Əttovbə, birdən ağlına gələr ki, bu puldan xəstəyə kömək edəcəm, yetimə dayaq olacam, kasıb tələbənin təhsil haqqını ödəyəcəm, tariximiz haqqında  kitab yazdıracam, film çəkdirəcəm, hansısa qaçqına ev tikdirəcəm. Ağlına belə şeylər gəlməsin.  Biz belə şeylərə öyrəncəli deyilik. Olsa-olsa, "yaxşı oğlan, pul xərcləyən oğlan" adını özümüzdə saxlamaq üçün villamıza üç-beş qız çağırıb kef edəcəyik. Sonra soyundurub şəkillərini, lap elə canlı çəkib internetə qoyacayıq, "Like" yığacayıq. Ayaqda durmaq üçün bundan yaxşı bir şey olmaz ki? Hamı bizdən danışacaq, tərifləyən də, söyən də olacaq, amma ayaqda olacayıq, Mənə bu lazımdır?

Soruşuram ki, bəs zəkanı, ağlını  inkişaf etdirmək istəmirsən? O sənin dayağın, çörək ağacın ola bilər.

Cavab verir ki, hələ zəkanın, ağlın zəmanəsi yetişməyib. İndi öz dilinin əvəzinə üç-dörd əcnəbi dil bilsən sənə bəs edər. Mən də bunları bildiyim üçün ayağa durmaq istəmirəm.

Bu zaman susuram. Bilirəm ki, onların hər üçü haqlı deyil. İndi zəmanə dəyişib, yenilənib, şəffaflaşıb. Görən bunu çoxları başa düşürmü?..

Deyirəm oyan, gözünü aç, ayağa dur! İstəmir. Yüz illərin ağrı -acısını, toz-pasını üstündən at, silkələn, yenilən. İstəmir. Yüz il bundan öncə necə idisə, indi də eləcə istəmir.

 

“Ədəbiyyat və incəsənət”

(13.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.