Taksi əhvalatları Featured

Rate this item
(8 votes)

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

Dəfələrlə taksiyə minmişəm və hər dəfəsində demək olar ki, eyni ssenari ilə qarşılaşmışam. 

Demək, ssenari belədir :

- Taksi sürücüsü heç vaxt öz həmkarını bəyənmir, qarşısındakı maşın sürücüsünə  sənə "prava verənin..." - deyib, ürək sözlərini, söyüşlərini yağış kimi yağdırmağa başlayır. Ya da ki, piyada keçidindən keçəni öz aləmində söyüş söyüb tələsdirirlər. Məsələ burasındadır ki, hər dəfəsində eyni hadisəni, davranışı sürücü təkrarlayır. Hələ mən sizə sükan arxasında siyasi məsələləri həll edən, müzakirə edən insanlardan danışmıram. Onlar başqa aləmdir. Danışıqları sanki, çayxanada oynanılan "şeş - qoşa" söhbətlərinə bənzəyir. Danışıqlarında "aranı dağa, dağı da arana" daşıyırlar. Özü də elə məharətlə danışırlar ki, görən də deyir, bəs nədir.

İçdən bir anlıq sual yaranır : 

- Bütün bunları belə bilirsinizsə, niyə gedib diplomatik sahələrdə fəaliyyət göstərmirsiniz, gəlib sürücülük edirsiniz ?!

Həmişə də cavab eyni məcrada davam etdirilir. "Vaxtında adamım olsaydı".

Hər dəfəsində də hökmən biri diplomlu şəxs olur. Ya hüququ bitirən, ya müəllimlik edən, ssenari demək olar ki, eynidir. Dindirib danışsan, hər biri gün-güzəranından şikayət edənlərdirlər. 

 

Yaxşı yadımdadır: - Bir dəfə halım çox pisləşmişdi, birtəhər taksi çağırıb xəstəxanaya gedirdim. Yoldaykən qəfil taksi sürücüsünə zəng gəldi, maşını yolun kənarına çəkib başladı danışmağa. Başladı zəng edən adamla hal-əhval tutmağa. Mənimsə halım özümdən getdikcə gedirdi. Ələmdarın arvadından başlayıb, Gülpərinin qızını yenicə bitirib, Rasimə keçəndə ağrıdan dilə gəldim:

- Ölürəm ey, mən burda. Siz də orda "milli məclis" açmısınız - dedim. 

Eh, taksiçilər, taksiçilər…

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2024)