Tıxaclar axırımıza çıxmadımı, çıxdı

Rate this item
(0 votes)

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə bölməmdə şair Yusif Nəğməkarın “Tıxac” adlanan şeirini təqdim edəcəyəm.         

Tıxaclar hamımızı bezdirib. Əlacı nədədir? Heç kəs bilmir. Bəs şair özü necə? 

O, tıxacın bir neçə növünü sadalayır və bizi öz incə yumoru ilə agah edir ki, tıxac dedikdə yalnız ənənəvi avtomobil tıxacları nəzərdə tutulmur. 

 

Tığ-tığ tıxanırıq tıxaclara biz,

Tıxaclar tığlanır dözmümüzə də.

Quruyub dönürük qaxaclara biz,

Oxşaya bilmirik özümüzə də...

 

Yol üstdə fırlanır yumru qəzəblər,

Əyləcdə dartılır əsəblərimiz.

Dilsiz təkərlərdir susmuş əzablar,

Taptanan qadağa-sədd səhvlərimiz...

 

Bu tünlük, basırıq-can yaxacları,

Nizamı pozulan hər şey sıxıcı...

Müşkülə düşübdür yol tıxacları,

Ondan da betərdir səbr tıxacı.

 

Tıxacdan bəlalar doğulmaqdadır,

Doğranır tıxacda doğruluqla düz...

Tərif tıxacında boğulmaqdadır

"Feyzbuk" səhfəmiz hey gecə-gündüz...

 

Çöllərdə özünə iş etməməkçün

İlxıçı yol açır ulaqlarına...

Qoruqçu həşirin eşitməməkçün

Pambıq da tıxayır qulaqlarına...

 

Tıxacın qurbanı olub sürətlər;

Ləngiyir yollarda "Ambulans"ımıź.

Donub öz yerində qəfil surətlər...

Üzümüz nuruna varmı şansımız?!.

 

Kim kimdən yapışıb, kimi buyura...

Əllərin tıxacı ətəklər üstə...

Tıxaclar uzanıb boy-boy bayıra,

Arı tıxacıdır pətəklər üstə...

 

Varlığın, darlığın çoxdur sirləri...

Məzar izdihamlı qəbiristanlıqda...

Basıb bir-birini qəbir yerləri,

Ölü sıxlığıdır diristanlıqda...

 

Fikir metrosunda sıxlıqdan betər

Bankomat növbəsi, bazar tünlüyü...

Qaxıl evdə otur, başabaş yetər

Bayramlı bayırda güzar tünlüyü...

 

Alaq, ya almayaq vecə, bilmirəm;

Ötəkmi gözlərin tox, aclarından?!

Yolu necə açaq, necə, bilmirəm

Yalaqla yalanın tıxaclarından?!.

 

Amerika kəşfi- super hegemon,

Avropa deyilən konfort acıdır...

Sıx-sıx tərəfkeşlik-yaramaz OMON

Qərbin boğazında Hay tıxacıdır!..

 

Keçib ört-basdırdan-ərşə küfr də;

Xəstəlik tıxacı, azar tıxacı...

Qəzetdə, jurnalda, eyzən efirdə

Müğənni tıxacı, yazar tıxacı...

 

Söz aç çıxarından, öt çıxacından;

Yerlər alış-veriş, bazardı Göylər...

Gün-gün artan "ulduz", "ay" tıxacından

Daha Yerdən betər bezardı Göylər...

 

Seyrək seyrimizə sərək Səmanı,

Yerimiz, Göyümüz Allah amanı!

 

 “Ədəbiyyat və incəsənət”

(30.11.2023)