“Yıxıb sürüyəcək qlobal tənqid…” Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının Gülüş Klubunda bu dəfə sizlərlə şair Rəfail İncəyurd baş-başadır. O, “Xəyal” adlı şeirində cəmiyyətdəki nöqsanları və ədalətsizlikləri incə ehyamla dilə gətirib. 

 

Xəyal

 

Oturub bir əsər yazacam bir gün,

Mən özüm olacam baş qəhrəmanım.

Finalda o qədər yüksəldəcəm ki,

Xata çıxardacaq şöhrətim-şanım.

 

Xata çıxardacaq şöhrətim-şanım,

Çəkib deyəcəklər: -Eyy, həddini bil!

Yıxıb sürüyəcək qlobal tənqid,

Deyəcək: -Bu süjet həyatı deyil.

 

Deyəcək: -Bu süjet həyatı deyil,

Xoşa gəlməyəcək xəbər-mübtədam.

Deyəcək: -Bu adam xəyalpərəstdi,

Bu qədər ucalmaz sıravi adam.

 

-Bu qədər ucalmaz sıravi adam,

Eləyir şübhəli fikrə meyil o.

Təftiş eləyəcək sosioloqlar:

-Siyasi cəhətdən yetkin deyil o.

 

-Siyasi cəhətdən yetkin deyil o,

Qələmi olsa da, bilmir həyatı.

Düz yola qayıdıb ola bilərdi

Dövlət Mükafatı laureatı!

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2023)