35 qəpikdən nar almaq şansımız Featured

Rate this item
(0 votes)

 

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

Rəiyyətin bir gözü həmişə marketlərin endirim lövhələrində olar, hamı çalışar, 3-5 qəpik ucuzlaşan mallardan alıb feyziyab olsun. O cümlədən də mənim. 

 

Məsəlçün, əvvəlki illər 13 manata aldığımız Yeni Zelandiya kərə yağını indi endirimlə 17 manata ala bilməyimizə (deməzsənmiş, hazırkı qiyməti 18 imiş) sevinməyib neyniyək? Rahat marketlə Araz marketin ötənilki endirim kitabçaları ilə builkini müqayisə edəndə adamın lapdan ürəyi tutur. 

Ötən il filan şirkətin 25 faizlik xamasının 200 qramı 1,50 manat idisə indi qıpqırmızı 1,90-a satılır. Və bizə xoş rifah bəxş edib endirimlə 1,70-ə satırlar. 

50 manatlıq alış-veriş edənlərə olan xüsusi endirimlər isə lap göz oxşayır. 

Bazarstor isə böyük məbləğdə alış-veriş edənlərə bir kiloqram narı hardasa 35 qəpiyə satır. 

 

Ağlıma bu endirimləri və hədiyyələri bu cür parodiya etmək gəldi.

Məsələn: “Tükkəzban” hipermarketində misli görünməmiş endirim. 2 kiloqram qara kürü alana (kiloqramı 1550 manatadır) 1 kiloqram soğanın kolosu 65 qəpik deyil, 59 qəpiyə. 

Məsələn: “Fatmanissə” avtosalonunda bəşəriyyətə sığmayan endirim. 2 ədəd “Qalenvagen” avtomobili alana (bir ədədinin qiyməti 375 min manata) 1 ədəd brelok (qiyməti 2 manat) hədiyyə. 

Endirimlər həyatımızın mənasıdır. Təki hər yerdə endirim görək. 

Təkcə maaşlara endirim tətbiq edilməsin amma. Çünki onların endiriləsi yeri yoxdur.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2023)