“Çox uzandı bu gileyin axırı…” - İnqilab İsaqın şeirləri Featured

Rate this item
(0 votes)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə Ədəbiyyatımızı sevdirək layihəsində bu gün sizlərə İnqilab İsaqın şeirlərini təqdim edirik. 

 

 

Çiçəklərə qoşuldu

 

Gözləməkdən çiçəklər də saraldı,

Bir cığır da açılmadı bəxtimə.

Tanrının da heç yadına düşməyib,

Özgə yolun qismətiymiş bəxt demə.

 

Bu ömürdə yanlış bircə sətir yox,

Üsyanamı ünvanlayıb bu adı?

Günlərimin nə çox imiş günüsü,

Ögeylik də baş qatmaqda ustadı.

 

Yır-yığışın vaxt-vədəsi bilinmir,

Öz yükünü özü çəkər, eləmi?

Çox uzandı bu gileyin axırı,

Qapanmışam taleyimə söz kimi.

 

Bir taleyə oyun qurmaq hünərmi?

Cavab üçün bəzənməyib qış, bahar.

Ta üzülmə, bu ah-vaylar hədərdi,

Bu boşluqda boş olmayan nəsə var.

 

Bəsdi, yetər çək-çevirlər fəryadı,

Qızıl gülün ətrinə də çatar gün.

Kəpənəklər çiçəklərə qoşuldu,

Arxasınca yel oynadı bir ömrün.

2019

 

 

Vətən kimi

 

Böyük şairimiz Musa Yaquba

 

Çıxar yolumuza gah qış, gah bahar,

Nədir aralığa düşən ögeylik?

Çox imiş dünyada haçalı yollar,

Nə yaxşı hər yola yatan deyilik.

 

De, hansı xəbərdi, bu qaçhaqaçda?

Göylərdə əyləyir durna köçünü.

Küsülü cığırın dolan vaxtıdı,

Tutar yetimliyi, dərər içini.

 

Fələk qapı açır, örtmür hələ ki,

Kimi başa çəkir, kimi ayağa.

O tala, o orman sağ olsun təki,

Hər əl yetə bilmir söz çıxan dağa.

 

Quzeyi üşütməz zirvənin qarı,

Yüyən çəkən qalar əldə-ətəkdə.

Halalın haqqında tufan qopsa da -

Azmaz öz yolunu arı pətəkdə.

 

Hələ görüşümüz qalsın sonraya,

Baharın oyaqdı qış çilləsində.

Sözün qəribliyə düşən yerini,

Tapdım Vətən kimi... tapdım səsində...

2011

 

 

İnad

 

Üzümə dayandı axrı bu divar,

Dəyişik saldıqca qapı yerini.

Azmı müsibətin odunu görmək,

Sürgünlü-cəzalı ömür yenimi?

 

İşıq axtarıram, gün ki günorta,

Zülmətlə əlbirdi şeytan ürəyi.

Ancaq gözlərimə öpüb qoyuram,

Əlim halallıqla kəsən çörəyi.

 

Dağıntı içində bir tale qurmaq,

Heç kəsə o qədər gəlməsin asan.

Hamı baxıb gülər dərdli adama,

Odur ucalıqda fikrini aşan.

 

Tanışdı bu dünya ən yad adama,

Bilir ki bu gələn yol gözləyəndi.

Ağac kölgəsində, arx qırağında,

Yuxuya getsə də fürsəti, fəndi.

 

Bir də dediyimi yanlışa yozma...

Necədi kədəri daş-qalaq etmək.

Nə xoşdu könüldə işıq yandırıb,

Ayı salamlayan tərəfə getmək.

2019

 

 

Nə ayrılıqdı belə...

 

Telejurnalist, dostum

Qaraş İsmayılın xatirəsinə

 

Nə qara-qorxu xəbər

Nə ayrılıqdı, Qaraş?

Mən qardaş itirmişdim

Əcəl pusqudan çıxıb

Səni də tapdı, qardaş.

Dur, yalanı güldürüb

Elan eylə efirdən.

Doğra qəhər lentini,

Bu qəfil reportaja

İnandırma bizi sən.

Qızlarının gözündə

Qapanan ekranlara,

Açılmayan səhərə

Nə təhər dözəcəksən?..

Zarafatın ürəktək

Dostları dindirərdi.

Şəhərinə gəlmişəm

Zarafat eylə indi.

Nə qara-qorxu xəbər

Nə ayrılıqdı, Qaraş.

Nolar bir məni eşit,

Nolar mənə qulaq as.

Boşla-boşla sən Allah

Ölümlə zarafatı,

Belə zarafat olmaz.

2003

 

 

Hara gedək?

 

Qələm dostum

Məmməd Dəmirçioğluna

 

Dostlar, durub hara gedək?

Bürkü gəlməsin yaxına.

Can qurtaraq qaçhaqaçdan,

Təslim olmayaq axına.

 

Çox ömürün astarını

Görə-görə üzüldüm mən.

Siz də görüş yeri kimi

Əl çəkməyin ümidlərdən.

 

Hərdən dəli, tünd şəraba

Yer axtaraq bir küncdə biz.

Onsuz da ki, qılınclanır

Bu körpə, məsum kölgəmiz.

 

Nə yaxşı ki azmamışıq

Sağlıqların dumanında.

Deyən, tamam yanıldılar

Sərxoş günlər gümanında.

 

Səfərdəyik... yol üstündə,

Fikirlidir oğul, uşaq.

Ürək tutan sancılarsa,

Heyif bizdən deyil uzaq.

...Dostlar, durub hara gedək?

Bürkü gəlməsin yaxına.

Can qurtaraq qaçhaqaçdan,

Təslim olmayaq axına.

2011

 

“Ədəbiyyat və incəsənət”

(23.04.2024)