Şəhidlər barədə şeirlər – Ülvi Azayev

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Ülvi Azayevəhəsr edilmiş şeirlə tanış olacaqsınız.

 

ÜLVİ MAQSUD OĞLU AZAYEV

(04.11.2001.-02.10.2020.)

 

Kürdəmirin Ərəbqubalı kəndindən olan, Azərbaycan Silahlı qüvvələrinin əsgəri,  Qarabağın azad edilməsi uğrunda  Vətən müharibəsinin şəhidi 

 

QƏHRƏMAN ÜLVİ BALAM

(Anası Şövqiyə xanımın dilindən)

 

Mənim sevimli oğlum,

Qəlbim, qanadım-qolum,

Mən sənə qurban olum,

Qəhrəman Ülvi balam.

 

Sən  ətirli çiçəkdin,

Bizə arxa, köməkdin,

Saf arzuydun, diləkdin,

Qəhrəman Ülvi balam.

 

Kənddə sevimli idin,

Gündən-günə böyüdün,

Mənim qorxmaz igidim,

Qəhrəman Ülvi balam.

 

Demişdim, illər keçər,

Böyüyüb olar  əsgər,

Göstərər mərdlik, hünər,

Qəhrəman Ülvi balam.

 

Sadə, mehriban idi,

Gülərüz, cavan idi,

Sanki pəhləvan idi

Qəhrəman Ülvi balam.

 

Əsgərliyə yollandı,

İçəndə əsgər andı

Özünü xoşbəxt sandı,

Qəhrəman Ülvi balam.

 

Snayper-avtomatlı,

Xüsusi təyinatlı,

Cürətli, yel qanadlı,

Qəhrəman Ülvi balam.

 

Deyirdi, “Bu torpağı,

Yurdumuz  Qarabağı,

Tərk etməlidir, yağı.”

Qəhrəman Ülvi balam.

 

Arzusuna yetdi  o,

Əla  qulluq etdi  o,

Ürəklərdə bitdi  o,

Qəhrəman Ülvi balam.

 

Məşəl oldu, sönmədi,

Bayraq oldu, enmədi,

Amalından dönmədi

Qəhrəman Ülvi balam.

 

Qurban olum  adına,

Çatmasam da dadına,

Deyirəm  övladıma,

-Qəhrəman Ülvi balam.

 

Sən, ürəyim, canımsan,

Hər vaxtım, hər anımsan,

Vüqarımsan, şanımsan,

Qəhrəman Ülvi balam.

 

Məzarını öpürəm,

Üstünə gül səpirəm,

Qürur ilə deyirəm:

-Qəhrəman Ülvi balam.

 

“Ədəbiyyat və incəsənət”

(23.04.2024)