Paşinyanın rəqs etdiyi yerdə indi Üzeyir Hacıbəylinin heykəli durur Featured

Rate this item
(0 votes)


Pressklub.az saytında dərc edilmiş Arif Əliyevin “Dağlarda liman Şuşa” yazısını “Daycest” bölümündə oxucularımıza təqdim edirik.


Bizi Şuşanın girişində əsgərlər saxlayırlar: “Yol bağlıdır, gözləməli olacaqsınız”.
Səbəbini bilmirik. Guya narazıyıq:
– Arxadan Türkiyəli qonaqlarla şeyxülislam Allahşükür Paşazadə gəlir, onu qabağa buraxmaq istəyirlər”, – kimsə ehtimal edir.
Əslində isə burada ilişib qalmağımız ürəyimizdəndir. Çünki mülki adamlara postda boş-boşuna durmağa icazə yoxdur. Diasporla iş üzrə komitənin əməkdaşı Leyla xanım vəziyyəti 5 isveçli jurnalistə də izah edir. Birlikdə dayanıb müşahidə aparırıq.
Azərbaycan ordusunun zabiti çəpərin o üzündəki rus sülhməramlısına nə isə deyir. Qəribədir ki, hərəsi öz dilində danışır, amma bir-birlərini başa düşürlər.
Yanımızda hərbi maşın saxlayır. Səhra mətbəxidir. Əsgər kabinədən çıxan adamdan soruşur:
– Nə gətirmisən?
– Qara kürü ilə şokoladlı tort.
Əsgər halını pozmadan maşının arxasına keçib brezenti qaldırır və yoldaşını çağırır:
– Gəl, bu çörəkləri götür!
İsveçli jurnalistlərdən ikisi zabitə yaxınlaşır. Onlar çəpərdən o tərəfdə, “Laçın dəhlizi”nin girişində erməni maşınlarını yoxlayan rus sülhməramlılarını göstərib soruşurlar:
–  Şəkil çəkmək olar? 
– Ayə, niyə olmur, – zabit ingilis dilində verilən sualı da başa düşür, amma azərbaycanca cavab verir. Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıya tərəf çönür. – Başa salın ki, buranın sahibi bizik.
– Ruslarla necə dil tapırsınız, – fürsətdən istifadə edən Elçin sualını verir.
– Problem yoxdur. Anlaşılmazlıq olanda da həll edirik.
Böyrümüzdən üzüaşağı uzun yük maşını keçir. Sürücümüz bizi çağırır:
– Gəlin, bu imiş qabağı tutan. Yol dardır. 

Paşinyan və Üzeyir Hacıbəyli

Şuşa balaca şəhərdir. Uzağı yarım saata bu başından girib, o başından çıxa bilərsən. Əlbəttə, maşının sazdırsa – mərkəzdən aralandıqca, yol çətinləşir.
Şəhərin 270 illik tarixini bilməyənlər, heç şübhəsiz, 28 illik işğal dövründə onu əzbərləyiblər. İşğal ərəfəsində Şuşanın 24 min əhalisi, qoruq zonasında 300 tarixi abidə, 550 qədim yaşayış binası var idi. Abidələrdən birini də salamat qoymayıblar, evlərin əksəriyyətini ya bombalar dağıdıb, ya insanlar uçurub. Ya da özləri baxımsızlıqdan çöküblər. Hərdən təmirli binalara rast gəlirsən. Burada ailələri ilə birgə təxminən 2500 erməni hərbçisinin və minə qədər mülki sakinin yaşaması üçün məhdud şərait yaradılıb: kilsə – məktəb – dükan – post – ev. Yerevandan gələn qonaqlar və ekstremal turizmi sevən xaricilər üçün bir neçə xırda villa-hotel də olub. Həmin illərin diqqəti cəlb edən yeganə quruculuq layihəsi isə “Dağlıq Qarabağ respublikası”nın parlament binası üçün təmizlənmiş sahə və sahənin ətrafına yığılmış tikinti materiallarıdır. İndi onlardan Azərbaycan şirkətləri bu yerdə beşulduzlu “Qarabağ zəfəri” mehmanxanası tikmək üçün istifadə edirlər…
*
Üzeyir bağındayıq. Operamızın banisi Üzeyir Hacıbəylinin evinin xarabalıqlarının arxasında. Şuşa Dövlət Qoruğu İdarəsinin şöbə müdiri Zaur Həsənov soruşur:
– Bilirsiniz, Paşinyan Şuşada harada rəqs edirdi?
Tərəddüdsüz cavab veririk:
– Cıdır düzündə.
– Hamı elə bilir və hər yerdə elə yazırlar. Yox, Paşinyan indi siz dayandığınız yerdə yallı gedirdi.
Hazırda burada peşəkar musiqi sənətimizin yaradıcısı Üzeyir Hacıbəylinin bərpa olunmuş heykəli ucalır. Ətrafında isə zəfəranlar bitir. Birinci dəfədir belə yüksəklikdə zəfəran görürəm.
 
Şuşanın ağ alması

…Beşulduzlu mehmanxana işğaldan azad edilmiş Şuşanın bərpa planının kiçik detalıdır. Plan isə böyükdür və icrasına artıq başlanılıb: 2041-ci ilədək şəhərdə əvvəlki qədər (maksimum 25 min) əhalinin məskunlaşlması üçün geniş infrastruktur yaratmaq nəzərdə tutulub. Bir ilə xeyli iş görülüb: ətraf partlamamış silah-sursatdan və minalardan təmizlənib, Şuşaya təzə yol salınıb və alternativləri çəkilir; şəhər su və elektriklə təmin olunub, mobil rabitə var; əsas dövlət orqanları fəaliyyətə başlayıb; tarixi binaların, məscidlərin və muzeylərin bərpası prosesi gedir – Bülbülün ev-muzeyinin həyətində hətta konsert meydançası qurulur; bir neçə mağaza və sex açılıb; ilk yeni yaşayış massivinin özülü qoyulub – 6 məhəllədən ibarət massivdə 2 min adam yaşayacaq.
Və ən başlıca xəbər: sakinlərin Şuşaya köçürülməsinə 18 aydan sonra başlanacaq. Kimin ki, yurdu dağıdılıb, bərpası mümkün deyil, onlara yeni ev veriləcək. Kimin ki, əvvəlki həyət-bacasına qayıtmaq arzusu var və bu mümkündür, onların da istəkləri təmin ediləcək. Şuşalı tanıyıram ki, evinin sənədlərini sovet vaxtlarında ödədiyi kommunal xərclərin qəbzlərinə qədər qoruyub saxlayır. Bir azdan onları sandıqdan çıxarmaq vaxtı yetişəcək.
*
Şəhərin mərkəzi hissəsində nisbi qələbəlikdir: əsgərlər, fəhlələr, qonaqlar… Bakıda aylarla görmədiyim adamlara burada rast gəlirəm.
Kənarlarda isə sakitlikdir. Vaqifin bərpa edilmiş məqbərəsinin qarşısında bir traktor Cıdır düzünə qalxan yolu düzləyir. Yolqırağı uçuq evlərin damlarından, pəncərələrindən kol-kos boylanır. Həyətlərdə sıx meyvə ağaclarının üstü doludur. Ağaclar elə bil cırlaşıb, amma ağ, balaca almalar fantastik dərəcədə gözəl görünür. Traktorçu baxışlarımızı tutur, özünü bu “cəngəlliyə” vurur və bir ətək alma ilə qayıdır.
– Çox dadlıdır, ömrünüzdə beləsini yeməmisiniz.
İsveçlilər meyvələri yumağa su axtarırlar. Mən isə payımı kirmişcə ciblərimə doldururam. Şuşadan bundan yaxşı nə hədiyyə aparmaq olar ki? 

“Quru liman”

Şuşaya kütləvi dönüşün il yarıma başlanacağı xəbəri çoxlarını sevindirmək əvəzinə, məyus edə bilər. Belə əhval-ruhiyyəyə mediada, xüsusilə sosial şəbəkələrdə tez-tez rast gəlirsən. İnsanlar 28 illik həsrətdən sonra yenə səbir etmək istəmirlər. Başa düşmək olur. Amma gedib azad edilmiş ərazilərdəki vəziyyəti gözlərinlə görəndə problemin dərinliyini anlayırsan: Şuşada xarabazara çevrilmiş 300 tarixi abidənin, qədim evlərin əvvəlki hala qaytarılması bir yana, yeni salınan hər məhəllə üçün tikinti materiallarını dar və dolanbac yollarla dağın başına qaldırmaq aylarla vaxt tələb edir. Hələ bunun yağışı, çəni, qarı, eniş-yoxuşların buz bağlaması var.
Lakin mən bu anlaşılmazlığın səbəbini şuşalıların tələskənliyindən çox, hökumətin ləngliyində görürəm – məhz informasiya ləngliyində. Vəziyyəti insanlara aydın dildə izah etmək, onlarla danışmaq lazımdır. Hökumət isə məlumatları əhali ilə böyük xəsisliklə bölüşür. Televiziyada Cıdır düzündən konsertlər, möhtəşəm təbiət mənzərələri nümayiş etdirməklə, hərdən də bir dəstə şuşalını doğma yurda səfərə aparmaqla nə nisgilliləri ovundurmaq, nə informasiya aclığını aradan qaldırmaq mümkün deyil. Dövlət orqanlarının fəaliyyəti haqqında hesabatlara, tikinti meydançalarından reportajlara, bəlkə, canlı yayımlara, məsul şəxslərlə və mütəxəssislərlə ardıcıl müsahibələrə böyük ehtiyac duyulur. Əvvəl-axır, bu da ictimai nəzarətin bir formasıdır, ictimai iştirakı stimullaşdırmağın üsuludur. Eyni zamanda insanlara reallığı düzgün qiymətləndirməkdə köməkdir.  Bircə misal gətirim: əgər biz Şuşanın girişində bütün yolu tutub asta-asta enən yük maşınını görməsəydik, inana bilərdik ki, qabağımızı kimə görəsə kəsiblər.
*
– İşçi qüvvəsi sarıdan necə, korluq yoxdur ki? Mütəxəssislər çatışırmı? – Bərpa işlərində Azərbaycanın xaricdən hansı kömək gözlədiyi ilə maraqlanan İsveç jurnalistləri Zaur Həsənovdan soruşurlar.
– Hər halda, biz Şuşada bunu hiss etmirik. Mütəxəssislərimiz var, əksəriyyəti gənc, enerjili insanlardır.
– Sizin özünüzə də gənc mütəxəssis demək olar. Şuşaya necə gəldiniz?
– Dəniz limanında işləyirdim. Bir neçə dost sözü bir yerə qoyduq ki, Qarabağa gedək, oradakı quruculuq işlərinə kömək edək. İndi burdayıq. Zarafatla deyirik ki, quruda liman tikirik.

Dua

Səhər saat 7-də bizi Ağdama aparan avtobusun pəncərəsindən baxanda, elə bil doğrudan da süd dənizinin içində bir adadayıq. Şuşadan aşağı heç nə yoxdur: duman, ağappaq duman.
Belə bir mövqedə yerləşən, təbiətin özünün qoruduğu şəhəri əlbəyaxa döyüşlə almağın mümkünlüyü isveçli jurnalistləri heyrətləndirir. Avtobusumuza minmiş ucaboylu, enlikürəkli, mülki geyimdə zabit onlar üçün göydəndüşmədir.
– Siz də həmin döyüşdə iştirak etmisiniz?
– Hə, yaralanmışam. İndi sonuncu dəfə tibbi komissiyadan keçməyə gedirəm.
– Necə oldu yaralandınız?
– Dəstəmiz sıldırım qayalarla dırmaşıb şəhərə girən kimi qəfildən qarşıma erməni əsgəri çıxdı. İkimiz də birdən atdıq. Mən daha sərrast oldum, ancaq yaralandım.
Jurnalistlərdən biri dönüb arxada qalmış hündür qayalığa baxır.
– Oranı necə qalxdınız?
Zabit gülümsəyir:
– Şuşa çəkib aparırdı, yəqin. Vətən! Onda hər şey asan olur.
– Şuşalısınız?
– Yox, Qərbi Azərbaycandanam.
“Qərbi Azərbaycan”ın hara olduğunu Stokholmda Beynəlxalq Media Qrupunun rəhbəri Rahim Sadıqbəyli isveçli həmkarlarına izah edir. Bir müddət sükut çökür.
Qadın jurnalistlərdən biri dözmür:
– Yaranıza baxmaq olar?
Zabit tərəddüd edir.
– Xahiş edirəm.
Zabit yavaş-yavaş şalvarının bir balağını yuxarı çəkir.
Onun sol ayağının dizdən aşağı protezi görsənir…
*
Mən çox az Azərbaycan jurnalistlərindənəm ki, Şuşada işğala qədər də olmuşam, işğal illərində də, işğaldan sonra da. İşğala qədər gələndə uşaq idim, nə hisslər keçirdiyimi xatırlamıram. Amma 2001-ci ildə, 20 il əvvəl, Gövhər ağa məscidinin qapısında dayanıb nə düşündüyüm yadımdadır: “Görəsən, bir də bu məsciddən azan səsi gələcəkmi?” İnanırdımmı? Gərək yalan deməyəsən. Çox istəyirdim, amma…
İndi özüm həmin məscidə girib üç dəfə: “Allah böyükdür, Allah böyükdür, Allah böyükdür”, – dedim. – “Böyük Allah, – dua etdim, – bir də heç vaxt bu yeri tərk etmə! Bu şəhər sənin öz əsərindir”.