“Qərbi Azərbaycan icmasının yaranması tarixi zərurətdir” – CƏFƏR CƏFƏROV Featured

Rate this item
(0 votes)

 

“Ədəbiyyat və incəsənət” portalı “Ulduz” jurnalı ilə birgə QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsinin icrasına başlayır. Bu gün sizlər üçün ADPU-nun rektoru, professor Cəfər Cəfərovun “Qərbi Azərbaycan icmasının yaranması tarixi zərurətdir” məqaləsi təqdim edilir.

 

 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Qərbi Azərbaycanın böyük bir tarixi əraziyə malik olduğunu göstərərək  demişdir: "İndi  Ermənistan  adlanan  ərazi, Qərbi  Azərbaycan–İrəvan mahalı, Göyçə  mahalı, Zəngibasar mahalı, Zəngəzur  mahalı-bunlar  hamısı müsəlmanlar, azərbaycanlılar  yaşayan  diyarlar  olub".

İndi  Ermənistan adlandırılan Qərbi Azərbaycan  azərbaycanlıların tarixi  vətənidir və   azərbaycanlılar  XX  əsrdə dörd  dəfə – 1905-1907, 1918-1920, 1948-1953 və 1987-1991-ci illərdə  tarixi-etnik torpaqlarından deportasiya  edilmiş, qırğın-lara, təcavüzlərə  məruz  qalmışlar. SSRİ Nazirlər Sovetinin 1947-ci il dekabrın 23-də "Ermənistan SSR-dən kolxozçuların və başqa əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 4083 saylı və 1948-ci il martın 10-da isə həmin qərara əlavə olaraq qəbul edilən "Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" 754 saylı qərarlarına əsasən, 1948-1953-cü illərdə 150 min azərbaycanlı tarixi-etnik torpaqlarından deportasiya edilmişdir.

         Tarixdə  xalqımızın bir  parçası olan Qərbi azərbaycanlılara  qarşı törədilmiş bu faciələrə  hüquqi-siyasi  qiyməti  yalnız  Ümummilli lider  Heydər  Əliyev  vermişdir.  1997-cı il dekabrın 18-də "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında", 1998-cı il martın 26-da  "Azərbaycanlıların soyqırımı"  və 22 avqust 2001-ci ildə "Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında" fərmanlar imzalamışdır.

1987-1991-ci illərdə isə Ermənistan  adlanan Qərbi  Azərbaycandan  300 mindən artıq azərbaycanlı  tarixi – etnik torpaqlarından perik salınmış, deportasiya olunmuşlar.  Tarixi-etnik torpaqlarından deportasiya olunanların problemlərinin həlli  məqsədilə  1989-cu ildə "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyi yaradılmışdır. Həmin Cəmiyyətin bazası əsasında   2022-ci il avqustun 3-də  "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İB-nin hüquqi varisi kimi  "Qərbi Azərbaycan İcması" yaradılmışdır. İcmanın məramında aydın şəkildə  göstərilir  ki, İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla, onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir. Onu da  qeyd  etmək  yerinə  düşər  ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gündə Vətən  müharibəsində Qarabağın Ermənistan dövlətinin işğalından azad edilməsindən  sonra Qərbi Azərbaycan İcmasının yaranması  tarixi  zərurət idi.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər  Ali Baş  Komandan 24  dekabr 2022-ci ildə Qərbi Azərbaycan İcmasının binasında  bir  qrup Qərbi  Azərbaycan ziyalıları ilə  görüşmüş və proqram xarekterli tarixi nitqində  demişdir: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır".  Cənab Prezident İlham Əliyevin  nitqi  Qərbi Azərbaycanla  bağlı  tədqiqatların tam yeni istiqamətdə aparılmasına geniş imkanlar yaratdı.

Azərbaycan Dövlət  Pedaqoji Universitetində Qərbi Azərbaycanla  bağlı  tədqiqatların aparılması  daima  diqqət  mərkəzində  saxlanılmış və  indi    saxlanılmaqdadır. Elə  bu  məqsədlə  ADPU-nun Beynəlxalq  əlaqələr  üzrə prorektorluğunun strukturu  daxilində  Qərbi Azərbaycan Araşdırmalar  Mərkəzi yaradılmışdır. Mərkəzin   bu sahədə  görüləsi işləri hələ çoxdur. Artıq  Mərkəzdə Qərbi Azərbaycanla bağlı aparılan tədqiqatların əsas istiqamətləri  müəyyənləşdirilmişdir. Onlar apardığı  araşdırmalarla  elmimizə öz  töhfələrini  verəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2024)