“Ən yaxşı dostlarım kəpənəklər və tısbağalar idi” - Yasemin Kafadar. MÜSAHİBƏ Featured

Rate this item
(2 votes)

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Qardaş Türkiyədən müsahibələrimiz davam etməkdədir. Budəfəki müsahibimiz dəyərli yazar Yasemin Kafadar xanımdır. 

 

-Salam Yasemin Kafadar xanım! Necəsiniz? 

 

-Salam, Habil bəy, yaxşı olasınız. 

 

-Zəhmət olmasa öncə azərbaycanlı oxuculara özünüz haqqında məlumat verərdiniz.

 

-Əvvəla, portalınızda mənə yer ayırdığınız üçün çox şadam. Təşəkkür edirəm!

Əslində mən türk dili və ədəbiyyatı müəllimiyəm. Eyni zamanda nağıllar yazıram. Uşaqlığımın çox hissəsini Egeyin müxtəlif bölgələrində heyvanlar və təbiətlə təkbətək keçirdim. Ən yaxşı dostlarım kəpənəklər və tısbağalar idi. Kiçik bir yerdə yaşadığımız üçün kitablara çatmaq asan deyildi. Atamın sifariş etdiyi nağılların, romanların gəlməsini səbirsizliklə gözləyərdim və kitablar əlimə çatdığında dünyanın ən xoşbəxt uşağı olardım. Deyə bilərəm ki, təxəyyülümün inkişafında bu kitabların böyük əməyi olub. Qısacası, təbiətin əhatəsində çox sadə bir uşaqlıq keçirdim. İndi yazdığım heyvan hekayələrinin (nağıllarının) təməlini uşaqlığımda qoyduğumu düşünürəm. Liseyi bitirəndə İstanbula gəldim. İstanbul Universiteti Türk Dili və Ədəbiyyatı fakültəsini bitirmişəm. Həmişə bir şey yazmağı sevərdim. Ancaq nağıl yazmağa başlamağım "covid-19" dövründə gerçəkləşdi. Dərsləri onlayn öyrətdiyimiz üçün vaxtımın çoxunu evdə keçirirdim. Nağıl yazmaq o çətin dövrdə qazandığım kiçik xoşbəxtliklər idi. İndi yazdığım nağılların sayı 50-yə yaxındır.

 

-Ədəbiyyata marağınız nə zaman və necə başladı?

 

-Düşünürəm ki, bu, uşaqlığımdan başlayıb. Kiçik olanda atam mənə müntəzəm olaraq kitablar alardı. Bütün bunlar mənim Ədəbiyyata sevgimdə böyük rol oynadı. Ancaq burada çox dəyərli müəllimlərimə təşəkkür etməsəm olmaz. Təbii ki, onların da böyük payı var.

 

-Əsərləriniz mövzusu məlumat verə bilərsinizmi?

 

-Heyvan nağılları yazıram. Hazırda cəmi bir kitabım var. Bu kitabımda 10 dənə nağıl var. Sadiqliyin əhəmiyyəti, xəsislik, meşə yanğınlarının heyvanlara zərəri, təkəbbür, ikiüzlülük, iş, xoşbəxtlik və s. mövzular kitabımdakı bəzi mövzulardandır. İnanıram ki, nağılların tədris tərəfi olduğu üçün təhsildə çox mühüm yer tutur. Və arzu edirəm ki, bu janrda yazılan əsərlər daha da yayılsın, sevilsin.

 

-Türkiyədə mütaliədən razısınızmı?

 

-Təəssüf ki, dövrümüz elədir ki, cib telefonları çoxumuzu zəbt edib. Bu vəziyyət əslində bütün dünya üçün problemə çevrilib. Ancaq ümidsiz yaşamaq olmaz. İnşallah bir gün bütün Türkiyədə və dünyanın hər yerində əllərində yalnız kitab tutan insanlara rast gələrik.

 

-Ən çox sevdiyiniz yazar kimdir?

 

-Cəmiyyətə yaxşı mesajlar verən bütün yazıçıları sevirəm. Ayrıseçkilik etmək istəmirəm.

 

-Azərbaycan ədəbiyyatını izləyirsinizmi? 

 

-Sizin ədəbiyyatınızdan Bəxtiyar Vahabzadənin bəzi şeirlərini bilirəm. Ancaq  bu müsahibə və sizin vasitənizlə bundan sonra daha çox diqqətimi cəlb edəcək.

 

-Başqa yazarlara hansı tövsiyələriniz vardır?

 

-Nağıl ustası La Fontenin dediyi kimi, “İnsan əvvəlcə özünə məsləhət verməlidir”. Mən həmişə ilk olaraq özümə məsləhət verirəm. Biz bu Yer üzündə əbədi deyilik. Ən böyük arzum yazdıqlarımla gözəl mesajlar vermək və iz buraxmaqdır. Başqa yazarlara deyə biləcəyim tək söz budur.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2024)