“Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsəri” - Nadir MƏMMƏDLİ Featured

Rate this item
(0 votes)

AMEA Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli türk dünyasının bir incisi olan Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsəri barədə dəyərli bir tədqiq işi ortaya qoyub. 

Mahmud Kaşğarinin bu ensiklopediyasında türksoylu xalqların dil özəllikləri, ləhcələri, milli-mədəni varlıqları toplanıb, dövrünə uyğun qrammatika və yazı qaydaları müəyyənləşdirilib.

Nadir Məmmədlinin “Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsəri” adlı tədqiqat işini diqqətinizə çatdırırıq. 

 

II

 M.Kaşğarinin kimliyi və "Divanü lüğat-it-türk"ün yazıldığı dövr

 

Mahmud Kaşğari özü haqqında məlumatda atasının İssık-Kul gölünün sahilində yerləşən Barsğan şəhərində doğulduğunu qeyd etməklə kifayətlənmişdir. Götürdüyü nisbəyə əsasən Mahmud Kaşğarinin əslən qaraxanilərin, yaxud müəllifin adlandırdığı kimi, xaqanilərin hakimiyyət mərkəzləri olan Kaşğardan olduğu məlum olur (həyatı və yaradıcılığı haqqında geniş məlumat yoxdur). Ərəb tarixçisi İbn-əl-Əsirin məlumatına görə. 1029 və 1030-cu illər arasında doğulduğu təxmin edilir, XI əsrdə Mərkəzi Asiyada hakimlik etmiş Qaraxanilərin Şərqi Türk xaqanlığı sülaləsinin nəslindəndir. Anası Bibi Rəbiyyə öz dövrünün mükəmməl savadlı qadınlarından olub. M.Kaşğarinin atası Hüseyn ibn Məhəmməd Mavərənnəhri istila etmiş Buğra xanın nəvəsidir. Onun doğulub-böyüdüyü Balasağun şəhərinin xarabalıqları Bişkek şəhərinin yaxınlığındadır. P.Juzenin fərziyyəsinə görə, M.Kaşğarinin əcdadlarından biri Samanilər hakimiyyəti altında olan Transoksaniya torpaqlarını fəth etmiş və mərkəzi Kaşğarda olan yeni qaraxanilər sülaləsinin banisi Nəsir ibn Əlidir (Juze P.K. Thesaurus Linguarum Turcorum \\ İzvestiə Vostoçnoqo Fakulğteta Azerbaydjanskoqo qosudarstvennoqo universiteta, 1927, t.11, s.29.). O.İ.Pritsak "Divan"a və bir sıra tarixi mənbələrə əsaslanaraq Mahmud Kaşğarinin 922-ci ildə Buxaranı ələ keçirən Transoksaniyanın ilk fatehi Buğra Xan titulunu daşıyan Harun (əl Həsən) ibn Süleymanın nəslinin davamçısı olduğunu ehtimal edir. Daha sonra, Mahmud Kaşğarinin atasının Barsğan əmiri və Buğra Xanın nəvəsi və Hüseyn ibn Məhəmməd adını daşıyan həmin şəxs olduğunu qeyd edir. (Kononov A.N.Maxmud Kaşkarskiy i eqo "Divanu Luqat it Turk" \\ Sovetskaə törkoloqiə. 1970. T.1)

"Urdu" lüğət məqaləsində müəllif məlumat verir ki, Kaşğar türklərinin yaşadığı ərazi həm də Ordu (Urdu) Kənd adlanırdı.

Qaraxanilər dövləti 927-ci ildə meydana gəlmişdir. Qaraxanlılar İslam dinini qəbul etmiş ilk türk sülalələrindən biri idi. Qaraxanilər nəslinin ali mühitində böyüyən M.Kaşğari təhsilini Kaşğar şəhərinin ən yaxşı məktəblərində almış, sonra Buxara və Nişapurda ərəb və fars dillərini mükəmməl mənimsəmiş, burada elmi biliklərini daha da dərinləşdirmişdir. Kübar ailədən olan digər cavanlar kimi, o, hərb sənətinə də yiyələnmiş, Kaşğarda hərb sənətinin müxtəlif növləri ilə məşğul olmuşdur. 29 yaşında ikən ölkəsində hakimiyyət uğrunda baş vermiş qanlı hadisələr zamanı təqiblərə məruz qaldığından oranı tərk etmiş, qürbətə getməli olmuşdur. Bağdadda yaşamış, bir müddət universitetdə elm və təhsillə məşğul olmuş, istedadlı tələbələr yetişdirmişdir. 89 yaşında ikən vətəninə qayıdan M.Kaşğari 97 yaşında dünyasını dəyişmişdir.

"Divanü lüğat-it-türk"ün rus və qazax dilinə tərcüməçilərindən biri olan P.A.M.Auezov "Giriş"də qeyd edir ki, XI əsrdə Orta Asiya və Yaxın Şərqi fəth edən qaraxani və səlcuqlular üçün yeni bir tarixi dövr başlayır. Bu barədə o, ətraflı məlumat verir.

X əsrin ortalarında Abbasilər xilafəti siyasi sabitliyini və inzibati tamlığını itirmişdi. Belə ki, Qərbi İran və İraq hakimiyyəti (Abbasilər xilafətinin paytaxtı Bağdad da daxil olmaqla) 999-cu ildən samanilərin, 1040-cı ildən Əfqanıstan və Xorasan qəznəvilərin, 945-ci ildən 1055-ci illərədək Buidlər sülaləsinin əlində idi. Qərbdə, Misir və Suriya əyalətlərində, əvvəllər Abbasi xilafətinin bir hissəsi olan fatimilər tərəfindən idarə olunurdu, lakin X əsrdə bizanslılar tərəfindən fəth edilmiş şimal hissə xaçpərəstlərin gəlişi ilə əvəzləndi.

Müəllif qeyd edir ki, Abbasilər xilafətinin süqutundan sonra İran və İraq yeni dövlət, ictimai və dini qurumların yaradılmasının əsas mərkəzlərinə çevrildi, burada hakim sülalələr və onların əsabələri tərəfindən idarə olunan bir sıra kiçik əyalət və bəyliklər meydana çıxdı. Keçmiş torpaq mülkiyyətçiləri və məmurların, köçəri tayfa başçılarının və muzdlu əsgərlərin təmsil etdikləri yeni hərbi-siyasi elitanın idarəetməsi yarımfeodal xarakter daşıyırdı. Hər vilayətdə yerli mədəniyyət inkişaf edirdi: ərəb əyalətlərində poeziya, əlyazma sənəti, memarlıq, İranda isə fars dili və mədəniyyətinə əsaslanan müsəlman mədəniyyəti.

50 ilə yaxın Şərqi İranda və Transoksaniyada samanilər sülaləsi Abbasilər dövründə qurulmuş yerli idarəetmə sistemini dəstəklədi. Sicistanda, Xarəzm və Əfqanıstanda muzdlu hərbi elitanın canişinləri və ya mühacirləri hökm edirdi. Abbasilər kimi samanilər də müsəlman mədəniyyətinin himayədarları idilər. X əsrdə süqut edən Sasanilər dövlətinin sahib olduqları hər şey muzdlu hərbçilərin lideri Alp Təkin tərəfindən fəth edilmişdi. Qəznəvilər xəlifəyə sədaqət andı içərək müsəlman din rəhbərlərini müdafiə edir, eyni zamanda təhsilin və fars ədəbiyyatının dirçəlməsini dəstəkləyirdilər. XI əsrin ortalarında Qəznəvi hakimiyyəti yerini Orta Asiyadan gələn yeni qüvvələrə təslim etdi.

Orta Asiyanın İran və Çin arasında bir hissəsində atçılıq və qoyunçuluqla məşğul olan köçəri türk tayfaları otlaq torpaqlarının bölüşdürür, yaxud yürüş zamanı birləşərək böyük olmayan qruplar şəklində yaşayırdılar. VII-VIII əsrlərdə Tan sülaləsi tərəfindən etibarlı şəkildə qorunan və Çinin şərq sərhədləri yaxınlığında məskunlaşmış türklər yeni otlaqlar axtarışı ilə qərbə doğru irəliləyərək yeni köç dalğasını yaratdılar. Nəticədə Orta Asiyanın sakinləri Aral dənizinə, Transoksaniyaya, Xarəzm və Əfqanıstana doğru sıxlaşdılar. Köçəri türk tayfaları oturaq əhali ilə ticarət və mədəni əlaqələr qurdular: taxıl, parça və silah alıb, əvəzində mal-qara, dəri, yun və qul satdılar. Bu canlı mübadilə çöllərdə bazarların və yaşayış məntəqələrinin yaranmasına səbəb oldu və köçəri türklərin şimalda Transoksaniya, Volqaboyu və Sibir ilə, şərqdə Çin arasında karvan ticarətinə cəlb olunmasına kömək etdi.

İslamın qəbulundan əvvəl bütün canlı və cansız aləmi əhatə edən ruhlara, Göy, Yer, Su Allahlarına inam Orta Asiya köçəri türk tayfalarının dünyagörüşünün əsasını təşkil edirdi. Burada şamançılıq geniş yayılmışdı. Ruhu bədəndən ayıra bilən və vəcd halında göylərə qalxmaq və ya yeraltı dünyaya enmək iqtidarında olan şamanlar xəstələrə şəfa verir və yuxu yozurdular. Orta Asiya türkləri çöllərdə təbliğ olunan atəşpərəstlik, büdpərəstlik, manilik ilə tanış idilər.

Qaraxanilər imperiyasının təməlini qoyan Şərqi türk tayfaları X əsrin ortalarından başlayaraq, əsrin sonlarına doğru səlcuqlar sülaləsi və onlarla bilavasitə əlaqəli olan oğuzlar da islamı qəbul etdilər. X əsrin sonlarına doğru Orta Asiyanın türk əhalisi arasında inkişaf etmiş bir sosial və institusional iyerarxiya, ticarət təcrübəsinə və dini dünyagörüşə malik oturaq xalqlarla birləşdirən geniş miqyaslı bir koalisiya qurulmağa başlandı. Türklər yeni bir imperiya elitasının yaranmasına səbəb olan mövcud siyasi və mədəni potensialları ilə Yaxın Şərqə axışdılar.

Türklərin islamı qəbul etməsi ilə yadellilərin öz torpaqlarına keçmələrinin qarşısını alan, müsəlman cəmiyyətini bütpərəstlərdən qoruyan qazilər Şərq sərhədlərinin mühafizəsini zəiflətdi, bir çoxu qəznəvilərlə birlikdə Hindistana köçdü, bəziləri Bizans sərhədlərinə keçdi. 992-ci ildə Qaraxanilər sülaləsinin rəhbərliyi altında Şərqi türk tayfaları Buxaranı, 999-cu ildə Səmərqəndi ələ keçirdilər.

Qaraxanilər elitası Şərqi İran ənənələrini tez bir zamanda qəbul etdi, yeni hökmdarlar mülkiyyətlərini Qərbi (1211-ci ilə kimi Transoksaniyada yerləşən) və Şərqi (Fərqanə və Kaşğarı əhatə edən) olmaqla böldülər. Transoksaniyanın yeni hökmdarları Abbasi xəlifələrinin nüfuzu ilə birbaşa və ya dolayı yolla Transoksaniya, Kaşğar və Tarım hövzəsi əhalisi arasında islamın yayılmasına yardımçı oldular.

1025-ci ildə Transoksaniyada qaraxanilər hakimiyyətlərini təsdiqləyərkən səlcuqluların rəhbərliyi ilə oğuz tayfaları Amudəryanı keçdilər, 1037-ci ildə Nişapuru ələ keçirdilər, 1040-cı ildə qəznəvilər üzərində qələbə çaldılar və Xorasanın yeni hökmdarları oldular və bununla da Səlcuq İmperiyasının əsasını qoydular. Səlcuqluların rəhbəri Toğrul bəy və qardaşı Çağrı bəy tərəfdarlarını Qərbi İrana apardılar, 1055-ci ildə Bağdad və xilafəti nəzarətə götürdülər. Xorasandan İraqa qədər Yaxın Şərq imperiyasının hökmdarları olan Səlcuqlar özlərini islam sultanları elan etdilər.

Daha sonra köçəri türk tayfaları Azərbaycana və Anadoluya keçdilər və 1071-ci ildə Manzikert döyüşündə Bizans ordusunu məğlub etdib, imperatoru əsir götürdülər və bütün Kiçik Asiyanın qapısı türklərə açıldı. Türk tayfaları da İraqa, Mesopotamiyaya daxil olaraq, səlcuqluların mülkiyyətini Aralıq dənizinə qədər genişləndirdilər.

X-XI əsr hadisələri oğuz türklərinin keçmiş Abbasi imperiyasının böyük bir hissəsini öz hakimiyyətləri altında birləşdirməsi, qaraxani türklərinin isə Transoksaniya və Kaşğar hökmdarları olması ilə nəticələndi. (Bax: Maxmud al-Kaşqariy. "Divan Luqat it-Turk". Perevod, predislovie i kommentarii Z.A.M.Augzovoy. Almatı: Dayk-Press, 2005. Vvedenie) M.Kaşğarinin "Divan"ının yazma tarixi məhz bu dövrə təsadüf edir.

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2024)