Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb

Rate this item
(0 votes)

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu İsveçrənin Bern şəhərində qədim türk yazıları olan petroqliflərə, tamgalara və runik işarələrə həsr olunan sərgi açılıb.

 

AzərTAC xəbər verir ki, sərgi Qazaxıstan Respublikasının İsveçrədəki səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində Qazaxıstanın Milli Bayramı - Respublika Gününə həsr olunub.

 

Tədbirdə İsveçrə Xarici İşlər Nazirliyinin rəhbərliyi, ölkədə akkreditə olunan diplomatik korpusun, beynəlxalq təşkilatların, dövlət qurumlarının, işgüzar və akademik dairələrin nümayəndələri, türkoloqlar, elm və mədəniyyət xadimləri, eləcə də ölkədəki qazax diasporunun, KİV-in təmsilçiləri iştirak ediblər.

 

Sərginin açılış mərasimində çıxış edən Qazaxıstanın İsveçrədəki səfiri Kayrat Sarjanov ölkənin Milli Bayramının tarixi əhəmiyyətini, davam edən struktur islahatlarının, Prezident Kasım-Jomart Tokayevin qazax xalqına müraciətinin əsas müddəalarının mahiyyətini vurğulayıb. O, Qazaxıstan-İsveçrə əməkdaşlığının siyasi, ticari-iqtisadi və humanitar sahələrdə dinamik inkişafını qeyd edib.

 

Səfir Türk dünyasının ayrılmaz parçası olan Qazaxıstanın mədəni irsinin qorunması və beynəlxalq miqyasda təbliği yönündə həyata keçirilən layihələrə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna təşəkkür edib.

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış zamanı Qazaxıstanın Respublika Günü münasibətilə səfir Kayrat Sarjanovu və bütün qazax xalqının nümayəndələrini təbrik edərək türk xalqlarının çoxəsrlik tarixinin və zəngin mədəniyyətinin təbliği istiqamətində təşkilatın fəaliyyət və məqsədlərindən söz açıb.

 

G.Əfəndiyeva qədim türk yazılarına həsr olunan sərginin rəhbərlik etdiyi Fond tərəfindən başladılan genişmiqyaslı layihənin bir hissəsi olduğunu bildirib. O, sərginin Avropa məkanında növbəti dəfə keçirilməsinin məqsəd və əhəmiyyətindən bəhs edib.

 

Sərgidə qədim türk yazılarının və simvollarının daş və keramika üzərindəki bədii oymalarından ibarət müxtəlif əl işləri, türk ölkələrinin tanınmış tətbiqi sənət ustalarının – Sabit Qurbanovun (Azərbaycan), Sanjar Jubanov (Qazaxıstan) və Jumagul Tashiev (Qırğızıstan) sənətkarlıq nümunələri təqdim olunub.

 

 “Ədəbiyyat və incəsənət”

(02.11.2023)