Avropada Türk dövlətlərinin əməkdaşlığı barədə get-gedə daha çox danışılır

Rate this item
(0 votes)

Fransa və Almaniya mətbuatında Türk dövlətləri əməkdaşlığı barədə gedən yazılardan bəhs etmişdik. Bu dəfə redaktorlarımızın diqqətini Rumıniyanın “Ultima Ora” internet qəzetində dərc edilən yazı cəlb etdi. Düzdür, yazının müəllifi bu dəfə əcnəbi deyil, Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovdur. Amma nə fərqi, əsas odur ki, yazını minlərlə insan oxuyur. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “3 oktyabr - Türkdilli Ölkələrin Əməkdaşlıq Günü” sərlövhəli məqalədə Türkdilli ölkələrin dövlət başçılarının 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan sazişinə əsasən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasından və məhz o tarixdən etibarən hər il oktyabrın 3-nün Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd olunmasından söz açılır. 

Sonradan bu günü qeyd edənlərin sırasına Özbəkistanın da qoşulduğu diqqətə çatdırılır. Vurğulanır ki, hazırda təşkilatda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan yer alır. Macarıstan və Türkmənistan isə müşahidəçi üzvlərdir.

Vurğulanır ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Naxçıvanda qəbul edilən qərarlarla Türk dünyasının birliyi daha da möhkəmlənib, ötən illər ərzində Türk Şurası çərçivəsində bir sıra istiqamətlərdə əməkdaşlıqla bağlı mühüm qərarlar qəbul edilib, layihələr həyata keçirilib.

Məqalədə diqqətə çatdırılır ki, son 10 ildə Türk Şurasının institusionallaşması istiqamətində mühüm addımlar atılıb. Şuranın əməkdaşlıq etdiyi TÜRKPA, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu və digər qurumlar vasitəsilə üzv ölkələr arasında əlaqələr daha da genişlənib.

Yazıda, həmçinin Türk dövlətləri ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətində mühüm yer tutduğundan da bəhs olunub. Təsadüfi deyil ki, türkdilli dövlətlərin birliyinin təməli 1992-ci ildən başlayaraq keçirilən Zirvə görüşləri ilə qoyulub. Bu prosesdə fəal iştirak edən ölkələrdən biri də Azərbaycan olub.

Səfir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 300 milyondan çox etnik türk üçün vahid türk dilinin inkişafının zəruriliyi ilə bağlı təklifini də xatırladaraq, bu ideyanın əsas məqsədinin insanların bir-birini daha yaxşı başa düşməsi üçün türk dilləri əsasında vahid əlifba yaratmaqdan ibarət olduğunu qeyd edib. Bildirilib ki, Türk dünyasının ortaq dil, tarix və mədəni dəyərlər əsasında əməkdaşlıq etmək iradəsini əks etdirən Türk Dövlətləri Təşkilatı bundan sonra da regionda, eyni zamanda, onun hüdudlarından kənarda sülhə, firavanlığa və sabitliyə xidmət edir.

Qeyd olunur ki, İkinci Qarabağ müharibəsi zamanı da Türk dövlətləri Azərbaycanın haqlı mübarizəsini dəstəkləyib. Onlar, eyni zamanda, sentyabrda baş verən antiterror tədbirlərinə dəstəklərini ifadə edib, bu addımın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin Azərbaycanın Konstitusiya quruluşuna reinteqrasiyasını təmin edəcəyinə əminliklərini bildiriblər.

Bununla yanaşı, son zamanlar Azərbaycanın və Türkiyənin fəal səyləri nəticəsində Türk Şurasının tərkibinin genişlənməsindən bəhs edən diplomat 2021-ci ilin noyabrında İstanbulda keçirilən Zirvə görüşündə Şuranın Türk Dövlətləri Təşkilatına (TDT) çevrildiyini xatırladıb.

Qeyd edilib ki, Azərbaycanın TDT-yə sədrliyi pandemiya dövrünə təsadüf etsə də, ölkəmiz vəziyyətə adekvat reaksiya verərək sədrliyini uğurla həyata keçirib.

 

“Ədəbiyyat və incəsənət”

(05.10.2023)