Subaylar günü, həbsdəki yazıçılar və on cangüdəni olan gəda Featured

Rate this item
(0 votes)

 

11-17 noyabrın təqvimi

 

 

 

11 noyabr. Ümumdünya Keyfiyyət günü

 

İstehsal olunan məhsulların və təklif olunan xidmətlərin daha keyfiyyətli olması istehlakçını düşündürmürmü, düşündürür. Amma təəssüf ki, bəzən istehsalçını düşündürmür. Hamam vannasında limonad düzəldən, heyvan leşini kolbasaya çevirən işbazlar günümüzün reallığıdır. Yaxud marketlərdə vaxtı keçən ərzağın müştərilərə sırıdılması ənənəsi var. Çox vaxt bunu daha sivil yolla edir, etiketləri belə dəyişirlər. İctimai iaşə sektorunda süfrədən qalan yeməkləri növbəti müştəriyə sırımaq ənənəsi də var həmçinin. Nəticədə əhali hətta sağlamlığına ciddi fəsad yetirilmək dərəcəsinədək bu cür keyfiyyətsizlikdən əziyyət çəkir. Ən azı bu gün - 1989-cu ildən qeyd edilən keyfiyyət günündə belə hallarla mübarizə aparmaq zəruridir.

 

11 noyabr. Ümumdünya Yuzabiliti günü

 

Əlbəttə, soruşulacaq ki, yuzabiliti nədir? Yuzabiliti –sadə və rahat dizayn yaradanlardır. Praktiklik, tam komfort, asan istehlak – bunlar istənilən layihənin uğur göstəriciləridir. Yuzabiliti mütəxəssisləri daim öz məhsullarının kəmiyyət və keyfiyyət göstəricilərinin dalınca qaçır, daha tələbolunan məhsul buraxmağı prioritet sayırlar. Bugünün əsas şüarı isə belədir: ”Daha sadə elə!”

 

11 noyabr. Tanınmış yazıçı Balaş Azəroğlunun 100 illiyi

 

İkiyə bölünmüş vətənin daha bir simvolu - Balaş Allahbaxış oğlu Abizadə. O, 1921-ci il noyabr ayının 11-də Bakı şəhərində anadan olub. 1937-ci ildə ailəsi ilə birgə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə sürgün edilib. 1941-ci ildə İranda Milli azadlıq hərəkatına qoşulub, 1942-ci ildə İran Xalq Partiyasına daxil olaraq 1943-cü ildə “Ziddi faşist” təşkilatı Ərdəbil Komitəsinə sədr seçilib. 1946-cı ildə Təbrizdə Milli Hökumət qurulanda ona Azərbaycan Dövlət Radio Verilişləri Komitəsinin sədr müavini vəzifəsi verilib, həmçinin o, İran Azərbaycanı Milli Məclisinin deputatı seçilib. Milli Hökumət devrildikdən sonra Bakıya gəlib, 1947-1952-ci illərdə BDU-nun filologiya fakültəsində təhsil alıb.

 

İlk şeir kitabları 1943-1945-ci illərdə Ərdəbildə və Təbrizdə nəşr olunub. 1966-cı ildə filologiya elmləri namizədi elmi adını alıb, 1963-1981-ci illərdə Azərbaycan EA Ədəbiyyat İnstitutunda baş elmi işçi işləyib. 1982-1991-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışıb. Şairin qırxdan çox kitabda (“Mübarizə yollarında”, “Mənim nəğmələrim”, “Elə oğul istəyir vətən...”, “Sinəm Savalan dağıdır” və s.) toplanmış əsərlərinin əsas leytmotivini Vətənə bağlılıq, milli oyanış və azadlıq uğrunda mübarizənin tərənnümü təşkil edir. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Ədəbi və ictimai fəaliyyətinə görə “Şərəf nişanı”, “Xalqlar dostluğu” ordenləri ilə, “21 Azər”, “Firdovsi” və digər medallarla, iki dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilib, 1981-ci ildə Azərbaycanın “Xalq şairi” adına layiq görülüb, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. Balaş Azəroğlu 2011-ci il aprel ayının 24-də Bakıda vəfat edib. Ruhu şad olsun.

 

11 noyabr. Dünyaşöhrətli yazıçı Fyodor Dostoyevskinin 200 illiyi

 

Azərbaycanda ən çox oxunan əsərlər sırasında həmişə “Cinayət və cəza” ilk sırada yer alır. Onu yazan Fyodor Mixayloviç Dostoyevski  1846-cı ildə ilk romanı “Yoxsul insanlar”ın çap olunması ilə gənc yazarlar arasında ən böyük gələcək vəd edən yazıçı kimi şöhrət qazanmışdı. O, gəncliyində Belinski və Petraşevski dərnəklərinin, bir qədər sonra Beketov qardaşlarının ədəbi-fəlsəfi dərnəyinin üzvü və fəallarından olub. Lakin tədricən dərnək pərdəsi altında inqilabi fəaliyyətə başlayan ziyalılar və bir sıra digər dərnək üzvləri, eləcə də Dostoyevski 1849-cu il aprel ayının 23-də hökumətə və çara qarşı inqilabda günahkar bilinərək həbs ediliblər və ölüm cəzasına məhkum olunublar. Lakin çar güllələnmə ərəfəsində edamı Sibirə sürgünlə əvəz edib. Yaşanmış iztirablar Dostoyevskinin dünyagörüşünü büsbütün dəyişdirib. 10 ildən sonra Peterburqa qayıtmağa icazə alan yazar ədəbi yaradıcılığını davam etdirib, məşhur “Alçaldılmış və təhqir edilmiş insanlar” romanını yazıb. 1859-cu ildə qardaşı Mixail və dostu N.Straxov ilə birlikdə “Vremya” və “Epoxa” adlı jurnallar buraxıb. 1861-1862-ci illərdə sürgün həyatından bəhs edən “Ölü evdən qeydlər” əsərini, 1864-cü ildə “Yer altından məktublar” adlı romanını nəşr etdirib. 1863-cü ildə Avropaya səfər edib, XIX əsrin 60-70-ci illərində dünya şöhrəti qazanan “Cinayət və cəza”, “Qumarbaz”, “İdiot”, “Şeytanlar”, “Yeniyetmə” və “Karamazov qardaşları” adlı romanlarını nəşr etdirib. Bu əsərlərdə yazıçının fəlsəfi, ictimai və əxlaqi axtarışları, Rusiyada və Qərbi Avropada ictimai münasibətlərin dərin təbəddülata uğradığı dövrün ziddiyyətləri əksini tapıb. “Bir böyük günahkarın həyatı” adlı əsəri isə yarımçıq qalıb. O, 1881-ci il fevral ayının 9-da – 60 yaşında vəfat edib, doğma şəhəri Sankt-Peterburqda dəfn edilib. Sağlığında yalnız zülm və zillət görən böyük yazıçı vəfatından sonra dəyər alıb, xatirəsinə ucaldılmış abidələr, xatirə lövhəsi, büstü, barelyefi, Sankt -Peterburqda adını daşıyan metro stansiyası, küçə, ev-muzeyi var, müxtəlif illərdə adına poçt markaları hazırlanıb.

 

11 noyabr. Subaylar günü

 

Bu gənc, həm də hey populyarlıq qazanan bayram 20-ci əsrin sonlarında yaranıb. Onun təşəbbüskarları isə Çinin Nankin universitetinin tələbələri olub. Subayların bir araya gəlməsi, yeni tanışlıqlar, rahatçılığın və asudəçiliyin yaratdığı komfortdan həzz almaq bu bayramın əsas atributlarıdır, təsadüfi deyil ki, qısa müddətdə bayram Çinin sərhədlərini aşaraq dünyaya yayılıb. Bəs niyə 11 noyabr? Çin ənənəsinə görə 11 rəqəmi cüt olmayan, yəni subay insanları simvolizə edir.

 

Təbii ki, “subaylıq sultanlıqdır” deyən azərbaycanlılar da zaman keçdikcə bu bayrama alışacaqlar.

 

11 noyabr. Parlamentə şir və pələngin aparılması

 

Ümumdünya toyuq günü. Bəxtəvər başına, ay toyuq. Sənin də günün olarmış. Bu gün nəbadə toyuq əti yeyəsiniz. Əks təqdirdə qayda-qanunları pozmaqla qəzəbə düçar ola bilərsiniz. Ümumdünya şoppinq günü. Gözəl gündür. Gedin alış-verişə. Cibinizdə pul yoxdusa da, eyib etməz, gedin, mallara baxın, paltarları geyinin, ərzaqların dadına baxın, nəsə bir bəhanə tapıb sonunda almayın, amma şoppinq gününü qeyd edin mütləq.

 

Bu gün Almaniyada və Niderlandda karnaval günüdür. Almanlar Kölndə və Mayntsda kütləvi bayram tədbirləri düzənləyəcək. Musiqi və teatr nümayişi, əl işlərinin sərgilənməsi, mətbəx nümunələrinin dadılması, ən əsası, milli alman adət-ənənələrinin qorunub saxlanılmasına xidmət edən möhtəşəm bir bayram keçiriləcək. Anqolanın və Polşanın müstəqillik günüdür. Çində sinqllar, Belçikada qadınlar, Xorvatiyada uşaqların müdafiəsi, Hindistanda təhsil, Rusiyada iqtisadçı, ABŞ-da isə milli sande – dondurma deserti günüdür.

 

Ərəbsevərlər, 2004-cü ilin bu günündə Yaser Ərəfat rəhmətə getmişdir. 2002-ci ilin bu günündə “Novaya qazeta”da Anna Politkovskayanın sensasion yazısı dərc edildi, bildirilirdi ki, Moskva Teatr Mərkəzini terrorçulardan azad etmək üçün Putinin tapşırığı ilə qadağan olunmuş nalokson preparatından istifadə edilmişdi, nəticədə 120 girov götürülmüş vətəndaş ölmüşdü. 1999-cu ilin bu günündə başqa bir maraqlı hadisə Portuqaliyada baş vermişdi, Lissabon zooparkının müdiri zooparkın zəif maliyyələşməsinə etiraz əlaməti olaraq şiri və pələngi parlamentə gətirmiş, deputatları qorxutmuşdu. 1994-cü ilin bu günündə amerikalı milyarder Bill Qeyts Nyu-York auksionunda Leonardo da Vinçinin əlyazmalarına 30,8 milyon dollar pul saymışdır. 1962-ci ildə əfsanəvi aktrisa Demi Mur dünyaya gəlmişdir. 1940-cı ildə Amerikada ilk cip istismara buraxılmışdır. 1925-ci ildə Lui Armstonqun ilk valı təqdim edilmişdir. 1889-cu ildə isə Vaşinqton ABŞ-ın 42-ci ştatı kimi təsdiqlənmişdir.

 

12 noyabr. Azərbaycan Respublikasının Konstitusiya Günü

 

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Müstəqil Azərbaycanın Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12- də keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul edilib. Bu Konstitu­siya ümumi­likdə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlkilər kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.

 

Keçmiş sovet konstitusiyalarından fərqli olaraq müstəqil Azərbaycanın Kons­titusiyası insan və vətəndaş hüquqları­nın və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Bu başqa məsələdir ki, vətəndaşlar əksərən öz konstitusion hüquq və azadlıqlarından bixəbərdirlər, bu da məmurlara vətəndaşların hüquqlarını pozmaq üçün geniş meydan açmaqdadır.

 

12 noyabr. Ümumdünya pnevmaniya ilə mübarizə günü

 

Ümumdünya Səhiyyə Təşkilatı və YUNİSEF 2009-cu ildə bu günü təqvimə saldırmaqla pnevmaniya, xüsusən uşaq pnevmaniyası əleyhinə kütləvi kampaniyaya başlayıb. Əsas görülən iş isə Asiya və Afrikanın inkişaf etməkdə olan ölkələrində - o ölkələrdə ki pnevmaniya tüğyan edir, insanları xilas etmək üçün böyük vəsaitlərin toplanmasıdır. Ekspertlərin qənaətinə görə 5 yaşa qədər olan uşaqların əsas ölüm səbəbi məhz pnevmaniyadır. Hər il bu xəstəlik iki milyon can alır.

 

12 noyabr. Təhlükəsizlik üzrə mütəxəssis günü

 

Bu günün təşəbbüskarı təhlükəsizlik üzrə nəhəng internet portal olan Sec.ru-dur. Təntənəli gündə “Təhlükəsizlik missi” müsabiqəsinin qalibi də elan edilib mükafatını alır. Axı bu sistemdə xanımlar da az deyil. Mən bizim moll-arda kürəyinə “security” yazılmış o qədər zəif cins nümayəndəsi görmüşəm ki. Bu sferada bir obyektlərin, bir də şəxslərin mühafizəsi nəzərdə tutulur. Şəxslərin mühafizəçiləri, el təbirincə desək teloxranitellər (cangüdənlər) barədə Uitni Xyustonun rol aldığı məşhur filmi hamımız görmüşük. Bu gün Azərbaycanda təhlükəsizlik üzrə mütəxəssislər – bax bu teloxranitellər qorunması zəruri olan, dövlət baxımından xüsusi əhəmiyyət kəsb edən insanlardan daha çox özünü xırda padşah elan edib 5-10 maşınlıq karteclərlə hərəkət edən və ən azı 5-10 nəfər cangüdənin əhatəsində gəzən pullu görməmişləri – gədaları mühafizə etməkdədirlər. Bu da çox zərərli tendensiyadır.

 

12 noyabr. Gənc oxucular günü

 

Onsuz da bizdə oxucuların əksəriyyəti gənclərdir. Bu gün hamı əlində kitab ictimai nəqliyyatda, parklarda, iaşə obyektlərində görünməlidir, mütaliə təbliğ edilməlidir. Axı mənəvi zənginlik mütaliə olmadan mümkün deyil. Hər bir gənc kitabdan ilan vuran ala çatıdan qaçan kimi qaçan bir şəxsə bu gün kitabların faydaları barədə moizə oxusa, inanın ki, böyük tərəqqi əldə etmiş olarıq.

 

12 noyabr. Ançous niyə qəzəbə gəlib?

 

Antibiotiklər barədə məlumatlanmaq üzrə ümumdünya həftəsi başlayır. Antibiotiklərin faydası və zərəri haqda məlumatları hamı mənimsəməlidir, əks halda böyük ziyan çəkmək istisna olunmur. Yeni Zelandiyada Kenterberi günüdür, Kenterberi əyaləti sakinləri öz diyarları ilə qürur duyaraq sevinib şənlənəcəklər. Çində və Tayvanda Mədəni Renessans günüdür. Mədəni-kütləvi tədbirlər önə çəkiləcək. Kanadada rəqəmsal sağlamlıq, İndoneziyada ümumən sağlamlıq, Qərbi Timorda gənclər günüdür. Amerikada mətbəxsevərlər birdən-birə iki bayramı qeyd edəcəklər: milli toyuq şorbası günü, bir də milli ançousdan başqa istənilən içliklə pitsa gününü. Siz bir təyinata baxın. Yəni bu gün hamı pitsa yeməlidir, istənilən pitsadan yemək olar, təkcə ançouslu içliklidən başqa. Ançous – balıq növüdür. Görəsən bu ançous yazıq nə günahın sahibidir belə?

 

1933-cü ildə Şotlandiyanın Lox-Ness gölündə yaşayan əcaib varlığın – Nessinin ilk fotosu çəkildi; 1893-cü ilin bu günündə “San Francisco Morning Call” qəzetində “Yapon sahillərində tayfun” adlı gənc yazarın ilk hekayəsi dərc edildi, dərhal hekayə böyük əks-səda doğurdu. Müəllif Cek London idi; 12 noyabr günü həm də dünya rəngkarlığında və memarlığında uğursuz bir gün kimi səciyyələndirilir. Belə ki üç böyük sənətkar məhz bu gün dünyalarını dəyişiblər: Bunlar 1903-cü ildə fransız impressionist rəssamı Kamil Pissarro, 1680-ci ildə italyan heykəltaraşı Lorenso Bernini (məşhur “Apollon” heykəlinin müəllifi) və 1662-ci ildə Qızıl dövr Holland rəngkarlığının nümayəndəsi Adrian Van de Vennedir.

 

12 noyabr. Rəssam Güllü Mustafayevanın 100 illiyi

 

Xalq rəssamımızı niyə tanımayaq ki? Güllü Hacağa qızı Mustafayeva 1921-ci il noyabr ayının 12-də Türkmənistanın Türkmənabad şəhərində anadan olub. Rəssamın ailəsi 1902-ci ildə Şamaxıda baş vermiş zəlzələ səbəbindən Türkmənabad şəhərinə köçübmüş. O, 1927-ci ildə ailəsi ilə birgə Bakıya gəlib, burada 1938-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirib. Güllü Mustafayeva yaradıcılığında təsviri sənətin müxtəlif janrlarına müraciət edib, bir-birindən maraqlı epizodlara malik olan tablolar ilə yanaşı, portret, peyzaj, natürmort kimi digər janrlara da xüsusi yer verib. “Məhsəti Gəncəvi” portreti rəssamın yaradıcılığında xüsusi yer tutur. Təsvirdə şairənin üz cizgilərindəki sərt ifadə yaşadığı dövrün çətinliklərindən xəbər verir. Bununla belə, humanist baxışları onun şairanə ruhunu ön plana çıxarıb. Bu da böyük peşəkarlıq tələb edir.

 

Güllü Mustafayeva dövrünün əmək qəhrəmanlarının, elm və incəsənət xadimlərinin də portretlərini yaradıb. Bunlardan iki dəfə Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovanın, nevropatoloq, tibb elmləri doktoru Zəhra Salayevanın, Xalq rəssamı Səttar Bəhlulzadənin portretlərini misal göstəmək olar. Rəssam XX əsr Azərbaycan milli rəssamlıq sənətinin görkəmli nümayəndələri sırasında layiqli yer tutur. Onun zəngin yaradıcılığı dövlət tərəfindən qiymətləndirilib, 1973-cü ildə Azərbaycanın “Əməkdar rəssamı”, 1992-ci ildə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb. O, 1994-cü ildə Bakı şəhərində vəfat edib. Ruhu şad olsun.

 

12 noyabr. Böyük kitabxanaçı, professor Kərim Tahirovun 70 illik yubileyi

 

Kərim Məhəmməd oğlu Tahirov 2005-ci ildən Azərbaycan Milli Kitabxanasının direktorudur.  2013-cü ildə professor elmi rütbəsini alıb.  O, dünyanın 40-dan artıq ölkəsində elmi konfranslarda və simpoziumlarda məruzələrlə çıxış edib, məqalələri bir sıra ölkələrin jurnallarında dərc olunub. “M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının tarixi (1923-2008-ci illər)” adlı monoqrafiyanın, dərs vəsaitilərinin, 200-dən artıq elmi məqalənin müəllifidir. Avrasiya Kitabxanalar Assambleyasının (BAE), Avropa Milli Kitabxanaları Konfransı (CENL) beynəlxalq təşkilatının, Dünya elektron kitabxanasının (WDL), İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxanaları Şurasının, Avrasiya Kitabxanaçılar Birliyinin üzvüdür.

 

Professor Kərim Tahirovun Azərbay­can mədəniyyətinin inkişafındakı səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiy­mətləndirilib, 2008-ci ildə kitabxana işinin inkişaf etdirilməsində xidmətlərinə görə o, “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb, 2013-cü ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. TÜRKSOY-un yaradılmasının 20 illiyi, “Qızıl Fortuna” Beynəlxalq reytinqli texnologiyalar və Sosiologiya Akademiyası medalları ilə təltif edilib.

 

13 noyabr. Beynəlxalq gözdən əlillər günü

 

1745-ci ilin 13 noyabrında Fransada tanınmış pedaqoq Valentin Qayui doğulub. O, Parisdə və Peterburqda korlar üçün bir neçə məktəb yaradıb. Məhz həmin tarix də görmə məhdudiyyətləri olan insanların günü kimi götürülüb. Qayui relyefli şrift yaradaraq görməyənlərin əllərini toxundurmaqla oxumalarını təmin edib. Ta ki 1829-cu ildə Lui Braylın relyefli altınöqtəlik şriftinin kəşfinə qədər görmə məhdudiyyətli insanlar Qayuinin dərslikləri ilə elm alıblar.

 

Hazırda dünyada təxminən 124 milyondan çox gözdən əlil yaşayır. Azərbaycanda gözdən əlillərin ictimai birliyi 1929-cu ildən, Gözdən Əlillər Cəmiyyəti isə 2002-ci ildən fəaliyyət göstərir. Bu gün gözdən əlil insanlar diqqət mərkəzində duracaqlar, onlara qayğı və nəvaziş göstəriləcək. Gözdən əlil olmaq bir tale işidir, bir fiziki qüsurdur. Vay o hala ki, insan gözləri görə-görə kor ola. Bax bu əsl faciədir.

 

13 noyabr. Ümumdünya yaxşılıq günü

 

Nə gözəl bir gün. Xüsusən indiki bu qəddar durumda, mənəvi gözəlliklər deqradasiyaya uğradığı bir zamanda, yaxşılıq edənlər qırmızı kitaba salınanda belə bir günün təqvimə salınması necə də gözəldir. Nə olar, bu gün hər bir kəs yaxşılıq eləsin, imkanı nəyə çatırsa həmin civarda imkansıza əl tutsun. Yaxşılıq tək maddiyyat deyil ki. Darda olana məsləhətiylə, təskinliyi ilə kömək eləmək də yaxşılıqdır. Bəzən bir məsləhət bir küp qızılın edə bilmədiyini edə bilir.

 

14 noyabr. Diabetlə mübarizə günü

 

ÜST-ün məlumatına görə, 2000-ci ildə dünyada 150 milyon diabet xəstəsi olub. Diabet - dünyanı bürüyən bəladır desək, əsla yanılmarıq. Diabet, xərçəng və ürək xəstəlikləri – inkişaf etmiş ölkələrdə insan ölümlərinin 90 faizi bu səbəblərdəndir. 1991-ci ildən World Diabetes Day qeyd edilir. Bəs niyə 14 noyabrda? Çünki bu gün insulin harmonunu kəşf etmiş kanadalı fizioloq Frederik Bantinqin doğum günüdür. Bantinqin uşaqlıq dostu diabet xəstəliyindən vəfat etmişdi, Bantinq də bu bəlanın dərmanını tapmağı özünə söz vermişdi.1922-ci ilin yanvarında o, diabetdən əziyyət çəkən 14 yaşlı uşağın bədəninə insulin inyeksiyası yeridib onu xilas edərək tarixdə bir ilkə imza atdı. Bu kəşf sonradan milyonlarla insanın xilasına çevrildi. Bantinq insulinə görə Nobel mükafatına da layiq görüldü.

 

Diabet – düzgün olmayan həyat tərzinin nişanəsidir, qaçın bunlardan, hərəkətsizlik, qeyri-sağlam qidalanma heç vaxt sizin müşayiətçiniz olmasın.

 

14 noyabr. Beynəlxalq loqoped günü

 

Loqoped-defektoloq peşəsi nitqi qüsurlu insanların bu qüsurunu aradan qaldırmağa çalışan insanları əhatə edir. Loqoped ixtisası dar çərçivəyə sığmaz, o təkcə nitqdəki qüsurları yox etmir, eləcə də nitqi pozan bütün defektlərlə mübarizə aparır, səsin batması, tembrinin və tempinin vəziyyəti, sinirlə bağlı nitq pozğunluqlarının aradan qaldırılması, qeyri-səlist danışıq və s. loqopedin müdaxilə dairəsindədir.

 

Ortofoniya – loqopediya termini 1928-ci ildə Fransada meydana gəlib, Süzanna Borel-Mezoni xanımın sayəsində. O, Fransada nitqin reabilitasiyası xidmətini yaradıb və bu terminlə öz mütəxəssislərini adlandırıb. Nitq korreksiyası çox vacibdir, xüsusən ictimai xadimlər, siyasətçilər, mədəniyyət xadimləri bu cəhətdən tam qüsursuz olmalıdırlar. Gərəkli işlə məşğul olan loqopedləri təbrik edək gəlin.

 

14 noyabr. “Gərginlikdən çıx və parılda” günü

 

Buyururlar ki, bu bazar günündə gərəkdir ki, bütün problemlərini, dərd-sərini unudub, gərginlikdən çıxıb xoşbəxtlikdən parıldayasan. Məsələn, bağı olan bağa, olmayan parka, bulvara gedə bilər, dincələr, rahatca nəfəs alar. İnsan içindəki qaramatı tökəndə üzü də parıldayır, biləsiniz.

 

Bir dəfə bir dostum dedi ki, “Metroda, küşədə, marketdə - harda oldumsa insanların simalarına baxıb bircə gülümsəyən insan görə bilmədim, hamının üz-gözündən zəhər yağırdı”. Gündəlik problemlər hamımızı üzür, dünyanın ancaq əzab-əziyyətini, möhnətini görə bilirik. Təqvim yazıq da deyir ki, ay adam, bir ilin bir günündə barı bu problemlərini libas kimi soyunub əynindən at, barı bircə gün xoşbəxt yaşa, sabah yenidən yapışarsan problemlərindən.

 

14 noyabr. Böyük Hegel heç bilirsiniz nə deyib?

 

Cərrahi əməliyyatlar üzrə tibb bacılarının günüdür. Ukraynada üzümçülük və üzümçü günü, Rusiyada sosioloq günü, Hindistanda Bal Divas, yəni uşaqlar günü, Estoniya, Norveç və Finlandiyada atalar günü, Cənubi Sudanda ahıllar günü, Kolumbiyada qadınlar günü, Britaniyada şam yeməyində isti bir şeylər yemək günü, Almaniyada yeni il postu ərəfəsində ənənəvi iki günlük milli matəm günü, ən nəhayət ABŞ-da acılı quakamole günüdür. Amerikasevənlər və mətbəxsevənlərin “bu nə mənədir” sualını eşitdim, cavablandırıram. Quakamole – avakadonu əzib onu qırmızı soğan, bibər, keşniş, laym şirəsi və duzla qarışdırmaqdan alınan bir yeməkdir.

 

14 noyabr məshəti türklərinin qara tarixidir. 1944-cü ilin həmin günündə Stalin 100 mindən çox məhsəti türkünü Gürcüstandakı doğma torpaqlarından Orta Asiyaya sürgün elətdirib. 1918-ci ilin bu günündə Pavlik Morozov adlı sovet pioneri doğulub, öz atasına qarşı ideologiya naminə satqınlıq edən bu şəxsi sovet təbliğatı uzun illər məktəblilərə örnək kimi sırıyıb.

 

Uşaqlıqda ən sevdiyim qəhrəman Çirtdanla yanaşı damda yaşayan Karlson olub. Hətta bəzən pəncərə qarşısında durub bu cizgi filmi  qəhrəmanının indicə propellerlərini vızıldada-vızıldada  uçub gələcəyini də gözləmişəm. 1907-ci ilin bu günündə həmin o Karlson obrazını yaradan isveç yazıçısı, xanım Astrid Lindqren dünyaya gəlib. 1889-cu ildə ən böyük hindistanlı adını almış siyasətçi, Hindistanın ilk baş naziri Cavaharlal Neru doğulub.

 

Yuxarıda qeyd etmişdik ki, bu gün almanlar matəm gününü qeyd edirlər. Təqvimdə bunu yeni il qabağı postla əlaqələndirirlər. Təqribən, bizim qara çərşənbələrimiz kimi. Amma mənim düşüncəmə görə, alman boşuna matəm eləməz, buna köklü səbəb lazımdır. Bəlkə bu? 1831-ci ilin 14 noyabrında Qeorq Vilhelm Fridrix Hegel – böyük alman filosofu, sistemləşdirilmiş dialoq təliminin banisi, obyektiv idealizmin təkrarsız nümayəndəsi haqq dünyasına qovuşub. 1716-cı ilin 14 noyabrında isə Leybnits – böyük alman filosofu, riyaziyyatçısı, dilçisi, məişətin bölünməz ibtidai elementləri əsasında sülh konsepsiyasının müəllifi dünyadan köç edib.

 

Mən özümü necə saxlayım ki, böyük Hegeldən bir neçə dillər əzbəri olmuş kəlam səsləndirməyim?

 

İnsan öz əməllərinin tərənnümüdür; Xoşbəxtliyin sirri-insanın "MƏN" dairəsindən çıxa bilmə bacarığındadır; İnsan azadlıq üçün tərbiyə olunur; Hər xalq öz hökmdarına layiqdir; Sürətlə öz siyasi süqutuna yaxınlaşan xalqın taleyini yalnız dahi şəxs dəyişə bilər.

 

15 noyabr. Buddanın enmə günü

 

Hesab olunur ki, Budda təqvimi ilə 9-cu ayın 22-ci günündə Budda üç pilləli daş-qaşlı qızıl pilləkənlə taxtdan yerə enir. Buddanın taxta qalxmasını bütpərəstlər bir ayrı, taxtdan enməsini bir ayrı qeyd edirlər. Mənə isə Buddayla bağlı lap yeniyetməliyimdə eşitdiyim bir rəvayət o qədər xoş gəlib ki, hər dəfə Budda kəlməsini eşidəndə həmin rəvayət yadıma düşür. Demək, mərhəmətli Budda iş üçün müraciət edən bir kəndlini işə götürür, deyir, sənə qalmağa yer, gündə üç dəfə isti qida veriləcək, ilin 365 gününü yeyib-yatıb istirahət edəcəksən, yalnız bir gün – Ay tam tutulan günü yetmiş yeddi pilləkənlə qalxıb məbədin qübbəsində şam yandıracaqsan. Kəndli həvəslə bu işi qəbul edir. Təqribən 250 gün keçəndən sonra ilk Ay tutulması baş verir, Budda görür ki, qübbədə şam yandırılmayıb. Əsəbiləşən Budda cəld kəndlinin hüzuruna gətirilməsini tələb edir. Kəndli gətiriləndə ondan qəzəblə hansı səbəbə şam yandırmamasını soruşur, kəndli deyir ki, sən öz canın, bağışla, yatıb qalmışam.

 

Şərh vermirəm.

 

15 noyabr. Beynəlxalq pendir və çörək günü

 

İlk dəfə bu günü İngiltərədə, məşhur Straffordşir qraflığında qeyd ediblər, sonra bütün qərb dünyası bu bayramı qəbul edib. Xüsusən pendirin vətəni sayılan İcveçrədə bu bayram aktualdır. Pendir-çörək bizdə də trenddədir, baxmayaraq ki, biz bu bayramı qeyd etmirik, amma pendir - ən çox işlənən çörək yavanlığı hesab olunur. Ziyan etməz, naharda-filanda ənənəvi ət yeməyini kənara qoyub pendir-çörək yesək, qərblilərdən geri qalmasaq xəncərimizin qaşı düşməz ki? Yeri gəlmişkən, son vaxtlar qiymətlər ceyran belinə qalxmaqdadır, holland pendirinin kilosunun qiyməti şokedici 20 manat, ağ pendirinki isə şokedici 10 manat həddinə çatıbdır.

 

15 noyabr. Beynəlxalq həbsdə olan yazıçılar günü

 

Mövzu çox maraqlı olduğundan onun üzərində bir qədər geniş dayanacağam, üzürlü sayın. Tarix boyu çox nəhəng yazıçılar olub ki, hakim rejim onları dəmir barmaqlıqlar arasına salıb. Məsələn, məşhur ispan Migel de Servantesə 1594-cü ildə Papanın İspaniya xidmətində vergi yığmaq tapşırılıb, o, vergini toplayıb bir tacirə saxlamağa verib, tacir də özünü bankrot elan edib pulu qaytarmayıb, nəticədə taciri də, yazıçını da həbs ediblər. Sevilya türməsinə salınan Servantes Don  Kixot barədə romanını da elə orada yazıb.

 

Məşhur rus yazıçısı Fyodr Dostoyevskinin taleyi barədə bir qədər öncə məlumat verdim, o, 1849-cu ildə çarı devirmək uğrunda mübarizə aparan Petraşevski dərnəyinə üzv olduğu üçün həbs edilib, 8 ay çəkən istintaqdan sonra ona güllələnmə hökmü kəsilib. Yazıçının başına torba keçirilib, tüfəngin tətiyi çəkilən anda çar Nikolayın əmri gəlib ki, güllələnmə həbslə əvəz edilsin. Beləcə, Dostoyevski Omsk həbsxanasına etap olunub, sərasər 5 il orada yatıb. Həbsxana dövründə “Ölü evdən qeydlər” povestini yazıb.
Məşhur irlandiyalı yazıçı Oskar Uayld 1895-ci ildə “mənəviyyatsızlıq” hökmü ilə həbs olunub. Bu hökmü ona “uşaqbazlığın və homoseksual əlaqələrin təbliğinə görə” veriblər, dustaqlıqda ağır işgəncələr altında yaşayan yazıçı bir neçə həbsxana dəyişəsi olub, “Redinq həbsxanası barədə ballada” onun həbs həyatının bədii şəkildə əksidir.

 

O’Henri  (əsl adı-soyadı Uilyam Porter) - həbs həyatı yaşamış növbəti məşhur yazıçı da Oskar Uayldla eyni ildə həbs edilib. Bankda kassir işləyən O’Henri o dövr üçün həddən artıq böyük məbləğ hesab edilən 1150 dolları mənimsəməkdə ittiham edilib, həbs sanksiyası çıxarılanda özünü günahkar bilmədiyindən ölkədən qaçıb, Meksikada sığınacaq tapıb. Amma 3 ildən sonra sevimli həyat yoldaşının dəfni üçün vətənə gələndə həbs edilib, Kolumbus həbsxanasında 3 il 4 ay cəza çəkib. Orada 14 hekayə yazıb və onları öz adı ilə dərc etməyə utanıb, O’Henri təxəllüsündən ustifadə edib.

 

Və ən nəhayət, rus yazıçısı Aleksandr Soljenitsin. 2-ci dünya müharibəsi zamanı ön cəbhədə vuruşan yazıçı dostu ilə məktublaşanda açıqfikirlilik nümayiş etdirmiş, baş verən haqsızlıq və ədalətsizliklərdən söz açıbmış, məktubların oxunmasından xəbərsiz olan yazıçı 1945-ci ilin fevralında həbs olunmuşdu, 8 il həbs, ardınca ömürlük sürgün cəzası almışdı. Onu Marfinoda, “Yeni Qüds” düşərgəsində saxlamışdılar. Sonra Butırka həbsxanası, nəhayət, 1953-cü ilin fevralında azadlıq. Marfinodakı sürgün həyatından bəhs edən “Birinci çevrədə” romanı yazarın ən məşhur romanıdır.

 

Stalin repressiyası onlarca yazıçımızı həbsə atmışdı, həmin qanlı-qadalı tarix əsla unudulmaz. Yaxın tarixdə bizə peşəkar fəaliyyəti ilə bağlı yazıçı Çingiz Ələkbərzadənin həbs edilməsi məlumdur, eləcə də milli azadlıq hərəkatı dönəmində Kremlin şair Xəlil Rzanı həbs edib Lefortovo həbsxanasına salması. Bu son dönəmdə isə yazıçı Əjdər Ol həbs edilib. O, həbs edilən sosial müdafiə naziri Səlim Müslümovun icra apparatının müdiri kimi korrupsiya ittihamı ilə üzləşib. Ölkəmizdə bu sahədə baş verənlər qeyri-şəffafdır, eyni əməl birinə korrupsiya kimi tətbiq edilsə də digərinə edilmir, dərinliyini əsla bilmirik. Amma lap elə Əjdər Ol suçludursa da belə, dünən onun süfrəsinin qırağında yalmanan yazar dostlarının bu gün onun dalınca danışmaları kişilikdən deyil axı. Bizim xalqın gözəl bir deyimi var, həbsə düşən barədə deyirik ki, Allah qapısını açsın. O, qələm əhlidirsə, uzun illər mənəviyyat təbliğatçısı olubsa, bu niyyət ikiqat gücüylə səslənməlidir.

 

15 noyabr. Krallığı, imperatorluğu, şahlığı qorumaq ənənəsi

 

Belçika gözəl ölkədir, çox firavan və xoşbəxt əhalisi var. Bu gün onlar Kral sülaləsi gününü qeyd edirlər. Bu təcrübə bir çox ölkələrdə var. Britaniyada xüsusən kraliça  böyük hörmət və nüfuza malikdir. Rusiyada da hələ də imperatorluq qorunub saxlanılır, bu qurumların de fakto və de yure hakimiyyətləri olmasa belə, rəmzi hakimiyyətləri var. Yeri gəlmişkən, ruslar Azərbaycanı işğal edəndə ayrı-ayrı xanlıqlarımızın süqutunu şərtləndiriblər. Bəlkə biz də əksər dünya ölkələri kimi xanlıqları tariximizin ululuğuna sübut kimi rəmzi mənada bərpa edək?

 

Avstriyada isə Müqəddəs Leopold günü qeyd edilir. Avstriya da gözəl ölkədir, oranın əhalisi də firavan və bəxtəvərdir. Babenberqlər sülaləsindən olan 3-cü Leopold (12-ci əsr) Avstriyanın və Vyananın himayəçisi hesab edilir.

 

Amerfikada milli ədvalı peçenye günüdür, yeri gəlmişkən.

 

O ki qaldı bu gün baş verən tarixi hadisələrə, 1940-cı ilin bu günündə tarixdə ilk dəfə aviasiya bombardmanı baş tutmuşdur, 500 alman təyyarəsi İngiltərənin Koventri şəhərini bombalamışdır. 1940-cı ilin bu günündə dünyaşöhrətli italyan kuturye Roberto Kavallı də doğulmuşdur. 1934-cü ildə SSRİ-də ilk dəfə səs müşayiəti ilə teleproqram efirə getmişdir. 1904-cü ildə lezvası dəyişilən britva kəşf olunmuşdur. 1887-ci ildə isə russayağı “batareyka”, türksayağı “şarj” dediyimiz, öz dilimizdə deyimi mövcud olmayan həmin o nəsnə kəşf olunmuşdur. 1630-cu ildə İohann Kepler – ilk dəfə planetlərin Günəş ətrafında dövrə vurduğunu söyləyən alman astronomu dünyadan köçmüşdür. 1492-ci ildə Xristofor Kolumb ilk dəfə hinduların istifadə etdikləri tütün barədə avropalıları və asiyalıları məlumatlandırmışdır, onlar da qurudulmuş yarpağı kağıza büküb yandırararaq tüstüsünü udmaq prosesini mənimsəmək həvəsinə düşmüşdülər, o gündən də siqaret məişətimizə soxulmuşdur.

 

16 noyabr. Beynəlxalq Tolerantlıq Günü

 

Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib, məqsəd - qurumun da nizamnaməsində qeyd olunduğu kimi, dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırış olub. Sivilizasiyaların qovuşduğu, şərq və qərb mədəniyyətlərinin çuğlaşdığı Azərbaycanda daim müxtəlifliyə, fərqliliyə hörmət, dinindən, dilindən, irqindən asılı olmayaraq bütün insanlara eyni isti münasibət, eyni rəğbət olub. Bu, özünü xalqımızın əsrlərdən gələn ədəbiyyat nümunələrində, bədii və fəlsəfi fikir tarixində də göstərir. Elə bir vaxtlar yurdsuz-yuvasız bədnam ermənilərə sığınacaq verməyimiz də bu səbəbdəndir. Azərbaycan indi bütün dünyada tolerantlıq örnəyi kimi tanınır. Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Yəhudi xalqının tarixi vətənindən kənarda yeganə kompakt yaşayış yerinin Qubanın Qırmızı qəsəbəsi olması faktı dönə-dönə dünyada vurğulanmırmı? Yaxud, min illərdir ki, xınalıq, qırız, lahıc kimi etnosların assimilyasiyadan qorunub saxlanması məgər azmı işdir?

 

16 noyabr. Ümumdünya düymələr günü

 

“Yaxan düymələ, düymələ” deyə dad-aman eləyən xanəndələrimiz bu mahnını düymənin hikmətini bilibən oxuyublar, biləsiniz. Qapının qıfılı nədirsə paltarın da düyməsi odur. Hələ 20-ci əsrdə - 1938-ci ildə Amerikanın Button Society təşkilatı təqvimə belə bir günün salınmasına nail olub. Məişətimizə möhkəm daxil olan düymənin çox qədim tarixi var. Əvvəllər düymə yalnız bəzək elementi idi, düymələmə funksiyasını isə qayışlar, sancaqlar daşıyırdı. Düymə düymə olandan sonra onun kolleksiyasını yığanlar da tapıldı, məsələn, bir isveçli keşiş 40 min müxtəlif düymə toplayıbmış. Amma rekord isə Nyu-Cersi şəhərindən olan bir mühəndisə məxsus  imiş, düz 100 min ədəd.

 

16 noyabr. “Yumşaq oyuncaqla ziyafət təşkil elə” günü.

 

Tək uşaqlar üçün yox, eyni zamanda böyüklər üçün də nəzərdə tutulan, tək xanımları deyil, həm də kişiləri əhatə edən bu günü, təsəvvür edin ki, azərbaycanlı kişisi də dəbə düşüb qeyd edir. Oturub masanın başında, ətrafında da yumşaq ayı, it. İçəri girən bir adam deməzmi ki, sənin kişi boyunu yerə soxum? (Burda bir smaylik yetərlidir).

 

16 noyabr. Rudolf Kreyseri yaxşı tanıyın!

 

Portəgizlər milli dəniz günündə hava soyuqdur deyə yalnız dəniz havası udacaqlar. Şimali Koreyada rəhbərlik icazə versə, insanlar Ana günündə analarını təbrik edəcəklər. Estonlar suverenlik deklarasiyası günündə bəsdir deyincəyə qədər şənlənəcəklər. Kubalılar Müqəddəs Kristobal günündə kilsələrə axışıb şam yandıracaqlar. ABŞ-da isə bu gün Milli Fəst-Fud günüdür, dünyada ən çox fəst-fud yeyən amerikalılar bu gün fəst-fuda qarşı əsl genosid həyata keçirməyəcəkmi, keçirəcək!

 

1945-ci ilin 16 noyabrında Londonda YUNESKO yaradılıb; 1848-ci ildə yenə də Londonda əsas hadisələr cərəyan edib – bu dəfə dünyaşöhrətli bəstəkar Şopen özünün son konsertini verib; 1766-cı ildə tarixin ən virtuoz skripkaçısı, eyni zamanda bəstəkar, dirijor və pedaqoq, fransalı Rudolf Kreyser dünyaya gəlib. Bu adam haqda maraqlı bir şey oxumuşam. Sən demə onun ifasına vurğun olan böyük Bethoven məşhur 9-cu sonatasını ona həsr edib, onun ifası üçün yazıb. Hətta bu sonataya bəzi mənbələrdə Kreyser sonatası da deyilir. Amma siz bu adamda dikbaşlığa baxın ki, o boyda kişinin arzusunu ürəyində qoyub, bu sonatanı ifa etməyib; 1582-ci ildə qəddarlıqda ad çıxarmış rus çarı İvan Qroznı öz oğlunu qətlə yetirib.

 

17 noyabr. Milli Dirçəliş Günü

 

Xalqımız keşməkeşli, mübarizələrlə dolu tarixi yol keçərək azadlıq, müstəqillik, dirçəliş yoluna qovuşa bilibdir. XX əsrin 80-ci illərinin sonunda Kremlin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində ölkəmizdə antisovet xalq hərəkatı təşəkkül tapdı və 17 noyabr 1988-ci ildə Bakıda Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Şuşada Topxana meşəsində ermənilər tərəfindən ağacların qanunsuz kəsilməsi mitinqlərə bir vəsilə oldu. Xalqımız imperiya buxovlarından, əsarət zəncirindən azad olmaq istəyirdi. Mitinqlərə fəhlə Nemət Pənahlı başçılıq edirdi, amma xalqın əsas inamı hərəkatın önündə dayanan ziyalılara idi – Bəxtiyar Vahabzadəyə, Sabir Rüstəmxanlıya, Ziya Bünyadova, Vaqif və Yusif Səmədoğlulara, Xəlil Rzaya və digərlərinə. Azərbaycanda meydan hərəkatı geniş vüsət aldı. Bu milli hərəkat xalqın dirçəlişi idi. Xalq hərəkatı təkcə Bakıda deyil, Naxçıvan, Gəncə və Lənkəranda da kütləvi xarakter aldı. Respublikamızın bütün şəhər və rayonlarını bürümüş qüdrətli xalq hərəkatı kommunist rejimini Azərbaycandan süpürüb atmaq təhlükəsi yaratmışdı. O illərdə mitinqçilərin Azadlıq meydanı adlandırdıqları Lenin meydanına milyona yaxın insan axışırdı, hətta həmin ildə Beynəlxaql demokratiya təsisatları xalqımızı ilin ən qəhrəman xalqı adlandırmışdılar. Bundan qorxuya düşən imperiya başçıları noyabrın 24-dən 25-nə keçən gecə Bakıya qoşun yeritdilər. Komendant saatı tətbiq olundu. Lakin xalq geri çəkilmədi. Sovet rejimindən Ermənistanda və Qarabağın dağlıq hissəsində erməni separatçılığına və terrorizminə son qoymaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, sərvətlərimizin talan edilməsini dayandırmaq kimi tələblərlə başlamış “Meydan hərəkatı” tezliklə Azərbaycanı müstəqilliyə çağıran şüarlara keçdi.

 

Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır. Dekabrın 4-dək 18 gün aramsız davam edən aksiyalar keçmiş Sovet İttifaqında ən genişmiqyaslı kütləvi çıxışlar idi.

 

17 noyabr. Görkəmli rəssam Lətif Kərimovun 115 illiyi

 

Bu insan çox tanınnıb, uzun ağ saçları ilə diqqət çəkib həmişə. Lətif Hüseyn oğlu Kərimov 1906-cı il noyabr ayının 17-də Şuşa şəhərində anadan olub. 1912-ci ildə 6 yaşında olarkən valideynləri ilə birlikdə ailə vəziyyəti ilə əlaqədar olaraq İranın Məşhəd şəhərinə köçməyə məcbur olub, orada rəssamlıq dərsi alıb. Bir də 1929-cu ildə Şuşaya qayıdıblar, bir il sonra “Azərxalça” birliyində rəssam-təlimatçı təyin edilib. Sonra Bakıya köçüblər. 1945-ci ildən Azərbaycan Respublikası Elmlər Akademiyası  Memarlıq və İncəsənət İnstitutunun xalça sənəti şöbəsinin dəyişməz müdiri və eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi fəaliyyət göstərib. Onun eskizləri əsasında toxunmuş “Qonaqkənd”, “Şuşa”, “Göy- göl”, “Qarabağ”, “Şəbi-hicran”, “Firdovsi”, “Səməd Vurğun”, “Vaqif”, “Füzuli”, “Nəsimi”, “Əcəmi” və s. xalçaları Azərbaycan xalçaçılıq sənətinin qiymətli nümunələrindəndir.

 

L.Kərimov Azərbaycan mədəniyyə­tini dünyanın bir çox ölkələrində ləyaqətlə təmsil edib. Ümumdünya Paris, Nyu-York sərgilərində iştirak edib, Moskvada, Tiflisdə, Londonda böyük müvəffəqiyyətlə fərdi sərgiləri keçirilib. Lətif Kərimov Azərbaycan хalçaçılığının müхtəlif növlə­rinə aid kompozisiya və naхışları toplayıb, Quba, Şirvan, Bakı, Qazaх, Gəncə, Qarabağ, Təbriz və Borçalı хalça qruplarına daхil olan 150-dən artıq хovlu və хovsuz хalça məmulatı çеşidlərini yığıb, onların rəngli rеproduksiyasını hazırlayıb. 1967-ci ildə Lətif Kərimovun təşəbbüsü ilə Bakıda unikal muzeyin – Azərbaycan Xalça Muzeyinin əsası qoyulub, 26 il sonra isə muzeyə onun adı verilib. L.Kərimovun xidmətləri dövlət tərə­findən yüksək qiymətləndirilib. O, 1949-cu ildə Stalin mükafatı, 1950-ci ildə SSRİ Dövlət mükafatı laureatı olub, “Хalqlar Dostluğu” ordеni ilə təltif edilib. 1955-ci ildə “Əməkdar incəsənət xadimi”, 1960-cı ildə isə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb. Lətif Kərimov 1991-ci il sentyabr ayının 9-da Bakıda vəfat edib, ruhu şad olsun.

 

17 noyabr. Ümumdünya CİS günü

 

GİS Day – Coğrafi İnformasiya Sistemləri gününün təşəbbüskarı Amerikanın başda Milli Coğrafiya Cəmiyyəti və Hewlett-Packard kompaniyası olmaqla bir sıra kompaniya və cəmiyyətlərdir. Bir həftə ərzində müxtəlif sərgilər, forumlar, seminarlar keçirilir, tələbələr, məktəblilər, digər arzulayanlar geoinformatika sahəsindəki ən son yeniliklərlə tanış olurlar. Bu il 65 ölkənin 700 təşkilatı CİS gününü qeyd edəcək.

 

17 noyabr. Beynəlxalq Tələbələr günü

 

Bütün zamanlarda cəmiyyətin ən tərəqqipərvər zümrələrindən biri tələbələr hesab olunmuşlar. Novatorluğa, kreativliyə və əlbəttə ki azadlığa meyilli olan tələbələr əksər vaxtda cəmiyyətə nümunə göstərilmiş, yetişən nəslə örnək olmuşdur. Elə bu 17 noyabr günündə tələbə həmrəyliyinin qeyd edilməsi də bu cür tələbə cəsarətini simvolizə edir. Belə ki, 1939-cu ilin bu günündə Çexoslovakiyanı işğal etmiş faşistlərin əleyhinə nümayişlərə qalxan çex tələbələrinə qarşı zorakılıq nümayiş edilmiş, 1200 tələbə həbs olunmuşdu, ən fəallar isə məhkəməsiz edam edilmişdilər.

 

Elə Bakıdakı 1988-ci ilin noyabr mitinqlərinin də əsas qüvvəsi tələbələr olmuşdur. Azərbaycan tələbələri bu gün də fəaldırlar, təhsildə, ictimai həyatda fərqlənir, cəmiyyətdə demokratiyanın bərqərar olması yolunda çabalar göstərirlər. Bayramınız mübarək, əziz tələbələr!

 

Bizlərə isə tələbəlik illərinin xoş xatırlamaları qalır. (“Sızlar yada düşəndə ürəyimin telləri” – deyə zümzümə də etmək olar).

 

17 noyabr. Daha nələr

 

Bu gün ekskursiyalar günüdür, məsələn, bakılılar evdən çıxıb ən azı İçərişəhərə, vaxtı çox olanlar Yanardağa ekskursiya edə bilərlər. Bu gün Beynəlxalq ölü doğulan uşaqlar günü də qeyd edilir, bununla cəmiyyətin diqqəti dünyaya göz açmağa macal tapmayan biçarə varlıqlara cəlb edilir, artmaqda olan bu xoşagəlməz halların qarşısının alınması üçün əhali təşviq edilir; Beynəlxalq Qoze pivəsi sevənlərin günüdür həm də. Qoze - ənənəvi, spirti bir qədər az olan alman pivəsidir; Rusiyada “uçastkovı” (yəni sahə müvəkkili) günüdür, Hindistanda əzaba qatılanlar günüdür, Yaponiyada syoqi günüdür (şahmata bənzər stolüstü oyundur syoqi), Ukraynada tələbə günüdür. Amerikada isə Milli evdə bişən çörək və Milli paxlava günüdür. Və bu sözü elə “paxlava” kimi qeyd ediblər, biləsiniz.

 

1989-cu ildə dost Pakistanda Benazir Bhutto baş nazir seçilib. 1971-ci ildə Şimali İrlandiyada hərbi çevriliş olub, Olster hakimiyyətə gəlib. 1966-cı ildə böyük meteor yağışı baş verib, bu yağış SSRİ səmasında da görünübmüş. 1959-cu ildə CAR-da süni brilliant istehsalına başlayıblar. 1944-cü ildə Danni təxəllüslü məşhur komediya aktyoru Denni DeVito doğulub. 1929-cu ildə IBM-in yaradıcısı Hollerit vəfat edib. 1913-cü ildə Panama kanalından ilk gəmi keçib. 1906-cı ildə Honda kompaniyasının qurucusu olan məşhur yapon mühəndisi Soitiro Honda dünyaya gəlib. 1869-cu ildə Suveyş kanalı istismara verilib. 1800-cü ildə Vaşinqton ABŞ-ın paytaxtı olub. 1796-cı ildə rus imperatrisası 2-ci Yekaterina dünyadan köçüb. (Bilirsiniz də, bu Yekaterina az aşın duzu olmayıb). 1587-ci ildə Niderland milli dramının banisi, Avropa ədəbiyyatının “Qızıl əsr” pleadasının üzvü Yost Vondel doğulub.

 

17 noyabr. Və ən nəhayət, Qara pişik günü

 

Bəzi ölkələr bu gün qara pişik gününü qeyd edirlər. Qara pişik qarşımızdan keçirsə, demək, işlərimiz həmin gün gətirməyəcək. Amma çıxış yolumuz da var, ya qayıdıb başqa yolla getməliyik, ya başımızdakı papağı fırlatmalıyıq. Yetər ki, qara pişik taleyimizdən keçməsin.