İrrasionalları məqsəd yox, fəaliyyətin özü ilhamlandırar Featured

Rate this item
(0 votes)

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Sən demə, psixologiyada irrasionallar üçün də effektiv, zəmanətli uğur düsturları var imiş.

Bu düsturlar bütün menecment təliminin əksidirlər, onları anti-tezis də adlandırmaq olar. Rassionalların planlaşdırılmasına cavab kimi irrassionalların ani planlaşdırılmasını ortaya qoymaq olar. Düstürların məğzi ondadır ki, irrassionalların cəmiyyət tərəfindən zəiflik və çatışmazlıq kimi adlandırılan xüsusiyyətlərində şəxsiyyətin elə aspektləri gizlənib ki, bu elə böyük bir potensialdır ki, ondan düzgün istifadə etdikdə hətta ən böyük məqsədlərə belə çatmaq olar!

Maraqlıdır, deyilmi?

Beləliklə, gəlin diqqət edək. Tezis və antitezislər:

a) İrrasionallar bir işi başa çatdıra bilmir, digərindən yapışırlar.

Eyni zamanda bir neçə sahəyə maraq göstərən, tutalım, həm yazıçı, həm aktyor, həm rejissor, həm alim, həm dizayner, həm idmançı olmaq istəyən irrasional bunlardan birini seçir, potensialını bu sahəyə yönəldir, amma qısa zamanda nəticə əldə edə bilmədiyi, uğurun çox uzaqlarda, əlçatmazlıqlarda olduğunu hiss etdiyi üçün, üstəlik, digər sahələrə marağını içində boğmasının ağrısını çəkdiyi üçün get-gedə maraq və entuziazmının itməsi ilə barışır. Məqsədə çatmaq yolundan sapınır, bu dəfə digər bir sahəni seçib indi də o sahədə uğura doğru addımlamağa başlayır. Təbii ki, bu dəfə də onu uğursuzluq haqlayacaq.

Bəs nə etməli?

Əslində, irrasionallar bir şeyi qulaqlarında sırğa etməlidirlər ki, onlar məhz elə müxtəlifliklər üçün doğulublar. Özünü planlı şəkildə bir işə sərf etmək onlar üçün deyil. Bu qaydalar rasional insanlarındır. Sizsə, ey irrasionallar, içinizdəki istəkləri əsla boğmamalısınız. Eyni zamanda həm yazıçılıq edin, kitab yazın, həm rəssamlıq edin, portret çəkin. Tutalım, kompüterdə Photoshop proqramını öyrənmək istəyirsinizsə, tutalım, Corel Draw, Flash proqramlarını da öyrənin. Siz ingilis dilini mənimsəməyə çalışırsınızsa, alman, fransız dillərini də öyrənin, Siz bir məqsəd, bir uğur hədəfi qoymayın qarşınıza, eyni zamanda bir neçəsini qoyun. Nəticə mütləq gözəl olacaq!

b) İrrasionallar yekcins, monoton işdən bezirlər.

Adətən bu bezginlik onları həmin işdə uğur əldə etməkdən məhrum eləyir. Onların işə maraqları tam ölür, məcburən, zorən işləyir, bəzən hətta işi axıra çatdıra bilmir, nəticə əldə etməyi bacarmırlar.

Amma bu yekcinslikdən, monotonluqdan bezginliyi mənfi xarakterlikdən müsbət xarakterə yönəltmək mümkündür. Necə? Əgər iş sizi bezdiribsə, ani olaraq bir fəaliyyətdən digərinə keçin, məsələn, əgər bu özəl işdirsə, musiqi ifa edin, gündəlik yazın, dostlarla yazışın, lap bir az idman edin, açıq havada gəzişin, sonra yenidən işinizin üstünə qayıdın. Yox, əgər bu idarə, müəssisə işidirsə, musiqi ifa etmək, idmanla məşğul olmaq mümkünsüzdürsə, digərlərini edin. Mütaliə də etmək, kağız-qələm götürüb rəsm də çəkmək, hər hansı bir krossvord, skanvord da həll etmək olar. Bu qarışıq iş ritmi sizi mütləq gördüyünüz əsas işdə uğura aparıb çıxaracaq. Özü də işiniz xeyli məhsuldar, keyfiyyətli olacaq.

c) İrrasionallar əhval-ruhiyyədən asılıdırlar

Adətən, bax bu çatışmazlıq irrasionalları tutduqları yoldan sapındırır. Sabah günorta vacib bir işgüzar görüşü olan, ancaq, necə deyərlər, yataqdan sol ayaqla qalxdığından kefsiz olan irrasional bu görüşə getməyə ərinirsə, getmirsə, bundan çox ciddi ziyan çəkir. Amma nə etsin, özü ilə bacarmır. İrrasionalların bir aylıq, bir illik deyil, hətta bir günlük dəqiq plan qura bilməmələri, planlarının alt-üst olması onlara çox mənfi təsir göstərir, uğura doğru yollarını tam əngəlləyir.

Bəs nə etməli? Təbii ki, irrasionalın bir işi görməyə həvəsi ölübsə, mütləq başqa işlərindən birini görməyə içində həvəs tapılacaq. Ona görə də əhval-ruhiyyə faktorundan tam asılı olan irrasional cari və perspektiv planlarla deyil, görəcəyi bütün işlərin siyahısı ilə hərəkət etməlidir, hər gün bu siyahıya göz gəzdirməlidir. Onda, mütləq hazırkı əhval-ruhiyyəsinə uyğun olan bir iş tapıb onunla məşğul olacaq, həm zamanını boşuna xərcləməyəcək, həm də uğursuz planlaşdırma acısını çəkməyəcək.

Beləliklə, əziz oxucularımın irrasional tipə uyğun gələnləri, siz monotonluqdan, yekcinslikdən bezib eyni zamanda bir neçə sahədə məşğul olmaq istəyinizlə, əhval-ruhiyyədən tam asılı olduğunuzçün planla hərəkət etmək üstünlüyündən məhrum olmaq minusunuzla belə uğura doğru gedə bilərsiniz. Rasionallardan fərqli olaraq, sizi məqsəd yox, fəaliyyətin özü ilhamlandırar. Unutmayın ki, bu, daha böyük nəticələr əldə etməyə səbəb ola bilər!

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2024)