BİR DİREKTOR, BİR ŞAGİRD - Fayaz Hüseynov və Raul Səfərəliyev Featured

Rate this item
(3 votes)

“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun  Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. Hazırda təqdimatda 189-190 nömrəli tam orta məktəbdir. 

 Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

DİREKTOR:

Mən, Fayaz Hüseynov 1967-ci ilin iyun ayının 3-də Bakı şəhərində anadan olmuşam.

1974-84-cü illərdə 70 nömrəli məktəb liseydə oxumuşam. Ordu sıralarında xidmət etdikdən sonra 1988-ci ildə BDU-nun tarix fakültəsinə qəbul oldum və 1994-cü ildə buradan məzun oldum. Pedoqoji fəaliyyətimə 2000-ci ildən təhsil aldığım 70 nömrəli məktəbdə başlamışam. Tez bir zamanda 2003-cü ildə təşkilatçı təyin olundum. 2006-cı ildən Beynəlxalq qiymətləndirilmədə ( PİŞA ) fəal iştirak etmişəm və Azərbaycanda keçirilən Beynəlxalq qiymətləndirmənin fəal üzvlərindən olmuşam. 

2009-cu ildə keçirilən əhalinin siyahıyaalınmasında məntəqə sədri olmuşam. 2015 -ci ildə direktorların işə qəbulu müsabiqəsində uğurla iştirak etmişəm və kursu müvəffəqiyyətlə başa vurmuşam: belə ki, keçirilən imtahanlarda yüksək nəticə topladım və Müsahibə mərhələsindən uğurla keçərək kursu bitirdiyim ildə - 2016-cı ildə 60 N li tam orta məktəbə direktor vəzifəsinə təyin olundum. Qarşıma bir məqsəd qoymuşdum-  Öz işini sevərək icra edən bir kollektivi olan, demokratik əsaslarla idarə olunan məktəb yaratmaq. Burada İdarə etdiyim  5 il ərzində məktəbimiz bir çox uğura imza atdı. Fənn müsabiqəsində qələbə, sabahın alimləri layihəsində 4 şagirdimin uğuru, şahmat üzrə II-IV siniflər arasında keçirilən respublika çempionatında 1-ci yer (6 şagirdimin əzmi nəticəsində Respublika çempionu olduq), Heydər Əliyev Təqdimatında 2-ci yer, qrant layihələrdə qalibiyyətlər və s. Bu illər ərzində  2 müəllim əməkdar müəllim adına, 2 müəllim qabaqcıl təhsil işçisi adına layiq görüldü, 2 müəllim isə fəxri fərman aldı. 6 şagirdim bu 5 il ərzində məktəbi xüsusi naliyyətlərlə bitirərək 3 qızıl və 3 gümüş nişanla təltif olundu. Məktəb E twinning, OCEP beyxəlxalq layihələrinə qoşuldu. Özüm də layihələrdə uğurla iştirak edərək keçirilən pedaqoji mühazirələrdə final mərhələsinə vəsiqə qazandım və Tərifnamə ilə təltif olundum. 

ADA-da keçirilən Data əsaslı idarəetmə kursunu müvəffəqiyyətlə bitirdim. BŞTİ-nin bir çox layihələrinin qalibi oldum( Fibonaççi intellektual yarışları), İcra Hakimiyyəti tərəfindən iki dəfə fəxri fərmanla təltif olunmuşam. Fransanın Strasburq şəhərində keçirilən Beynəlxalq “demokratik məktəb”konfransında Azərbaycanın nümayəndə heyətinin tərkibində iştirak etmişəm. 2016-2021 -ci ildə 60 nömrəli məktəbdə fəaliyyətim çox produktiv oldu. Daha sonra 2 N THL-yə direktor vəzifəsinə təyin oldum. Düzdür, burada çox az müddət çalışdım, 1 ildən biraz artıq, amma burada da naliyyətlərim az olmadı. Beynəlxalq Olimpiadalarda qələbələr, RFO-da 2 qələbə, RFM-də qızıl medal qazandıq.  Məktəbdə Steam və Rəqəmsal layihələri tətbiq olunmağa başladı. 1 müəllim tərəqqi nişanı ilə, 1 müəllim isə fəxri fərmanla təltif olundu. 2022-ci ildə 189-190 nömrəli tam orta məktəbdə direktor vəzifəsinə təyin olundum. Çox gözəl tədris mühiti var burada. Bu məktəbin özünəməxsus xüsusiyyəti tanınmış şəxslərin, məşhurların buradan məzun olmasıdır. Çox qısa müddətdə burada da artıq naliyyət və uğurumuz var. İlk olaraq məqsədə doğru inamla çalışaraq gedən kollektivimiz var. Heydər Əliyev -100 təqdimatında Respublika üzrə II yerin qalibiyik. Həmçinin 1 şagirdim bu il Riyaziyyat fənni üzrə RFO qalibi olmuşdur. Məktəb qrant layihənin qalibidir. Bir müəllimim Yaradıcı müəllim müsabiqəsinin qalibi oldu. SAF- da  ( Steam Azərbaycan Festivalı) uğurla çıxış edərək müxtəlif nominasiyalarda I, Il, III yerləri qazanmışıq. Gələcəkdə daha çox uğura bu kollektivlə imza atacağımdan əminəm. Yüksək keyfiyyətli bacarıqlarını sevərək icra edən müəllimlərlə çalışmaq, işini sevərək həyata keçirən insanlarla bir arada olmaq çox xoşdur. Uşaqları çox sevirəm. Məktəbimi, kollektivimi və işimi çox sevirəm.

 

ŞAGİRD

Mən, Raul Əziz oğlu Səfərəliyev 2009-cu ildə Bakı şəhərində anadan olmuşam. 2015-ci ildə Səbail rayon 189-190 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşam. Hal-hazırda təhsilimi məktəbin 9-cu sinfində davam etdirirəm.

İdman sahəsində Karate növü üzrə Liqa-A seriyalı yarışlara qatılaraq 69 ölkə arasında 3-cü yerə, 2024-cü ildə Gürcüstanın Qori şəhərində yeniyetmələr arasında keçirilən Beynəlxalq yarışda 1-ci yerə layiq görülmüş, İtaliyanın Roma şəhərində keçirilən Dünya çempionatına vəsiqə qazanmışam.

 

ESSE

“Doğma məktəbim – uğurlu gələcəyim”

     

Məktəb təlim-tərbiyə ocağıdır, xalqın mənəvi beşiyidir. Hər bir insana onun təhsil aldığı orta məktəb doğmadır, əzizdir. Yüksək elmi zirvələrə gedən yol məktəbdən keçir. Məhz orta məktəbdə qazanılan biliklər elm yolunu seçməlidir, eləcə də ölkənin gələcəyi üçün töhfələr verməyə hazır olanların gələcək uğur salnaməsini müəyyən edir.

“Məktəb – həyat kamalı,

Ağlımıza incidir.

Gələcəyin amalı,

Yaşamaq sevincidir.”

Bilik tükənməz bir xəzinədir. Məktəb isə bizlərə bu xəzinəni bəxş edən elm-təhsil ocağıdır. Yazıb-oxumağı burada öyrənir, təhsil həyatına addımları məktəbdə atırıq. O, bizə həyatın sirrlərini, bilinməyən tərəflərini öyrədir. Məktəbdə aldığımız biliklər gələcəyimizə etdiyimiz yatırımdır.

Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir. Ən yaxşı mühəndislər, həkimlər, memarlar, idmançılar məhz müəllimlərin əsəridir.

İdmanı çox sevirəm. Həyatımı onsuz təsəvvür etmək qeyri-mümkündür. Bu sahədə Azərbaycan bayrağını getdiyim hər bir ölkədə ucaltmaq daim arzum olub. Enməz olub, yüksələn bayrağımızı inanıram ki, mən də yüksəldəcəyəm.

Arzudan arzu doğur. Böyük şairimiz B.Vahabzadə belə deyib:

“Qaşlar qara, gözlər qara, ləblərdə bal olsun,

Hər üzdə gözəllik dediyin gözlərə möhtac olsun.”

Gözəlliyi gözlər görür. Gözdə bir atəş var. İnsanın daxili aləmi də onun gözlərində əks olunur. Belə bir ifadə var: “Xalqın gözü tərəzidir”.

Uşaqlıqdan bu günə qədər içimdə belə bir hiss daim mənimlədir:

     “Raul, sən göz həkimi olacaqsan.

İdmançı və göz həkimi”.

Bu iki sahədə uğur qazanıb yalnız xalqıma xidmət etməyi düşünürəm.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2024)