Mükafatçıların müsabiqəyə təqdim etdikləri poeziya nümunələri - I YER: CAVİD QASIMOV Featured

Rate this item
(0 votes)

Bildiyiniz kimi, “Ulduz" aylıq ədəbiyyat dərgisi və Azərbaycan Ədəbiyyat Fondunun  unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş, 35 yaşa qədər qələm adamları arasında keçirdikləri  poeziya müsabiqəsinin qalibləri bu gün mükafatlandırılacaqlar. 

 

I yer: 

Cavid Qasımov;

 

II yer: 

Rəşad Nağı Mustafa, 

Allahşükür Ağa;

 

III yer: 

Eminquey, 

Seyyidəli Sübhi, 

El Roman

 

“Ədəbiyyat və incəsənə” portalı mükafatçıların poeziya nümunələrinin təqdimatını başa çatdırır. Bu gün 1-ci yerin sahibinin şeirləri təqdim edilir. 

 

I YER

CAVİD QASIMOV

 

Dil bilməyən sərçələr

Bu qışı da qarşıladı

Həyətimizdə.

Yenə dua edirlər:

– Bol olsun süfrələrin çörək qırıntıları...

 

Dəyirmanların ürəyi daşdan olmasaydı,

Köçməzdi ölkədən ölkəyə quşlar...

 

Zaman ötdükcə anlayıram ki,

Sünbül günəşdən də yandırıcıdır.

Yoxluğu nəinki yeriməyi bacaranlar,

Uçmağı bilən quşlar üçün də utandırıcıdır.

 

Gileylənmirəm, İlahi, gileylənmirəm.

Buna da şükür,

Bizi sərçələrin duaları saxlayır,

Sərçələri sən.

 

*

O gün yadımdadır, qarışqalar da

Yeraltı bahardan qayıdırdılar,

Çiçəklər təzəcə dil açmışdı ki,

Arılar nahardan qayıdırdılar.

Mən isə dənizdən şeir deyirdim

Qanadı qırılmış qağayılara.

 

O gün yadımdadır, yarasalardan

Gecənin qanını götürürdülər.

Hə, hə...

Yadımdadır çarpayısında

Uzanan adama köçürürdülər.

Mən isə həyatdan şeir deyirdim

Gecəni yatmayan səfil dostuma.

 

O gün yadımdadır, işıqforların

Gözləri hirsindən qan bağlamışdı.

Görmüşdü uzaqda işıq dirəyin

Kimsəsiz bir uşaq, qucaqlamışdı.

Mən isə anadan şeir deyirdim

Körpələr evinin darvazasında.

 

O gün yadımdadır, dostum gəlmədi,

Onu da bayraqla gətirmişdilər.

Heç vaxt uzaqlara ata bilməyən

Ayağın uzaqdan götürmüşdülər.

Mən isə yollardan şeir deyirdim

Oğlu itkin düşmüş ata evində.

 

O gün yadımdadır, ağaclar hələ

Körpə meyvələrin bəsləyirdilər.

Dəcəl uşaqları meyvə dərməyə

Kölgə-kölgə düşüb səsləyirdilər.

Mən isə qocaya şeir deyirdim

Meyvədən xəbərsiz əlağacından.

 

O gün yadımdadır, xatırlayıram:

Daha günüm yoxdur xatırlanası.

Söz verdim Allaha, şeir yazmaram

Qadın qulağına pıçıldanası.

O gün yadındadır?

– Yadımda deyil...

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2024)