XIX Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalı çərçivəsində Ümummilli Lider, görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərgi açılıb.
AzərTAC xəbər verir ki, bundan əlavə, “Mir” kinoteatrında “Heydər Əliyev - əfsanə insan” sənədli filmi (CBC TV-nin istehsalı) “Festivalın xüsusi tədbiri” kimi nümayiş etdirilib.
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Festivalın xüsusi tədbiri”nin açılışında festivalın icraçı direktoru, “Tatarkino”nun rəhbəri Milyauşa Aytuqanova, kinofestivalın münsiflər heyətinin üzvü, azərbaycanlı rejissor və prodüser Fariz Əhmədov, Tatarıstan Azərbaycan Milli Mədəni Muxtariyyətinin regional ictimai təşkilatının sədri Bəhram Mustafayev və digər rəsmi şəxslər iştirak ediblər.
Ulu Öndərin 100 illik yubileyinin təkcə Azərbaycanda deyil, ölkə hüdudlarında kənarda da qeyd edilməsi həyata keçirilir. “Azərbaycanfilm” kinostudiyası Kazan Film Festivalının rəhbərliyinə də Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin təşkili təklifi ilə müraciət edib.
“Tatarkino”nun rəhbəri Milyauşa Aytuqanova təkliflə əlaqədar fikirlərini səsləndirib: “Festival çərçivəsində filmin nümayişinə və fotosərgi təşkil etməyə məmnuniyyətlə razılaşdıq. Rusiya ilə Azərbaycan arasında ənənəvi olaraq isti münasibətlər inkişaf edib. Bunda isə Heydər Əliyev əsas rol oynayıb. Rəmzi xarakter daşıyır ki, Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər sentyabrın 5-dən 9-dək keçiriləcək Kazan Film Festivalının ilk tədbirinə çevrildi. “Mir” kinoteatrında tematik fotosərgi və filmin nümayişini təşkil etməyimiz böyük şərəfdir. Üstəlik, Tatarıstanda 20 minə yaxın Azərbaycan diasporu yaşayır”.
Fotosərgidə tanınmış mədəniyyət xadimləri, eləcə də siyasətçilərlə görüşlərdən arxiv fotoları təqdim olunur.
“Ədəbiyyat və incəsənət”
(06.09.2023)