“…insanlardan səmimiyyət, sevgi, anlayış duyduqda çox xoşbəxt oluram” Featured

Gülnaz Talıbova, “Ədəbiyyat və incəsənət”

 

Bir müsahibəyə getmişdim. Mənə ünvanlanan sualları cavablandırdım, gördüm, əsl müsahibə alınıb. Dedim, oxucularımla bölüşüm. 

 

1. "Söz üçün cibəgirmə" marafonu haqqında nə düşünürsünüz?

 

 "Söz üçün cibəgirmə" - cibimizdə olan sözlərin fərqinə varmaq, ora yeni kəlmələr əlavə etmək və cibimizdən çıxarıb nitqimizə daşımaq üçün maraqlı texnikalarla inkişafa aparan yoldur. Yolumuzda çırağımız sözdür və o, həyatımız boyu bizimlədir, ona ağalıq etməyi öyrənməliyik ki, bizi tərk etməsin. Əks təqdirdə düzənimiz pozular. Bu yolda yol göstərən, bizə yoldaşlıq edən  yolçularımıza öncədən təşəkkür edirik.

 

2. Bu marafona niyə qoşulmusunuz?

 

Sizinlə birgə addımlamaqda məqsədim ilk növbədə gələcəyin cəmiyyətə yararlı şəxsiyyət formalaşdıran müəllimi kimi nitqimlə nümunə olmaq, onlara fikrimin bütün incəliklərini izah edə bilməkdən ibarətdir. Digər tərəfdən isə insanlarla doğru münasibət qurmaq üçün hər bir məsələdə köməyə çatan nitqə sahiblənmək bu marafona qoşulmağımın əsas səbəbidir.

 

3. Özünüzü nə vaxt kəşf etmisiniz?

 

 Seçim qarşısında qaldığım o günlərdə - ixtisas seçimi etdiyim müddətdə belə bir fikirdə qərarlaşdım: Azərbaycan dili və ədəbiyyat müəllimi olacağam. Bu qərar içimi çox rahatlaşdırdı. Universitet illərim doğru cığırda olduğuma daha da məni əmin etdi. Fikrimcə, insan irəliləyəcəyi ünvanı müəyyənləşdirdiyi və xoşhal olduğu o an öz kəşfində uğur qazanmışdır.

 

4. 2024-cü il üçün nələri planlaşdırmısınız?

 

Səbirsizliklə gözlədiyim ilərdən biridir 2024. Çünki tələbəlik pilləsindən müəllimlik pilləsini görə biləcəyim il ola bilər. Bunun üçün isə müəllimlərin işə qəbul imtahanına bir əsgər kimi silahlanmağım lazımdır ki, sualların cavabını hədəfdən düzgün atəş edə bilim. Digər planlar bu aşırımı nə dərəcədə keçəcəyimə bağlıdır.

 

5. Ən çox nəyə sevinmisiniz?

 

Sevindirici məqama gəlincə, insanlardan səmimiyyət, sevgi, anlayış duyduqda çox xoşbəxt oluram. Düşünürəm, ən çox məni sevindirən şeyi, lakin fikir dağarcığından əliboş çıxıram. Bu o demək deyil ki, mən özümü bədbəxt hesab edirəm. Sadəcə olaraq bir şeyə nail olmaq üçün çalışıram və nəticəni qabaqcadan təxmin etdiyimə görə normal qarşılayıram.

 

6. Biri sizdən kömək istəsə, nə cavab verərsiniz?

 

Sərf edəcəyimiz zaman təki özümüzə və başqalarına olan yardım üçün axsın. Bundan gözəl nə ola bilər?!

 

7. Ən güclü tərəfiniz hansıdır?

 

Sezdiyim güclü tərəfim fərqlilik - hər kəs kimi yox, özüm olmağımdır.

 

8. Birinə iltifat etmək istəsəniz, nə deyərsiniz?

 

Sədəf kimi ləfzlərinə heyran olduğum!

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.